“Uşaq vaxtlarımda şüşə butulka yığıb satmışam”

19:19 - 14 Noyabr 2019 - Müsahibə

Kamil Zeynallı: ““Düzgünlük və dürüstlük” mənim şüarımdır”

“Ətrafım yalanın içərisindədir. Doğru adamların sayı çox azdır. Onları isə indiki dövrdə tapmaq çox çətindir. Ətrafımda 10 nəfər dürüst insan varsa, 100 nəfər yalançı insan var. Bilirəm ki, filankəsin danışdığı yalandır, amma nə edim? Əlimdən nə gəlir? Hər kəsdən uzaqlaşım, gedim 2-3 nəfər düzgün insanla baş-başa qalım?” Ucnoqta.az-ın qonağı tanınmış məşqçi Kamil Zeynallıdır.

- Kamil bəy uşaqlığınızdan başlayaq. Necə bir uşaq olmusunuz?
- Çox nadinc, dəcəl bir uşaq olmuşam. Ailənin tək övladıyam. Anamın tərbiyəsi və çörəyi ilə böyümüşəm. Az yaşımdan həyatın çətinliklərinə alışmışam, işləmişəm. Kasıb ailə olmuşuq. Uşaq vaxtlarımda şüşə butulka yığıb satmışam. 4 təkərli arabam vardı. Onunla küçələri gəzirdim. İndiki pulla 20 qəpiyə butulkaları alıb həmin arabada daşıyaraq gətirib 35-40 qəpiyə satırdım. Bir az böyüdükdən sonra bazarda işləməyə başladım. Arabalarla meyvə-tərəvəzi qəbul edib mal sahiblərinin yanına aparırdım. Amma idmanla da məşğul olurdum.

- Heç düşünürdünüz ki, nə zamansa bu çətinlik bitəcək?
- Təbii ki, düşünürdüm, amma inanmırdım. Deyirdim, mən də böyüyəcəm, anama baxacam. Anamla kiçik bir daxmada yaşayırdıq və ətrafımızda qəşəng evlər vardı. Gecələr ana-bala küçədə gəzəndə o evlərə baxıb danışırdıq ki, görəsən, bizim də belə evimiz olacaq? Anam söyləyirdi, Allahın izni ilə bizdə də olar. Allaha qurban olum, bu gün isti ocağımız var. Həmişə qeyd edirəm ki, ürəyin Allahla olandan sonra hər şeyi əldə etmək olur.

- İdmançı olmaq qərarına nə zaman gəldiniz?
- İdmanı uşaqlıqdan sevmişəm. Müxtəlif idman növləri ilə məşğul olmuşam. Karateylə, kikboksinqlə və futbolla məşğul olmuşam. Futbolu uzun müddət fəaliyyət sahəmə çevirmişəm. Ta ki, 17 yaşımda zədə alana qədər. Zədələnəndə pis olmuşdum. O zaman için-için ağlayırdım ki, futboldan ayrı düşdüm. Amma indi deyirəm, Allah belə məsləhət bilibmiş ki, mən futbolla deyil, fitneslə məşğul olum. Hər işdə bir xeyir var. Allah futbol qapısını üzümə bağladısa, o biri tərəfdən fitnes qapısını üzümə açdı.

- Belə bir sual verim. Özünü məşqçi adlandıranlar çoxdur?
- Çox olmağına çoxdur. Məşqçi ola bilərsən, amma onun dərinliklərini də bilməlisən. Bu gün kim bədən çıxarırsa, deyir, fərdi məşqlər keçirəm. Mən bunun əleyhinə deyiləm. Qoy, məşqçi olsunlar, pul qazansınlar. Lakin bunu 2 ay, 5 ay və ya 1 il içində etməsinlər. Bədən çıxaran kimi insan məşqçi ola bilməz. Sadə bir nümunə üzərində bunu izah edim. Bu 11-ci sinfi bitirən şagirdi xatırladır. Sanki, o şagird deyir ki, mən müəlliməm. Bu düzgün hal deyil. Sən idmanı hərtərəfli öyrəndikdən sonra məşqçiyəm deyə bilərsən.

