Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir

18:21 - 23 Dekabr 2019 - KİVDF

"Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Heydər Əliyev

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Onlar yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf strategiyasının təməl sütunları deməkdir.
Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu səbəbdən də ölkəmizdə gənclərin hərtərəfli, mənəvi inkişafı üçün bütün şərait yaradılıb. Gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı yaradılan şərait, həyata keçirilən tədbirlər isə onların cəmiyyətdə özlərinə mühüm yer tutmalarına imkan verib. Belə tədbirlərdən biri 1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumudur. Ulu Öndərin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu. Bunlar gənclərin milli ruhda tərbiyyə olunmasında mühüm rol oynadı. Heydər Əliyev nitqlərinin birində gənclər barədə deyib׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Bu gün gənclərin mənəvi inkişafı istiqamətində həyata keçirilən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkatı genişlənib, 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində isə daha böyük vüsət alıbv. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilib, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin mənəvi inkişafını stimullaşdırıb. Məsələn, "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" Prezident fərmanları da bu istiqamətdə görülən mühüm tədbirlərdən biridir.

Prezident İlham Əliyev Gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli Sərəncamında dəyişiklik edib. Bu dəyişikliyə əsasən Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 (dörd yüz) manat müəyyən edilib.

Bundan başqa, “Dövlət gənclər siyasəti haqqında” qanun, "Gənc ailə", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı" və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması, mənəvi inkişafı istiqamətində mühüm fundamental baza olub. Bakıda və regionlarda istifadəyə verilən “Gənclər ev”ləri gənclərin maraq dairəsini genişləndirmiş, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaradıb.

Təhsil sahəsində aparılan islahatlar da gənclərin mənəvi inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biridir. Məsələn, Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir.

Qeyd edək ki. ölkənin ali təhsil sisteminin Boloniya prosesinə qoşulması ilə bağlı 2009-cu ildən başlayaraq ali təhsilin bakalavriat, 2011-ci ildən isə magistratura pilləsində kredit sisteminin tətbiqinə başlanıb. 2010/2011-ci tədris ilindən başlayaraq ali məktəblərdə kadr hazırlığı adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilib, yeni universitet və akademiyalar yaradılıb, ixtisas proqramları Avropa standartlarına uyğunlaşdırılır. Tanınmış xarici universitetlərin Azərbaycanda filiallarının təşkil olunması prosesi gedir və bu istiqamətdə addımlar atılıb. Ali məktəblərdə Təhsil Nazirliyinin təşəbbüsü olan SABAH qrupları layihəsi həyata keçirilir.

Hazırda proqramın məzunları istər dövlət, istərsə də özəl sektorda çalışaraq ölkənin iqtisadi inkişafına öz töhfələrini verirlər. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqram da gənclərin mənəvi inkişafında mühüm rol oynayır. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Göründüyü kimi, dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir
Bu gün dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin mənəvi inkişaf etmiş avanqard qüvvəsinə çevrilib. Bu gün Azərbaycan gəncliyi mənəvi cəhətdən inkişaf edib, ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Xəbər xətti