“Onlarla bir səhnəni bölüşməkdənsə, torpaq altında yatsam yaxşıdır”

17:08 - 8 İyun 2019 - Müsahibə

Qərib Nəsibov (Ağacan): “Bir aktyor kimi formalaşmağımda heç bir aktyorun, heç bir sənətkarın rolu olmayıb”

Təklif edir ki, bütün aktyorlar ölkədən çıxıb getsinlər. Özü də bunu etmək istəyir, amma hələ ki alınmır. Onun sözlərinə görə, ölkəmizdə aktyora dəyər verən yoxdur. Və buna görə də ölkəmizdən çıxıb xaricə gedən aktyorları alqışlayır.

Kariyerasında irəliləmək üçün hansı ölkə aktyora sərf edirsə fəaliyyətini orda davam etdirsin. Rejissorlardan narazıdır. Deyir ki, rejissorlar film və seriallara ancaq öz yaxın çevərsindəkiləri çəkir: “Universitet, yaxud kurs bitirməyib, incəsənətdən anlayışı belə olmayan adam aparıb rejissora 5-10 min manat pul verir ki, məni çək.

Özüm belə hallarla çox rastlaşmışam. Rejissor mənə təklif edib ki, gətir pul ver, səni çəkim. Əgər həmin pul özümdə olacaqdısa və onu rejissora verəcəkdimsə, onda universiteti niyə oxuyurdum? Heç bu qədər əziyyət çəkməzdim. Bu sənət hələ ki, inkişaf etməyib”.

“Üç nöqtə” qəzetinin qonağı gənc və istedadlı aktyor Qərib Nəsibovdur.

- Adətən insanlar adlarına bənzəyirlər. Qərib Ağacan özünü burda Qərib hiss edirmi?
- Nəinki Azərbaycanda, mən özümü dünyada qərib hiss edirəm. Bunu artıq insanlardan da görmüşəm. Burda özümü qərib hiss etməyimin bir səbəbi də xarakterimlə bağlıdır.

- Aktyorluq elədir ki, adətən uşaq yaşlarından həvəs yaranır. Bəs sizdə necə olub?
- Bəli, elə uşaq vaxtından aktyorluğa böyük həvəsim olub. Orta məktəbdə Yeni il və Novruz bayramlarında maraqlı səhnəciklər hazırlayırdıq. Həmin səhnəciklərdə müxtəlif obrazlar canlandırırdım. Heç zaman ağlımın ucundan belə keçməzdi ki, Bakıya gedərəm, orada aktyor təhsili alaram və aktyor olaram.

- Valideynləriniz bu istəyinizə necə münasibət göstərdilər?  
- Valideynlərim mənə hər zaman dəstək olublar. Onlar fikrimi biləndə heç bir irad bildirmədilər. Xüsusilə də atam mənə çox dəstək olub. Atam aktyor olmağımı məndən də çox istəyib. O, filmləri, serialları izləyirdi, məni film sektorunda görürdü. Həm atamın, həm də öz istəyimi nəzərə alıb aktyor olmağa qərar verdim.

- Sizi bir çox serial və kliplərdə görmüşük. Çəkilirsinizmi serial və kliplərə?
- Bəli, bir çox serial və reklamlara çəkilmişəm. Hazırda isə təəssüflər olsun ki, heç bir çəkilişim yoxdur. Artıq bir ildən artıqdır ki, nə klipə, nə seriala, nə də reklamlara çəkilirəm. Nədənsə son zamanlar işlərimin heç biri düz getmir. Elə olub ki, ay ərzində çəkiliş üçün başqa-başqa yerlərdən 3-4 təklif almışam. Getmişəm, danışıqları etmişik, müqavilə belə bağlanıb, qonarar müəyyən edilib. Amma üstündən bir neçə gün keçəndən sonra mənə zəng gəlib ki, sizinlə alınmır. Səbəbi isə bilinmir. Son zamanalar həyatımda belə hallarla çox tez-tez rastlaşıram. Seriala, yaxud filmə çağırırlar, gedirəm. Rejissor deyir ki, sizdə faktura qaydasındadır, hər şey istədiyimiz kimidir, rola tam uyğunsunuz, istədiyimiz adamsınız. Amma iki gün sonra baxıram ki, mənim yerimə həmin rola elə adam çəkirlər ki, o adamın həmin rola heç aidiyyatı belə yoxdur.

- Belə çıxır ki, aktyora dəyər verən yoxdur...
- Bəli, Azərbaycanda aktyora dəyər verən yoxdur. Söhbət hansısa “dayday” hesabına ortaya çıxanlardan deyil, həqiqi aktyordan gedir. Yəni Mədəniyyət və İncəsənət Universitetinin bitirən, təhsilli aktyorları nəzərdə tuturam. Elə bunlardan biri də mən. Sözün yaxşı mənasında əziyyət çəkib oxumuşam. Bunun da bəhrəsini görməyəndə istər-istəməz inciyirsən, qırılırsan. Bəzən filmdə, yaxud serialda çəkilən aktyora baxırsan ki, bu sənət  haqqında heç anlayışı yoxdur. Adi çəkildiyi rolun mahiyyətini başa düşmür, o rola uyğunlu yoxdur, amma yenə də çəkilir. Çünki əsl aktyora dəyər verən yoxdur.

