“Hər bir ölkənin, cəmiyyətin inkişafında media mühüm rola malik institutlardan biridir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin sədri Sahibə Qafarova deyib.
Spiker bildirib ki, demokratik dövlətlər bu institutun inkişafına böyük əhəmiyyət verir: “Azərbaycanda da geniş dövlət dəstəyi və qayğısı ilə əhatə olunan mediamız son illərdə böyük inkişaf yolu keçib. Əminliklə deyə bilərik ki, Azərbaycan mediası əsas etibarilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və ölkəmizin inkişafına özünəməxsus töhfələr verir. Biz, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan mediasının göstərdiyi vətənpərvərlik və peşəkarlıq örnəyini təqdir edirik. Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi cəbhədə olduğu kimi, informasiya müharibəsində də parlaq qələbə qazanıb. Prezidentin hər gün xarici media orqanlarına müsahibələri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynayıb. Hesab edirəm ki, mediamız da informasiya müharibəsində böyük qələbəmiz naminə öz töhfəsini verib. Yeni qanunun qəbulu isə mediamızın daha da inkişafına, mediaya dövlət dəstəyinin daha da artmasına imkan verəcək”.///apa
