Vətən müharibəsi şəhidi Hüseynov Zaur Vaqif oğlu 1995-ci il iyunun 24-ü Masallı rayonunun Hişkədərə kəndində dünyaya göz açıb.
Ucnoqta.az xəbər verir ki, ailənin iki oğlan övladından biri olan Zaur 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub. 2014-cü ildə liseyi bitirib və həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul edilib. Burada hərb sənətinin sirlərinə yiyələnən Z.Hüseynov 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb.
Vətən müharibəsi zamanı Füzuli rayonunun Alxanlı kəndi istiqamətində düşmənin 7 postunun alınmasında fəal şəkildə iştirak edən leytenant hələ iyul ayında Tovuz döyüşlərinin də iştirakçısı olub.
Zaur Hüseynov sentyabrın 27-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Masallı rayonunda dəfn olunub.
Əsgərləri üçün təkcə komandir yox, həm də böyük qardaş olan leytenant Zaur Hüseynov hamı üçün mərd, cəsur, ailəsinə bağlı bir insan olub. Həyat yoldaşı Aytən Hüseynova deyir ki, torpaqlarımızın alınmasında Zaurun da əməyi olduğu üçün onunla fəxr edir.
İndi Zaurdan vətənə və ailəsinə əmanət qoyduğu 1 yaşlı qız övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Zaur Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