- Müsahibələrin birində demisiniz ki, “Mənə milyon da versələr komik rola çəkilmərəm”. Bunun səbəbi nədir? Özünüzü bu rola yaraşdırmırsınızmı?
- Bəli, belə bir ifadə işlətmişəm. Komik rol deyəndə bizim kanallarda baş alıb gedən məntiqsiz film və seriallardakı obrazları nəzərdə tutmuşdum. Elə bir rola çəkilməkdənsə, gedib fəhləlik etməyə razıyam. Çünki bu sənəti özümü hansısa bir yüngül dərəcəyə çıxarmaq üçün oxumamışam. Səhəri gün həmin insanlar mənimlə yüngül rəftar etsinlər. Bunu nəzərdə tutaraq demişəm ki, milyon da versələr komik rola çəkilmərəm.

- Ölkəmizdən xaricə gedən aktyorlar orda yaxşı qazandıqlarını deyirlər. Bəs siz necə, başqa ölkəyə gedib sənətinizi orda davam etdirmək barədə düşünmüsünüzmü?
- Ölkəmizdən çıxıb gedən aktyorlara çox yaxşı baxıram və onları alqışlayıram. Əhsən onlara. Mənim edə bilmədiklərimi digər aktyorlar edəndə sevinirəm. Çünki mən də qarşıma məqsəd qoyuram ki, çıxıb gedəcəm. Təəssüflər olsun ki, hələ ki alınmır. Həmkarlarımdan Elvin Əhmədov gənc kadrlardan və istedadlı aktyorlardan biridir. O insan Türkiyəyə getdi, burda bir çox sənətkarların edə bilmədiklərini orda etdi. Təklif edirəm ki, bütün aktyorlar ölkədən çıxıb getsinlər. Kariyerasında irəliləmək üçün hansı ölkə ona sərf edəcəksə fəaliyyətini orda davam etdirsin. Həmçinin özümə də bunları arzulayıram.

- Sizin bir aktyor kimi formalaşmağınızda kimlərin əməyi olub?
- Düzünü desəm, bir aktyor kimi formalaşmağımda heç bir aktyorun, heç bir sənətkarın rolu olmayıb. Özüm hansısa yerli, yaxud xarici aktyorlara baxaraq onların istedadlarından nəsə götürmüşəm. Mənə dəstək olan bir-iki aktyor olub. Amma daha sonra bunun qarşılığında məndən başqa şey umublar. Bunu biləndə artıq həmin insanlardan uzaqlaşmışam. Çünki Azərbaycanda belə bir şey formalaşıb ki, nə edirsənsə, onun qat-qat əvəzini verməlisən. İnsana bir yaxşılıq edirlər, daha sonra bunun on qatı qədər pislik edirlər. Ona görə heç bir aktyordan nə dəstək, nə də yaxşılıq gözləmirəm. Məncə, aktyor özünə güvənməsə, qarşısında məqsədi olmasa uğurlara, gözəl günlərə nail ola bilməz.

- Öz biznesinizin olduğunu eşitdik, hətta bunun üçün sənətdən ayrıldığınızı da deyənlər oldu.
- Bəli, bir zamanlar şəxsi biznesim olub. Amma təəssüflər olsun ki, o biznesi bağlamağa məcbur qaldım. Daha doğrusu, işimə mane oldular. İnşallah yeni biznesimi quracam, öz istədiyim aruzlarıma çatacam. Buna tamamilə əminəm.

- Aktyor kimi kaprizli birisinizmi?
- Xeyr, aktyor kimi kaprizli biri deyiləm. İndiyə kimi çalışdığım rejissorlar, aktyorlar, həmkarlar bunu deyə bilər. İndiyə qədər nəyəsə naz etməmişəm. Ümumiyyətlə, xasiyyətimdə elə bir şey yoxdur. Əksinə hər dəfə insanlarla uyğun bir nəticəyə gəlməyə çalışmışam.

-  Gündəmdə qalmaq üçün səy göstərməyən aktyorlardansınız. Bu sizin xasiyyətinizdənmi irəli gəlir?
- Mənim fikrimcə, əgər Bayram Nurlu, Samiraldo kimiləri ilə yanbayan durmaqdansa, onlarla bir səhnəni bölüşməkdənsə, torpaq altında yatsam yaxşıdır. Dövran elə dövrandır ki, hazırda gündəmdə olanlar elələridir. Və təəssüflər olsun ki, xalqımız “bozbaş” kimi seriallara, “buğlama” kimi gülməli kadrlara baxırlar. Hər gün efirlərdə özümü gözə soxmaqla sevdirəcəyəmsə, qoy heç kim məni xatırlamasın. Ən azından bu yaxşıdır. Bu mənim xasiyyətimdən və aldığım tərbiyədən irəli gəlir.

