“Dövlət sektorlarında “ASAN düşüncə” yaratmalıyıq”

18:01 - 22 May 2020 - Xəbər

Rauf Zeyni: “Biz QHT olaraq heç vaxt proseslərin arxasınca sürünməmişik”

Pandemiyadan sonra dünyada və ölkədə ciddi dəyişikliklərin olacağı ilə bağlı verilən proqnozlar özünü çox da gözlətmədi. Karantin, zahirən ölkənin ictimai-siyasi, iqtisadi mühitində “süstlük mənzərəsini” yaratsa da, məmurlar arasında baş verən neqativlərin aradan qaldırılması, dövlət idarəçilik sistemində təhlükəsizliyin qorunması istiqamətində islahatların səngimədiyini meydana çıxartdı. Daha çox yuxarı idarəetmə strukturlarında baş verən kadr islahatı, eləcə də korrupsioner, rüşvətxor məmurların özbaşınalıqlarının aşkarlanaraq məsuliyyətə cəlb olunmalar, eləcə də bir çox məmurların təyin olunduğu vəzifəyə özünün əmlakı kimi yanaşaraq cəmiyyətin sosial problemlərinə laqeyd yanaşmaları yenilənmədə maraqlı nüansları ortaya çıxartdı. Hazırda cəmiyyət ölkədə çox ciddi islahatlara şahidlik edir və bir çox hallarda könüllü olaraq bu prosesdə iştirakçıya çevrilir. Cəmiyyətin bu prosesi necə qarşılaması və vətəndaş olaraq neqativlərin aradan qaldırılmasında iştirakçılıq səviyyəsi müxtəlif aspektlərdə müzakirə olunur.

“Bu, həm cəmiyyətin, həm dövlətçiliyimizin  marağındadır”

Bu və ya digər məqamlarla bağlı “Üç Nöqtə”yə, müsahibə verən Milli QHT Forumunun prezidenti Rauf Zeyni, vətəndaş cəmiyyətinin iştirakı və səyləri nəticəsində cəmiyyətdə formalaşan “nizamlanma xəritəsini” önə çəkməklə bir çox nüanslara toxunub.

 Rauf Zeyni bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə  bütün sahələr üzrə həyata keçirilən islahatlar maraqla izlənir. “QHT-lər, vətəndaş cəmiyyətləri aparılan bu islahatlara daim dəstək verib və mövcud problemlərin aradan qaldırılması ilə bağlı səylərini davam etdirir.  Əlbəttə ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, milli maraqlarının təmin olunması, milli və bəşəri dəyərlərin daha da dərinləşdirilməsi, dövlət və vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin müasirləşdirilməsi, QHT-lərin fəaliyyətlərinin stimullaşdırılması, bütövlükdə cəmiyyətin inkişafını təmin edən amillərdir. Müvafiq dövrdə vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində aparılan dövlət siyasəti bu gün də davam etdirilir. Bunlarla bərabər bu islahatlarda vətəndaş cəmiyyətləri də öz töhfələrini verir, maarifçilik işlərini görür, ictimai nəzarət funksiyalarını həyata keçirir, monitorinqlər aparır, QHT- media münasibətlərini inkişaf etdirir, dövlət komissiyalarında vətəndaş cəmiyyətlərini təmsil edirlər.  Bütün bunlar  ölkəmizin inkişafını təmin etmək üçün dövlət, hökumət , qeyri-hökumət və vətəndaş cəmiyyətinin əməkdaşlığını zəruri edir. Biz bu islahatlar prosesində QHT olaraq daha geniş iştirak eləməliyik. Bu həm cəmiyyətin, həm dövlətçiliyimizin  marağındadır və inkişafımızı təmin edən faktordur”.

Onun sözlərinə görə, aparılan islahatlar hələ ölkə Prezidenti tərəfindən 2018-ci ilin prezident seçkilərindən sonra böyük bir proqramla həyata keçirilməyə başlanıb və bilirik ki, bunun pandemiya ilə heç bir əlaqəsi yox idi. “Əlbəttə, pandemiya bütün sahələrə-iqtisadiyyata, sosial vəziyyətə, ictimai proseslərə bütün dünyada öz təsirini göstərir, o cümlədən bizim ölkədə də. Amma bütövlükdə, dövlət, ölkə prezidenti səviyyəsində aparılan islahatlarla pandemiyanı sıx əlaqələndirmək doğru olmaz. Pandemiya və aparılan islahatların əlaqəsi ondan ibarətdir ki, pandemiyada cəmiyyət bir az da həssaslaşdı. Bu dövrdə bəzi məmurların həbsləri onunla bağlı idi ki, əhalinin ehtiyaclarını ödəmək məqsədi ilə dövlətin verdiyi dəstəyi həmin məmurlar mənimsəmişdilər. Bu da onların həbsini şərtləndirdi. Pandemiyanın bizi imtahana çəkdiyi belə bir məqamda vətəndaşın əmlakına, malına, maaşına göz dikən məmur dövlətin məmuru ola bilməz. Amma hətta pandemiya olmasaydı belə, biz öz dövlətçiliyimizi, təhlükəsizliyimizi, gələcəyimizi təmin etmək  məqsədi ilə islahatlar aparırıq. Bu islahatlarda iki əsas komanda var: Prezident və onun islahatlarını dəstəkləyənlər və bu islahatlara mane olan, bəzi hallarda sabotajçı qüvvələr . Onlar bu islahatların həyata keçirilməsini qəbul eləmirlər. Bu baxımdan ölkə ictimaiyyəti, vətəndaşları, ziyalıları, dövlət qurumunda çalışan məmurlar öz seçimini etməlidirlər. Hansısa formada ölkə prezidentinin etimadını qazanıb vəzifəyə təyin olunan hər hansı məmur anlamalıdır ki, o ölkə Prezidentinin, xalqının  etimadını doğruldub vətəndaşa xidmət etməlidir. Əgər bu gün o vətəndaşına, dövlətinə, məmurluq şərəfinə, eyni zamanda insanlığına, Prezidentə xəyanət yolu tutursa, onun bu komandada yeri yoxdur. Ölkəmiz belə məmurlardan azad olunmalıdır.  Şəffaflıq artırılmalı, ictimai nəzarət gücləndirilməli, monitorinqlər aparılmalıdır ki, bu cür neqativ hallara yol verilməsin. Bizim bu istiqamətdə ASAN xidmət kimi gözəl nümunəmiz var. 30 ildir ki, fəaliyyət göstərir və beynəlxalq təşkilatlar onu yüksək qiymətləndirirlər. Həmin bu xalq ASAN xidməti niyə yarada bildi? Orda çalışanlar bizim vətəndaşlar deyilmi? Biz bunu bacardıqsa, deməli o biri xidmətləri də ASAN Xidmət səviyyəsinə qaldıra bilərik.  Biz sadəcə cəmiyyət olaraq buna çalışmalıyıq”.

