İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatasına Ukraynaya göstərilən bütün hərbi yardımın dayandırılmasını nəzərdə tutan qətnamə təqdim edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İtaliyanın millətçi yönümlü Milli Gələcək Partiyası məlumat yayıb.
Partiyanın açıqlamasında bildirilib ki, uzun illərdir davam edən münaqişə fonunda tətbiq edilən eskalasiya strategiyası gözlənilən nəticəni verməyib.
“Ukraynaya silah və hərbi texnika tədarükünün dayandırılmasını nəzərdə tutan aydın qətnamə təqdim etmişik. İllərlə davam edən münaqişədən sonra hər kəsə məlumdur ki, eskalasiya sülhə gətirib çıxarmayıb. Əksinə, bu yanaşma müharibəni uzadıb, İtaliyanın xərclərini artırıb və diplomatik həll imkanlarını gecikdirib”, – deyə partiyanın bəyanatında qeyd olunub.
Partiya həmçinin dövlət resurslarının ölkədaxili prioritet sahələrə yönəldilməsinin vacibliyini vurğulayıb.
Milli Gələcək Partiyası hesab edir ki, Roma Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik təşəbbüslərdə daha fəal iştirak etməli, sülh danışıqlarının təşviqinə töhfə verməlidir.