- Kimləri məşqçi kimi görmürsünüz? Konkret ad çəkə bilərsiniz?
- Heç bu gün bilmək olurmu ki, kim kimdir? Bilinmir ki, məqşçidir ya yox. Düzdür, bu gün yaxşı məşqçilərimiz var. Amma onlar qədər də məşqçi adına layiq olmayanlar var. Nə qədər lazımlı məşqçilərimiz varsa, bir o qədər də lazımsızları bu sahədə yer alıb. Bir şeyi bilirəm ki, onlar idmanın adına ləkədirlər. Ada qalanda isə o qədərdilər ki, hansının adını çəkim?

- Bu gün kimləri siz məşqçi hesab edirsiniz?
- Yaxşı məşqçilərimiz çoxdur. Onların sayı çox olduğundan bir-bir adlarını qeyd edə bilmirəm. Birini çəkəcəm, o biri inciyəcək. Sonra mən izah edə bilməyəcəm ki, ola bilər unutmuşam ya nəsə. Ona görə də ad çəkmək istəmirəm. Bir şey deyirəm ki, Allah yaxşılarının canını sağ eləsin.

- Kamil bəy, mediada adı qalmaqallarda hallanan məşhurlardan birisiniz. Bu qalmaqallar istəməyərəkdən baş verir ya necə?
- Tam səmimi deyirəm, heç vaxt qalmaqallarla tanınmaq istəməmişəm. Arada vaxtım olanda sosial şəbəkələrdə yazılan rəyləri oxuyuram. Yazırlar ki, gündəmdə qalmaq üçün yenə də qalmaqal yaradıb.  Belə deyil. İnsan nə qədər səviyyəsiz ola bilər ki, qalmaqalla gündəmə gəlmək istəyər? Mən qalmaqal yaratmıram, sözün düzünü deyirəm. Sözün düzü də bəzilərinə təsir edir. Düz söz də istər-istəməz qalmaqal yaradır.

- Kamil bəy, həyatda nədən qorxursunuz?
- Həyatdır ömür sürürük, yaşayırıq. Kimisi həyatını ləyaqətlə yaşamağa çalışır, kimisi də əksinə. Çalışıram, həyatımı ləyaqətlə və şərəflə yaşayım. Ona görə ki, o biri dünyaya əməllərimlə birlikdə gedəcəm. Həyatda heç nədən qorxmuram. Bir tək Allahın nəzərindən kənar qalmaqdan başqa ! Allah məni öz diqqintən heç bir zaman kənar etməsin.

- Ölümdən necə? Onunla da üz-üzə gəlməkdən qorxmursunuz?
- Əlbəttə ki, xeyr. Ölüm haqdır. Bu vaxta qədər ölənlərdən artıq birisi deyiləm ki?! Bu dünyadan elə oğullar, elə qadınlar köç edib ki. Belə bir deyim var, gec-tez hər kəsin bacasından bu tüstü çıxacaq, yaxud ölüm gəlib bir gün qapını döyəcək. Ona görə də ölümdən niyə qorxum? Bir halda ki, mən ömrü şərəflə yaşayıram və Allaha sığınaraq yaşayıram, niyə qorxum? Zərrə qədər də yoxdur.

- Kamil bəy gəncsiniz. Allah sizə ömür versin. Mövzunu dəyişib başqa suala keçim. Həyat deviziniz nədir və nəyə görə?
- “Düzgünlük və dürüstlük” mənim şüarımdır. Mən bu iki sözün yaxşı mənada xəstəsiyəm. Demirəm ki, mən tamamilə düzgün birisiyəm. Amma dürüst olmağa meyil edən birisiyəm. Yalanı sevmirəm. Heç bir vaxt da yalan danışmaram. Fikrimcə, kişi nədir yalan nədir? Atalar yaxşı deyib: “Kişinin üzünə baxma, sözünə bax !” Bu kəlamda o sözdən söhbət gedir ki, yalan olmasın. Sən düzgünlüyü və dürüstlüyü əsas həyat silahına çevirəndən sonra halal adam da olacaqsan, insanlığın da olacaq və cəmiyyətdə də hörmət edəcəklər.

