Fransada bıçaqla silahlanmış bir kişi Səhiyyə Nazirliyinin binasına daxil olaraq kompüter avadanlığı oğurlamağa cəhd edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RMC radiostansiyası məlumat yayıb.
Hadisə səhər saat 06:00 radələrində Parisin 7-ci rayonunda yerləşən nazirliyin binasında baş verib. Məlumata görə, şübhəli adətən bağlı saxlanılan təcili çıxış qapısından içəri daxil olub, ikinci mərtəbədə yerləşən təxminən 40 ofisdə axtarış aparıb və kompüter avadanlıqları götürməyə çalışıb.
Təhlükəsizlik əməkdaşları ilə qarşılaşan şəxs onları qəssab bıçağı ilə hədələyərək qaçmağa cəhd edib. Lakin küçədə iki çanta atdığını görən polis patrulu onu saxlayıb.
Şübhəlinin çantalarından bir neçə xidməti kompüter, mobil telefon və hakerlik üçün istifadə olunan avadanlıqlar aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır.
