“Kamera söndükdən sonra ağlamışam”

Nigar Sabirqızı: “Tamaşaçı kimi də özümü bəyənirəm”

“Mən həyatda belə ciddi insanam. Xəbər aparıcı olduğum üçün deyil, natura olaraq beləyəm. Yəni mən xəbər aparıcısı olmasaydım da, geyimimə, davranışıma, sözlərimə fikir verəcəkdim. Ona görə deyə bilmərəm ki, xəbər məni ciddi çərçivəyə salıb. Amma dediyiniz düz fikirdir ki, bəli, xəbər aparıcısı üçün bir qədər sədlər müəyyən edir”. “Üç nöqtə” redaksiyasının qonağı sevimli aparıcı Nigar xanım Sabirqızıdır.

-Sizin üçün efir və efir sərbəstliyi anlayışları nədir?
-Ümumiyyətlə, efir çox böyük məsuliyyətdir. Hər kəs elə bilir ki, efirə çıxmaq, xəbər oxumaq çox asandır, amma bu heç də belə deyil. Efir məsuliyyətdir, nə mənada? Sən efirə çıxanda yalnız özünü təmsil etmirsən, bir kanalı təmsil edirsən. Çünki, sən o kanalın simasısan. Bunu da unutmaq olmaz ki, sən 10 milyonluq xalqın qarşısına çıxırsan. Ona görə də sözünə, duruşuna, hərəkətinə diqqət etməlisən. Efir sərbəstliyinə gələndə isə qeyd edim ki, təəssüf, bu gün bir çoxları bu anlayışla efir özbaşınalığını səhv salır. Efir sərbəstliyi odur ki, sən  cəmiyyətə çatdırmaq istədiyin fikri, sözü elə deməlisən ki, tamaşaçı düşünməsin, sən ona ağıl verirsən. Əksinə fikirləşsin ki, mənim düşündüyümü aparıcı dedi. Efir sərbəstliyi o demək deyil ki, istədiyin hərəkəti edə bilərsən. Artıq jest və mimikalardan, yersiz ifadələrdən istifadə efir sərbəstliyi deyil. Bu efir özbaşınalığıdır və tamaşaçıya hörmətsizlikdir.

-“İTV xəbər yekun”, “Diqqət mərkəzi” kimi verilişləri aparırsınız və çalışırsınız ki, burada tamaşaçı ilə səmimi olasınız. Bunun üçün də efirdə sərbəst davranırsınız. Bu əvvəldən belə olub?
-Desəm ki, ilk efirə çıxan gündən sərbəst olmuşam, yalan olar. Amma deyə bilərəm ki, ilk efirə çıxdığım vaxtdan səmimi olmağa çalışmışam. Bir müddət keçdikdən sonra, yəni kameralara, işıqlara öyrəşəndən sonra yavaş-yavaş sərbəst davranmağa başladım və unutdum ki, yaxamda mikrafon, önümdə kamera var. Elə zənn etdim və indi də edirəm ki, efirdə yaxın bir dostumla söhbətləşirəm. Fikrimcə, əsl aparıcı belə olmalıdır. Kameraya işləməməli, yalandan gülümsəməməli və oynamamalıdır. Çünki, tamaşaçı anında tutur ki, sən roldasan.

-Şou-bizneslə maraqlanırsınız yoxsa zamanınızı yalnız ciddi xəbərlərə ayırırsınız?
-Qətiyyən şou bizneslə maraqlanmıram. Şou-biznes tamamilə mənə yad sahədir. Bu tək yerli şou-biznesə aid deyil, ümumiyyətlə dünya şou-biznesi belə mənə cəlbedici gəlmir. Mənim üçün analitik təhlillər daha çox önəmlidir. Elə buna görə də aparıcısı olduğum proqramlar analitik təhlilə əsaslanır.

