NBA çempionu, Basketbol Şöhrət Zalının üzvü Bob Pettit 93 yaşında dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, amerikalı basketbolçu NBA-də 11 mövsüm “Milwaukee Hawks” və “St. Louis Hawks” komandalarının heyətində çıxış edib. Pettit 1958-ci ildə “St. Louis Hawks”la NBA çempionu olub.
O, karyerası ərzində iki dəfə NBA-nin ən dəyərli oyunçusu (MVP) seçilib. Pettit 1956 və 1959-cu illərdə bu mükafata sahib olub və NBA tarixində MVP mükafatını qazanan ilk basketbolçu kimi tarixə düşüb.
Pettit 11 dəfə NBA All-Star oyununda iştirak edib və dörd dəfə matçın MVP-si seçilib. O, NBA tarixində 20 min xal həddinə çatan ilk basketbolçu olub.
Karyerası ərzində 792 müntəzəm mövsüm matçında meydana çıxan Pettit orta hesabla 26,4 xal və 16,2 ribaundla yadda qalıb.
1971-ci ildə Basketbol Şöhrət Zalına daxil edilən əfsanəvi basketbolçu 1996-cı ildə NBA tarixinin ən böyük 50 oyunçusu siyahısında yer alıb.