- Qarşıdakı planlarınız nələrdir? Tamaşaçılar sizdən nə gözləsin?
- Qarşıdakı planlarım çox böyükdür inşallah. Hələ ki sirr olaraq qalsın. Çünki mənə qabaqcadan demək düşmür.

- Aktyor olaraq özünüzü inkişaf etdirmək üçün nələr edirsiniz?
- Aktyor olaraq daima üzərimdə işləyirəm. Stanis Slaviski kitabından çox istifadə edirəm. Bilmədiklərimi kitabdan öyrənib öz üzərimdə məşğələlər edirəm.

- Fikrinizcə, peşəkar aktyor olmaq üçün nələr lazımdır?
- Düşünürəm ki, peşəkar aktyor olmaq üçün bol çəkilişlər lazımdır. Çünki çəkilişlər bol olduqca aktyor həmin meydançada “bişir”, təkmilləşir. Hər bir rejissorun özünəməxsus sirri olur və həmin sirrləri də aktyor öyrəndikcə özündə yeniliklər tapır və püxtələşir. Artıq peşəkarlığa doğru gedir. Bacarıqları daha da çoxalır. Universitet, yaxud kurs bitirməyib, incəsənətdən anlayışı belə olmayan adam aparıb rejissora 5-10 min manat pul verir ki, məni çək. Özüm belə hallarla çox rastlaşmışam. Rejissor mənə təklif edib ki, gətir pul ver, səni çəkim. Əgər həmin pul özümdə olacaqdısa və onu rejissora verəcəkdimsə, onda heç universiteti oxumazdım, bu qədər əziyyət çəkməzdim. Bu sənət hələ ki, inkişaf etməyib. Eyni aktyorları bir neçə seriallarda baş rollara çəkilirlər. Axı bizim nə qədər istedadlı, fakturalı aktyorlarımız var. Onlardan istifadə etmirlər. Necə deyərlər, papaq altında yatan aktyorlarımız çoxdur.

- Sosial şəbəkələrdə aktivsinizmi? Bir aktyor üçün nə dərəcədə əhəmiyyətlidir?
- Fikrimcə, sosial şəbəkələr aktyorun həm tanınması, həm də onun reklamı üçün mütləqdir. Amma təəssüflər olsun ki, indiki dövrdə bir çoxlarımız sosial şəbəkə ilə gündəmə gəlmişik.

- Deyirlər ki, aktyorun həyat yoldaşı olmaq çətindir. Bəs sizin həyat yoldaşınız necə, peşənizi qəbul edirmi?
- Ailə qurmuşam və şükürlər olsun, peşman deyiləm. Yoldaşımla evlənəndə artıq qabaqcadan hər şeyi danışıb, şərtlərimi demişdim. O da qəbul etmişdi. Həyat yoldaşım işimə heç bir maneə törətmir və qarışmır. Amma əlbəttə ki, qısqanclıq var (gülür). Çox işimi başa düşür, anlayışla qarşılayır, sağ olsun.

- Ata olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Bu hisslər inanın ki, əvəzi olmayan hisslərdir. Allah bütün övladları qorusun. Bir oğlum var, biri də iyun ayında dünyaya gələcək inşallah. Çox sevinirəm və özümü çox xoşbəxt hiss edirəm ki, iki oğul atası olacam. İki əsgər, iki igid böyüdüb vətənə, millətə xeyirli övladlar yetişdirəcəm.

- Adətən, aktyorlar sənəti çox sevdikləri üçün maddiyyata o qədər də önəm vermirlər. Bəs siz necə?
- Xeyr, mən maddiyyata üstünlük verirəm. Bu sənətdə maddiyyat çox önəmlidir. Düzdür, sənət də önəmlidir, amma əsas olan maddiyyatdır. Çünki sənətə özünü qurban verən insan yaxşı qazanmalıdır ki, həvəsi artsın və yeniliklərə doğru irəliləsin. Əgər sənətdən qazana bilmirsənsə, burda hansı sənətdən danışmaq olar. Bizim sənətə ölkəmizdə o qədər də önəm vermirlər. Çoxları deyir irəliləyiş var. Xeyr, yoxdur. İrəliləyiş ancaq “bozbaş” seriallar, filmlərdədir. Ona da rejissorlar öz yaxın ətrafındakı adamları çəkir. Bununla sənət necə inkişaf edə bilər axı? Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluğu” fakültəsini bitirmişəm, aktyor kimi fəaliyyət göstərirəm. Amma fəhlə də, ofisiant da işləmişəm. Hətta elə olub ki, fəhləlik edə-edə sənət yoldaşım zəng edib ki, mənə 50 manat borc ver. Həmin sənətdə istədiyim kimi qazana bilməsəm, istədiyim məbləği əldə edə bilməsəm hansı nailiyyətlərdən danışa bilərəm axı? Maddiyyata önəm vermədiyini çoxları deyə bilər. Bu boş şeydir. Həmin adama desələr ki, sən bu teatrda 10 il pulsuz işləyəcəksən, bir qəpik belə qazancın olmayacaq. Həmin adam heç nə deyə bilməyəcək. Çünki ona maddiyyat vacibdir.

Könül Oruc

Xəbər xətti