-Nigar xanım, o vaxtki diktorlarımız bu günkü aparıcıları bəyənmirlər. Sizcə bunun səbəbi nədir?
-Bəyənməməkdə haqlıdırlar. Hazırki aparıcıların 60-70 faizinə mənim özüm belə aparıcı deyə bilmərəm. Çünki, onların nitqində qüsur var, hərəkətlərində yersiz hallar özünü göstərir və s. Bir də görürsən ki, xəbər aparıcısı xəbər oxuyur, makiyaj həddən artıq və iri sırğalar isə göz oxşayır. Qətiyyən olmaz. Çünki, tamaşaçını xəbərə yönləndirmək lazımdır. Bizim bəzi xəbər aparıcılarımız isə yalnız tamaşaçıların diqqətini özünə cəlb edir. Mənim üçün aparıcının səsi, diksiyası və intelektual səviyyəsi önəmlidir. Nə olsun ki, televiziyada görüntü rol oynayır, nə olsun? Səs, diksiya vacib amillərdən biridir. Sən səsinlə, diksiyanla tamaşaçının diqqətini proqrama yönləndirməlisən.

-Nigar xanım deyiləndə ki, efirə çıxmalısınız, nə düşündünüz? Ümumiyyətlə, ilk efir həyəcanı oldumu?
-Təbii ki, oldu. 2010-cu ildə ilk dəfə İctimai televiziyada efirə çıxmışam. Ona qədər isə radioda aparıcı idim. Qeyd etdiyim ildə təklif olundu ki, iqtisadiyyat xəbərlərini mən aparım və dəyərləndirib qəbul etdim. Düzdür, canlı deyildi, ona görə də həyəcanım az idi. Amma bir müddət sonra rəhbərlik dedi ki, “Carçı” xəbərlər proqramını mən aparım. O yadımdadır ki, ilk canlı efirə çıxanda çox həyəcanlı idim və indiyədək ürəyimin döyüntüsü yadımdadır. Bir müddətdən sonra keçdi getdi.

-Bəs bu gün o həyəcan varmı?
-Düzünü deyim ki, o həyəcan yoxdur. Amma o məsuliyyət var. Hətta daha artıqlaması ilə. Çünki anlayıram ki, insanlar məni aparıcı kimi qəbul edib. Söylədiyim hər bir sözə, etdiyim hər bir hərəkətə fikir verməliyəm. Bir şey də var, mən əvvəllər xəbər aparıcısı idim, indi isə proqram aparıcısıyam. Xəbər aparıcısı elədir ki, kiminsə yazdığını oxuyur, proqram aparıcısı isə öz yazdığını. Mən hər yazdığıma, hər ağzımdan çıxan ifadəyə diqqət etməliyəm.

-Özünüzə bir də tamaşaçı kimi baxın. Tamaşaçı Nigar xanım aparıcı Nigar xanımda nəyi bəyənir, nəyi bəyənmir?
-Çətin sualdır. Təbii ki, özümə tamaşaşı kimi baxıram. “Diqqət mərkəzi” canlı olduğumdan onu sonradan nəzərdən keçirirəm, amma “İTV xəbər yekun”u hər bazar günü ekran qarşısına keçib saat 19:00-da doğma kanalımdan izləyirəm. Mənim elə bir verilişim olmayıb ki, özümü izləməyim. Təvazökarlıqdan uzaq olacaq, lakin tamaşaçı kimi də özümü bəyənirəm. Amma tamaşaçı kimi izləyəndə də özümə bir jurnalist gözü ilə baxıram və deyirəm ki, kaş ki bu hərəkəti belə edərdim, kaş ki bu sözün yerinə başqa sözü deyərdim, daha da yaxşı olardı. Bu isə çox az hallarda olur. Ümumilikdə götürsək, tamaşaçı Nigar aparıcı Nigar Sabirqızını bəyənir.

-Elə mən də sizi bəyənirəm. Belə bir sual verim. Özünüzü çoxmu tənqid edirsiniz?
-Özümə çox tənqidi yanaşıram. Özümü bu qədər tənqid etməmə baxmayaraq deyim ki, çox da bəyənirəm. Düşünürəm ki, tənqid edib özümü bəyənirəmsə, deməli, uğur qazanmışam. Özümdə çox şeyi tənqid etsəm də, işimdə az halları tənqid edirəm. Bir az öncə dediyim kimi, bu çox nadir hallarda olur ki, apardığım proqramlarda nəyisə bəyənməyim.

