Uşaqların fiziki inkişafında oyunların rolu

18:28 - 28 Oktyabr 2019 - KİVDF

Vasif Ramazanov: “Hərbi-idman oyunları uşaqların hərbi-vətənpərvərlik tərbiyəsi və fiziki inkişafı üçün gözəl bir vasitədir”
Kamran Əsədov: “Məktəblər arasında hərbi-idman oyunlarının keçirilməsinin də yeniyetmələrdə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyət kəsb edir”

Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma Vətənimizin dəyərli vətəndaşları olacaq, öz professionallığını nümayiş edə biləcək və ölkənin inkişafında öz sözlərini deyəcəklər"
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


Ölkə başçısı İlham Əliyev tərəfindən qəbul edilən hər bir dövlət proqramı uşaqların və gənclərin hüquq və maraqlarının müdafiəsinə, vahid dövlət uşaq siyasətinin tənzimlənib həyata keçirilməsinə, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafının təmin olunmasına xidmət edir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sahəsində aparılan işlərdə  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini də xüsusi olaraq qeyd etmək lazımdır. Birinci vitse-prezidentin rəhbərliyi altında Heydər Əliyev Fondu uşaq və gənclərin təhsili, sağlamlığı ilə bağlı bir sıra layihələrə imza atıb. Bunun nəticəsidir ki, hazırda hər bir uşaq öz üzərində dövlət qayğısını aydın hiss edir. Bu qayğı özünü orta təhsil müəssisələrində də aydın hiss etdirir. Uşaq və yeniyetmələrin vətənpərvər ruhda, dövlətimizə, xalqımıza məhəbbətlə böyümələri üçün önəmli işlər həyata keçirilir. Orta məktəb şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman Oyunları respublikamızda məşhurdur. Müasir dövrdə ölkəmizdə gənc nəslin vətəndaş kimi formalaşması, mənəvi və fiziki cəhətdən hərtərəfli inkişaf etdirilməsi və şəxsiyyət kimi kamilləşməsi, cəmiyyətin qarşısında duran əsas vəzifələrdəndir.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Vasif Ramazanov uşaqların fiziki inkişafında oyunların rolundan bəhs edərək qeyd edir ki, oyunlar uşaqların həyatına dərin nüfuz edir və haqlı olaraq həmin yaş dövrlərini çox vaxt “oyun dövrü” də adlandırırlar: “Görkəmli pedaqoq Makarenko deyirdi: - “Həyətlərə gedin, orada uşaqlarla məşğul olun. Yadda saxlayın ki, tərbiyə prosesi torpağın hər kvadrat metrində gedir. Uşaqlar öz asudə vaxtlarını ailələrdə və həyətlərdə keçirir. Yaşlı adamın həyatında iş, fəaliyyət, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib və əhəmiyyətlidir”. Həqiqətən biz hər gün həyətlərdə oynayan minlərlə uşaqlarla rastlaşırıq. Oyunlar, müxtəlif hərəkətlər və ən əsası açıq hava, onların fiziki cəhətdən inkişaf etməsinə güclü təkan verir. Bu oyunlarda onlar özlərinə dost qazanır, yaxşını pisdən ayırmağı öyrənir, gələcək həyatlarının xəyallarını qururlar”.

Müsahibim deyir ki, “Şahin” hərbi-idman oyunları ölkəmizdə 1996-cı ildən başlayaraq X-XI sinif şagirdəri arasında keçirilən çoxməqsədli və maraqlı yarışlardan biridir: “Bu oyunlar böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədi ilə təşkil olunur. Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə qərarına əsasən təşkil edilən bu hərbi-idman yarışı ildən-ilə təkmilləşdirilir. Bu da öz növbəsində oyunların kütləvi xarakter almasına, yeniyetmə və gənclərin  həvəslə iştirakına səbəb olmuşdur.

“Şahin” hərbi-idman oyunu özünəməxsus xüsusiyyətlərə malik olub, hər bir gəncin Vətənə xidmətdə öz rolunu və yerini dərindən dərk etməsi, hərbi xidmətin tələblərini yerinə yetirməsi üçün yüksək şəxsi məsuliyyətin, hərbi vəzifəni yerinə yetirmək üçün lazımi keyfiyyət və bacarıqların formalaşdırılması zəruriliyi ilə xarakterizə olunur.

“Şahin” hərbi-idman oyunu, gənclərin həyat fəaliyyətinin bir növüdür. Bu yarış müddətində uşaqlar topladıqları həyat təcrübəsini tətbiq edir və zənginləşdirir, onların ətraf aləm haqqında təsəvvürləri dərinləşir, gələcək həyatda lazım olan bilik və bacarıqlar əldə edilir, təşkilatçılıq və liderlik keyfiyyətləri tərbiyə olunur. Oyunlara olan maraq, uşaqların yaş xüsusiyyətləri, sərbəstliyə can atma, ətraf aləmin dərk edilməsi və böyüklər həyatında iştirak etmə istəkləri ilə izah olunur. Ümumiyyətlə isə, hərbi-idman oyunları uşaqların hərbi-vətənpərvərlik tərbiyəsi üçün gözəl bir vasitədir”.