“Biz QHT olaraq heç vaxt proseslərin arxasınca sürünməmişik”

Bir çox hallarda ətrafımızda baş verən neqativlərə cəmiyyət olaraq vaxtında, lazımi qaydada reaksiya verə bilmirik. Prezident özü problemə birbaşa müdaxilə edəndən sonra məsələ ilə bağlı cəmiyyətdən aktiv reaksiyalar verilir. Cəmiyyət problemlərə, neqativlərə niyə sərbəst, vaxtında reaksiya verə bilmir? Sualı ilə bağlı Rauf Zeyni bildirdi ki, biz QHT Forumu olaraq cəmiyyətdəki neqativlərə həmişə vaxtında reaksiya vermişik.  Xatırlatmaq üçün qeyd edim ki, hələ 2004-cü ildə NATO təlimləri çərçivəsində erməni zabitləri Azərbaycana gəlmək istəyirdilər. Biz etirazımızı bildirdik və Milli QHT Forumu olaraq üzvlərimizlə birlikdə etiraz bəyanatları verdik. Cənab Prezident bir müəssisənin açılışında iştirak edən zaman jurnalistlər bu barədə ona sual verəndə dedi ki, bir  vətəndaş olaraq mən də erməni zabitlərinin Azərbaycana gəlməyinə etiraz edirəm. Yəni biz QHT olaraq heç vaxt proseslərin arxasınca sürünməmişik.  İstər Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,  istər istənilən terror, hərbi məsələ, ictimai problem olsun, öncədən vətəndaşın, istehlakçının hüquqları ilə bağlı dərhal reaksiya verib, ictimaiyyəti məlumatlandırmışıq. İstənilən fakt bilinəndən sonra ölkə Prezidenti, aidiyyəti qurumlar da buna sərt münasibətini bildirib. Bu gün bütün məsələlərdən ən önəmlisi ərazi bütövlüyümüz, torpaqların işğaldan azad olunması, milli maraqlarımızın qorunması, milli təhlükəsizliyimizin təmin olunmasıdır.  Biz çox strateji geosiyasi regionda yerləşən, eyni  zamanda torpaqlarının 20 faizi işğal olunan ölkəyik. Bütün məsələlər - dövlət, vətəndaş cəmiyyəti, QHT, medianın fəaliyyəti məhz bu məqsədə yönəlməli, uyğunlaşdırılmalıdır və buna uyğun addımlar atılmalıdır. Bir çox hallarda biz məsələləri daxildə həll edib neqativ halları aradan qaldırmalıyıq ki, düşmən “dəyirmanına su tökməyək”.

Rauf Zeyni bildirdi ki, bu gün Azərbaycan dövlətinin inkişaf tempi ilə onun bir çox kadrlarının səviyyəsi uyğun deyil. Azərbaycan dövləti Prezidentin simasında özünü beynəlxalq səviyyədə yüksək şəkildə təqdim edir. 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına sədrliyi qəbul edən Azərbaycan, Prezidentin simasında ən yüksək idarəetmə mədəniyyətini nümayiş etdirdi.  O zaman Prezidentdən aşağıda olan məmurların problemi nədir? Hansı məmur yerində deyilsə, onu əvəzləmək lazımdır. Çünki bizdə çox savadlı, işgüzar, təcrübəli, vicdanlı milli kadrlarımız yetişib, bu potensial var. Düşünürəm ki, zamanı gəldikcə cənab Prezident onların hamısını nəzərə alacaq. Biz bir çox məsələlərdə hətta radikal dəyişikliklərə getməliyik. Məsələn, dediyiniz kimi Xarici siyasətlə bağlı, Mədəniyyət Nazirliyi ilə bağlı ciddi addımlar atılmalıdır. Mədəniyyət Nazirliyi mədəniyyətimizi qorumalı olduğu halda, bəzi məmurlar onu alver mənbəyinə çeviriblər.  Ona görə də bu problemlərin həll olunması üçün sərt kadr siyasəti həyata keçirilməlidir. Dövlət, özəl, media sektorunda kifayət qədər savadlı qabiliyyətli kadrlar var ki, onlar bu və ya digər dövlət qurumlarında işə cəlb oluna bilərlər. 20-30 il təmənnasız vətəndaş cəmiyyətinin inkişafına, dövlətin inkişafına xidmət edən insanlar inanmıram ki, öz əqidələrini hansısa məmur postunda dəyişə bilər. 

Tahirə

Xəbər xətti