-Deyirlər ki, xəbər proqramı aparıcısını ciddi çərçivəyə salır. Bununla bağlı nə düşünürsünüz?
-İlk olaraq qeyd edim ki, mən həyatda belə ciddi insanam. Xəbər aparıcı olduğum üçün deyil, natura olaraq beləyəm. Yəni mən xəbər aparıcısı olmasaydım da, geyimimə, davranışıma, sözlərimə fikir verəcəkdim. Ona görə deyə bilmərəm ki, xəbər məni ciddi çərçivəyə salıb. Amma dediyiniz düz fikirdir ki, bəli, xəbər aparıcısı üçün bir qədər sədlər müəyyən edir.

-Nigar xanım, xəbər aparıcısı olduğunuz müddətdə, yəni xəbərə mövqe bildirə bilmədiyiniz bir zamanda heç kövrəldiyiniz an olubmu?
-Bəli olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Aprel döyüşləri zamanı xəbərləri təqdim edəndə gözlərim dolurdu. Mən robot deyiləm, insanam. Bir də bu ölkənin vətəndaşıyam. Nəzərə alsaq ki, şəhid olan insanlar mənim torpağımın övladlarıdır, biganə qala bilməzdim. O situasiya üçün mən aparıcıdan daha çox vətəndaş idim. Buna görə də gözlərim yaşarırdı. Hətta həmin zaman kamera söndükdən sonra ağlamışam da.

-Nigar xanım, siz tamaşaçıları “Hər vaxtınız xeyir olsun, istəkli tamaşaçılar” deyərək salamlayırsınız. “İstəkli tamaşaçılar” ifadəsini öz fərqliliyinizi ortaya qoymaq üçün deyirsiniz ya sadəcə dilinizə rahat gəlir deyə?
-Belə deyim, televiziyalarımızda hər kəs “hörmətli tamaşaçılar” deyərək müraciət edir. Düşündüm ki, bu şablondur. Mən yeni bir salamlama tərzinə müraciət etməliyəm. İlk efirə çıxanda elə “istəkli tamaşaçılar” formasında müraicət etdim və neçə illərdir ki, tamaşaçılarıma belə müraciət edirəm.

-Ola bilməz ki, bu həyatda çətin günləriniz olmasın. O zaman hansı güc sizi ayaqda saxlayıb?
-Çətin günlərim həddindən artıq çox olub. Məni ayaqda saxlayan isə bir inam olub: “Hər qaranlıq gecənin bir işıqlı sabahı var”. Bu həyatda hər bir insanın başına gələn çətinliklərlə mən də rastlaşmışam. Əziyyətlərim olub, ədalətsizliklə də qarşılaşmışam. Amma Allaha sığınıb dediyim cümləni özümə həyat devizi seçmişəm.

-Darıxdığınız zamanlar olurmu və nə üçün darıxırsınız?
-Belə deyim, işə o qədər audə olmuşam ki, evdə olanda işim üçün darıxıram. İnanmazsınız, yatana qədər, hətta yuxudan duranda belə ilk olaraq işimi düşünürəm. Odur ki, işdən bir gün kənarda qalanda, yəni istirahət günümdə onun üçün darıxıram. Bir də mənim atam dünyasını dəyişib. Onu tez-tez xatırlayıram.

-Sədaqətli insansınız? Ətrafınızdan necə bu sədaqəti görürsünüz?
-Bəli, sədaqətli insanam, özü də çox. Bunu dostlarım, yaxınlarım təsdiq edə bilər. Mən heç bir zaman heç kimə xəyanət etməmişəm və düşünürəm ki, bu heç vaxt da olmayacaq. Ətrafıma gələndə isə deyim ki, onlar da sədaqətlidir. Yəni, onların da xəyanətləri ilə üzləşməmişəm.

-Tutaq ki, bu gün həyatınızın son günüdür. Nə etmək istəyərdiniz ?
-
Çalışardım ki, həmin günü sevdiyim insanların ətrafında keçirim və televiziyaya gəlib sonuncu dəfə kamera qarşısına keçərək “istəkli tamaşaçılar” deyim.

-Nigar xanım, Allah etməsin ki, bu yaşınızda nə efirə, nə də həyata vida deyəsiniz. Yaşayasınız və xalqımıza dəyərli fikirlərinizi çatdırasınız. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm.
-Mən də sizə və komandanıza minnətdaram.

Rövşən Tahir
Fotolar: Elgün Calalzadə

Tarix
17 Oktyabr 2019 [22:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-17 22:09:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin