Uzun müddətdir ki, Milli Məclisin plenar və komitə iclaslarında, parlamentdə keçirilən digər tədbirlərdə iştirak edən jurnalistlər məhrumiyyətlərlə qarşılaşırlar.
Ucnoqta.az xəbər verir ki, Real TV-nin əməkdaşı, tanınmış jurnalist Mahir Məmmədli sosial şəbəkə hesabında parlamentdə jurnalistlərin qarşılaşdığı məhrumiyyətlərlə bağlı yazıb.
O, Milli Məclisin plenar və komitə iclaslarında, eləcə də digər tədbirlərdə jurnalistlərin telefonlarının alınmasını qınayıb:
“Əslində bu məhrumiyyətin mahiyyəti çox gülüncdür. Məsələ bundan ibarətdir ki, parlament binasına daxil olan media nümayəndələrinin telefonları əlindən alınır. Milli Məclisə gələn jurnalistlər oradakı tədbirləri işıqlandırmaq üçün gəlir. Onların telefonlarını əlindən almaq, fəaliyyətinə mane olmaq deməkdir”, – deyə Mahir Məmmədli qeyd edib.
Jurnalist həmçinin, bu qərarın Milli Məclisin rəhbərliyinə yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyinə aid olduğunu açıqlayıb. Mahir Məmmədli bildirib ki, telefonların alınması təhlükəsizliklə əlaqəli deyil, çünki jurnalistlər istisna olmaqla, digər bütün şəxslər parlament binasına telefonla daxil ola bilir. “Bu qadağa yalnız jurnalistlərə aiddir. Qısa desəm, Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib. Onlar qapıdan keçdiyi anda ətrafla bütün əlaqələri kəsilir, gələn zəngləri, mesajları görmür”, – jurnalist vurğulayıb.
Mahir Məmmədli, bununla yanaşı, xəstəsi olan jurnalistlərin parlamentdəki tədbir boyunca mühafizə postunun yanında növbə çəkərək, gələn xəbərləri qaçırmamağa çalışdığını bildirib. “Təssüf ki, uzun illərdir davam edən bu problemin həlli üçün nə Medianın İnkişafı Agentliyi, nə də Mətbuat Şurası cəhd edir. Baxmayaraq ki, hüquqları pozulan media nümayəndələrinin problemi ilə məhz onlar məşğul olmalıdırlar”, – deyə jurnalist qeyd edib.
Mahir Məmmədli bu cür məhdudiyyətlərin jurnalistlərin peşə fəaliyyətinə maneə yaratdığını bildirib.