Uşaqlarda motivasiyanı gücləndirmək, onların mənəvi inkişafında rol oynayır

18:22 - 19 Avqust 2019 - KİVDF

Hər bir valideynin arzusudur ki, övladları daha yaxşı oxusun, dərslərini daha yaxşı qavrasın. Lakin bir çox hallarda buna çətin nail olunur. Baxmayaraq ki, uşaqlara bütün dərs vəsaitləri ilə təmin olunur, peşəkar müəllimlər tərəfindən dərs verilir, amma istənilən nəticəni almaq mümkün olmur. Mütəxəssislər bildirir ki, bütün bunlarla yanaşı şagirdlərin dərslərini yaxşı oxumaları üçün əlavə həvəsə, motivasiyaya da böyük ehtiyacı var. 

Çünki, motivasiya, öyrənməyə və hərəkətlərimizə təsir edən əhəmiyyətli bir vasitədir. Uşaqların öz üzərində işləməsini, müəyyən məqsədə doğru hərəkətə keçməsini təmin edir. Xüsusən məktəb dövründəki şagirdlər üçün olduqca əhəmiyyətli və uğur şansını artıran təsirli amildir. Uşaqları müntəzəm, maraqlı, səmərəli çalışmağa təşviq edir ki, bu da uşaqları uğura aparır, mənəvi inkişafında əsas rol oynayır. Amma motivasiya hər uşaq üçün eyni deyil və onları motivasiya edən şeylər fərqlidir.

Psixoloqların fikrincə, motivasiya, daxili və zahiri olaraq ikiyə ayrılır. Xarici motivasiya edici şeylər, xüsusilə mükafat vermək ən çox bilinənlər arasında yer alır. Mükafat motivasiya edici xarakter daşıyır. Ancaq müsbət rəğbətləndirmənin mükafata görə uşaqlar üzərində daha təsirli olduğu da tədqiqatlar arasındadır. Məsələn, uşaq müsbət bir davranış nümayiş etdirəndə ona "Əhsən! Bu gün dərslərini çox gözəl etdin”- deyə ruhlandırıcı fikirlər söyləmək onlara çox mənəvi təsir edir. Lakin tam əksinə olan danlaqlar isə motivasiyanı salan bir amildir. Uşaq mənfi davranış etsə belə onu danlamadan yumşaq bir ifadə ilə nəzərinə çatdırmaq lazımdır. Məsələn: "Bu gün tapşırıqlarını etməmisən, amma sabah tapşırıqlarını çox gözəl edəcəyinə əminəm”- kimi ifadələr işlətmək yaxşı olar. Daxili motivasiya isə kənardan bir xəbərdaredici olmadan insanın öz başına istəkli olma vəziyyətidir. Davranışı və ya hərəkəti edən şəxsin gördüyü işdən həzz alması, xoşbəxtlik duyması vacibdir.

Öyrənmə yalnız zehni bir proses deyil. Öyrənməyin emosional cəhətləri də istisna edilməməlidir. Qarşılıqlı əlaqə və motivasiya da tamamilə hisslərlə bağlı bir prosesdir. Əgər şagirdlər öyrənməyə motivasiya olmayıblarsa dünyadakı heç bir kitab və ya müəllim uşağı öyrənməyə təşviq edə bilməz. Bu barədə müəllimlər şagirdlərin motivasiyanı təmin etmək üçün ən vacib şəxslərdir. Hər bir şagird müxtəlif şeylərə motivasiya olduğu üçün onların hər birini fərdi şəkildə tanımaq başlanğıc nöqtədir.

Uşaqların özlərini idarə edə bilmələri və bu hissi qazanmaları çox əhəmiyyətlidir. Bunun üçün uşaqların evdə ya da məktəbdə vəzifə hisslərinin formalaşması təmin edilməlidir. Onlara həm evdə, həm də məktəbdə bəzi nəzarət və seçim hüquqları verilməsi dərsə və ya məsuliyyətlərinə bağlı olmalarında təsirli bir yol olar.

Bəzi şagirdlər üçün tətbiq edərək öyrənmək daha maraqlı, bəziləri üçün səssiz-səmirsiz oxuyaraq və ya qrup işi aparmaq daha təsirli ola bilər. Bütün şagirdlərin dərsə marağının olmasını istəyiriksə, mütləq dərsin gedişini şaxələndirməliyik. Fərqli üstünlüklərə malik tələbələr vaxtlarını öz sevdikləri üsulu tətbiq edərək və öyrənərək keçirəcəkdir. Bu da şagirdlərin dərsə olan marağının artmasına kömək olacaq.

İnsanlar ilk öncə əsas ehtiyacları olan yemək yemə, su içmə, məskunlaşma kimi ehtiyaclarını ödəyirlər, daha sonra digərlərini qarşılamağa çalışır. Məsələn, özü ilə bağlı müsbət hisslərinin olması və özünü sevməsi bunlardan bəziləridir. İnsanın qoyduğu məqsədlər bu istiqamətdə əhəmiyyətlidir. Çünki ehtiyaclara görə şəkil alması lazımdır. Xüsusilə üç psixoloji ehtiyac olan şəxsiyyət olmaq, müstəqil olmaq və başqaları ilə yaxınlıq qurmaq, bizi müəyyən davranışlar üçün motivasiya etməkdə böyük rol oynayır. Bu ehtiyacların fərqində olmaq motivasiyamızın mənbəyini və səviyyəsini müəyyən etməyimizi asanlaşdırır.