- Dediniz ki, yalandan uzaq birisiniz. Bəs ətrafınızda yalançı insanlar olanda nə edirsiniz? Ümumiyyətlə, aldığınız yalanlar çox olub?
- Ətrafım yalanın içərindədir. Doğru adamların sayı çox azdır. Onları isə indiki dövrdə tapmaq çox çətindir. Ətrafımda 10 nəfər dürüst insan varsa, 100 nəfər yalançı insan var. Bilirəm ki, filankəsin danışdığı yalandır, amma nə edim? Əlimdən nə gəlir? Hər kəsdən uzaqlaşım, gedim 2-3 nəfər düzgün insanla baş-başa qalım? Olmur axı ! O yalançıları da yola verirəm.

- İnsanın uğurlu olub-olmaması nədən asılıdır?
- Onun özündən və iradəsindən. İnsan iradəsində güclü olmalı və məqsədinə doğru inamla addımlamalıdır. Bu inam olduqdan sonra uğur da sənin olacaq, nailiyyət də. Yetər ki, məqsədindən dönməyəsən, hər vəchlə ona doğru gedəsən.

- İnanmıram ki, çətinlikləriniz olmasın. Bu çətinliklərə necə tab gətirmisiniz?
- Mən çətinliyi sevirəm. Ömür boyu da çətinliklə qarşılaşmışam. Kənardan görünə bilər ki, yaxşı həyatım var deyə, çətinliyim yoxdur. Yəni gəzirəm, dolaşıram, işim var, maşınım var və mən çətinliklərdən uzağam. Belə deyil. Hər kəsin çətinliyi olur. Çətinlik olmasa həyatın dadı olmaz. Düşünün ki, maşını mən əziyyətsiz alsaydım, qədrini bilməzdim, həmçinin, digər şeyləri. İnsanın çətinliyi olmasa, yaxşı günün qədrini bilməz.

- Hər güclü kişinin arxasında bir qadın dayanır. Razısınız bu fikirlə?
- Gəlin mən də sizə sual verim: “Bəs qadınsız güclü kişinin arxasında kim dayanır?” Minlərlə kişi var ki, tək başına formalaşıb. O zaman onun arxasında kim dayanıb? Qadın ki, dayanmayıb. Kişinin öz ağlı, öz iradəsi onu o səviyyəyə qaldırıb. Bu fikirlə razı deyiləm. Uşaqlar evindən çıxan oğlanlar var ki, biznesmen olublar, müəyyən vəzifəyə sahib olublar, bəs onların arxasında kim dayanıb? Heç kim? O zaman hanı qadın?

- Deyirlər, qız uşaqları şıltaq olurlar. Qız atası olmaq çətin deyil ki?
- Qızlar şıltaq olmur. Sadəcə hər uşağın öz təbiəti var. Mənim qızım da mənə oxşayıb. Mən uşaqlıqda necə olmuşam elə birisidir. Bir də qızım neyləsin, gözünü açıb ancaq idman görüb. Muğam hər gün yoxdur deyə, bəlkə də anasına oxşamayıb. İdman hər gün var, axı (gülür).

- İndiyə qədər peşiman olmusunuz nəyəsə görə ?
- Peşmançılığı yaşadığım anlar olub. Etdiyim hərəkətlərə görə deyil, bəzi insanları ətrafıma buraxmağıma görə. Mən sadə bir insanam. İnsanlara da səmimi olmağa çalışıram. Amma onlar bu səmimilikdən istifadə edib arxamca iş çevirəndə artıq Kamil Zeynallı onları uzaqlaşdırır və peşmançılıq hissi keçirir ki, niyə onları yaxınına buraxıb?

- Kamil bəy, söhbət zamanı dediyiniz cümləni sitat gətirib müsahibəmizi bitirmək istəyirəm. “İnsan iradəsində güclü olmalı və məqsədinə doğru inamla addımlamalıdır”. Bu fikirdən çıxış edərək sizə arzu edirəm ki, hər zaman iradənizdə güclü olasınız, həyatın çətin məqamlarında belə, zəifləməyəsiniz. Etiraf edirəm, müsahibəmə qədər Kamil Zeynallını tamamilə başqa bir insan kimi tanımışam, özündən razı biri kimi. Amma indi düşüncələrim tamamilə əksinədir. Dəvətimi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm.
- Mən də sizə və kollektivinizə təşəkkür edirəm.

Rövşən Tahir

Xəbər xətti