V.Ramazanovun sözlərinə görə, oyunlar mütəhərrik və idman oyunları olmaqla ikiyə ayrılır: “Mütəhərrik oyunlar hər bir xalqın tarixi keçmişini əks etdirməklə yanaşı, onun gələcəyinin qurucusudur desək yanılmarıq. Oyunlar bir mənalı deyil, çoxşaxəli səciyyə daşıyır, ictimai-siyasi, sosial, mənəvi məqsəd güdməklə, eyni zamanda bütöv bir xalqın, millətın, dövlətin və onları özündə cəmləşdirən sivil mədəni hərəki vasitələrdən hesab edilir. Mütəhərrik oyunlar uşaqların fiziki inkişafına müsbət təsir göstərir, onların sağlamlığını möhkəmləndirir. Mütəhərrik oyunlarla məşğul olmaq orqanizmin düzgün inkişafına kömək edir, qamətin formalaşmasına zəmin yaradır. Bundan əlavə, mütəhərrik oyunlar sümük-bağ aparatını möhkəmləndirir, əzələləri çevikləşdirir, oynaqların mütəhərrikliyini artırır, ciyərlərin həyat tutumunu artırır, ürəyin fəaliyyətini yüksəldir. Bu oyunlar qan dövranını fəallaşdırır, sinir sistemini tənzim edir, maddələr mübadiləsini yaxşılaşdırır, normal yuxunu təmin edir, asudə vaxtın səmərəli keçməsinə səbəb olur. Ümumiyyətlə isə oyunlar uşaqların həyat yoludur və onlarda dərketmə, qavrama, yadda saxlama, nəticə çıxarma, qərar qəbuletmə, təhlil etmə kimi mühüm keyfiyyətləri tərbiyə edir. Oyunlar uşaqlara, həm də iradəlilik, mətnlik, cəsarət, vətənpərvərlik, kollektivçilik və s. keyfiyyətləri aşılayır”.

Müsahibim deyir ki, oyunların əksəriyyəti komandalı olduğu üçün uşaqlarda bir sıra müsbət keyfiyyətlərin inkişafına səbəb olur: “Uşaqlar oyun zamanı bir-birini müdafiə edir, biri  birinin səhvini düzəldir, kömək və hörmət edirlər. Oyunlar adətən gərgin mübarizə şəraitində gedir. Uşaqlar qovur, qaçır, tullanır, hoppanır, sürünür, axtarır. Bu zaman onlarda diqqət, qavrama, eşitmə, görmə, cəldlik, çeviklik, dözümlülük, qətiyyət, mətanət kimi keyfiyyətlər inkişaf edir və təkmilləşir. Bu da uşaqlarda müsbət xarakterin formalaşmasına səbəb olur. Həmin iradi keyfiyyətlər uşaqlara hər zaman, gələcək yarışlarda və təhsildə, əməkdə və hərbi xidmətdə lazım olur”.

Təhsil Eksperti Kamran Əsədov deyir ki, məktəblər arasında hərbi-idman oyunlarının keçirilməsinin də yeniyetmələrdə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyət kəsb edir: ““Cəsurlar”, “Şahinlər” kimi oyunların keçirilməsində də məqsəd şagirdlərdə cəsarətliliyi, cəldliyi, mübarizliyi, qələbə çalmaq uğrunda iradə möhkəmliyinin təmin olunmasını öyrətməkdir. Qeyd edək ki, bu cür oyunlar Azərbaycan məktəblərində mütəmadi olaraq təşkil olunur. Bu işdə Təhsil və Gənclər İdman Nazirliklərinin, eyni zamanda bir sıra qeyri hökumət təşkilatlarının iştirakı var. Sözügedən yarışların son zamanlarda kütləviliyinin artırılması diqqətə layiqdir. Keçirilən oyunlarda oğlanlarla yanaşı qızlarında iştirakı təmin edilir ki, bu da işin sevindirici tərəfidir. Hərbi hazırlıq dərslərinin təqaüdə çıxmış zabitlər tərəfindən keçirilməsi bu işdə əhəmiyyətli rol oynaya bilər. Belə mütəxəssislər şagirdlərə hərbi-vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilirlər. Şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyətin də mühüm rol oynayır”.

Son olaraq, belə bir fikir yürütmək olar ki, hərbi-idman oyunları, böyüklərin hərəkətlərini və onlar arasındakı münasibətləri əks etdirməkdən ibarət olan və gənc nəslin fiziki, əqli və mənəvi tərbiyəsi vasitələrindən biri kimi obyektiv və sosial fəaliyyətin dərk edilməsinə yönəlmiş uşaq fəaliyyətidir.

(Davamı var)
Könül Oruc

Xəbər xətti