 

Vəzifələr artdıqca motivasiya da artar

 

Sinifdə və ya evdə mövcud vəzifələr mövzusunda uşaqlara məsuliyyətlər verilməlidir. Bu vəzifələr məktəb şəraitində da vəhdət təşkil etməsi, şagirdin mənəvi inkişafı baxımından əhəmiyyətli bir üsuldur. Üstəlik, bu üsul eyni zamanda uşaqların motivasiya olmalarında təsirli olacaqdır. Uşaqların özlərini fərdi olaraq daha önəmli hiss etmələri üçün hər bir uşağa müxtəlif məsuliyyətlər verilməlidir. Bu zaman şagirdlərin hamısına vəzifə düşəcək şəkildə müxtəlif fəaliyyətlər verilməlidir.

Şagirdlərin maraqlarını ortaya çıxaran müəllim, bu maraqlar çərçivəsində onlarda araşdırma, kəşf etmək, maraq duyğusunu inkişaf etdirməlidir. Şagirdlərdə mövzuya maraq oyanarsa dərsə daha fəal qoşulurlar. Müəllim bunu nəzərə alaraq, məsələni ictimai formada bütün şagirdlərin iştirakı təmin ediləcək şəkildə planlaşdırmalıdır. Fərdi işlərlə bərabər, ikitərəfli ya da qrup çalışması vasitəsi ilə şagirdlərin sosial qarşılıqlı təsir ehtiyaclarına cavab verə biləcək tədris şəraitləri tətbiq olunmalıdır.

Hər bir insan, xüsusən də uşaqlar mükafat almaqdan xoşlanırlar. Uşaqların mükafatı qazanmaq üçün çalışacağı bir şərait yaratmaq işlərimizin arasında olmalıdır. Mükafata nümunə olaraq; Kinoya getmə, şagirdin dəftərinə uğurlu olduğuna dair bir “stiker” yapışdırmaq qədər sadə bir şey də etmək olar. Bunlar şagirdin hədəfləri istiqamətində, daha çox işləməsində, mənəvi inkişafında hərəkətverici rol oynayır. Onlar üçün müvafiq mükafatın nə olduğu ilə bağlı müşahidə edərək və ehtiyaclarını nəzərə alaraq qərar versəniz ən doğrusu olar.

Uşaqlar da təriflənməkdən xoşlanır. İctimaiyyət arasında onları mükafatlandıraraq, yaxşı görmüş olduqları bir işə görə və nümunə göstəriləcək səylərini və xidmətlərini digər uşaqlarla bölüşərək onlara möhtəşəm bir motivasiya vermək mümkündür.

Əslində şagirdlərin demək olar ki, hamısında uğurlu olmaq istəyi var. Lakin hər bir uşağın uğura çatmaq üsulu fərqlidir. Dolayısı ilə istiqamətləndirilməyə ehtiyacları var. Onları motivasiya etməyin bir yolu güclü və zəif tərəflərini kəşf etmələrini təmin etməkdir. Şagirdlərin özlərini tənqid etməsi, müəllimlərin onları tənqid etməsindən daha çox motivasiya edici olur. Beləliklə şagirdlər öz məqsədlərini müəyyən edərkən bir tərəfdən də məsuliyyət sahibi olmağı öyrənirlər.

Heç bir

Heç bir məqsədi olmayan uşaq hansısa bir iş də görmək istəmir. Buna görə uşaq üçün bəzi məqsədlər qoymaq vacibdir. Bununla bərabər görəcəyi işin uğurlu nəticələrini düşünmək də ona əlavə motivasiya verir. Məsələn, dərslərini yaxşı oxumaqla gələcək həyatlarında qazanacaqları uğurları düşünərək, bunu həyata keçirmək üçün daha çox motivasiya olurlar.

 Gözəl üsullardan biri isə uşağın fəal olaraq hansısa işlərlə məşğul olmasını təmin etmək və bunları ardıcıl olaraq həyata keçirməsinə şərait yaratmaqdır.

Hər bir şagirdin həyatında əhəmiyyətli bir yer tutan yoxlama və qiymətləndirmə imtahanları, həyatlarının bir çox mərhələsində qarşılarına çıxır. Onların həyatına təsir edən bu yoxlamalar  zamanı motivasiyanın böyük əhəmiyyəti var. Bu çətin mərhələdə əslində ən böyük dəstəkçiləri də, pessimistliyə qapılmalarına səbəb olmalarına səbəb verən də özləridir. Bu müddətdə dəyişik hisslərlə qarşılaşırlar ki, bu da onun müsbət və mənfi düşünmələrinə səbəb olur. Motivasiyası yüksək olan şagirdlər hər şeydən əvvəl pozitiv olurlar. Hər bir uğursuzluğun mütləq bir gün uğurla nəticələnəcəyini düşünürlər, özlərinə inamları çox güclüdür ki bu da qazanma arzusu oyadır. İlk növbədə nəyi isə qazanacağınıza dair özünüzü inandırmalısınız.

Uşaqlarda motivasiyanı gücləndirməkdə müəllimlərlə yanaşı valideynlərin də üzərinə böyük iş düşür. Buna görə də övladınızla söhbət edin, onun istəklərini dinləyin. Gələcəkdə nələr etmək istədiyi barədə ona suallar verin.

 Məsələn, kosmonavt və ya həkim olacağam mən, - deyirsə, bu peşələr barəsində onun nümunə götürəcəyi məlumatlar verin. Beləliklə, dərs oxumasının nə üçün vacib olduğunu  gizli bir şəkildə motivasiya etmiş olarsınız.

 Hədəflərin onu daha çox cəlb etməsi üçün, əvvəlcə kiçik addımlar atması məsələsində ona yol göstərin. Xırda-xırda tamamlanan addımlar daim, böyük və əlçatmaz görünən hədəflərə nisbətən daha müsbət nəticələr verir.

 

Xəbər xətti