Hüquqlardan sui-istifadəyə yol verilmir

18:43 - 24 Aprel 2019 - KİVDF

Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur

Konstitusiya qanunvericilik sisteminin əsasını təşkil edir, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir, siyasi sabitliyin və milli, dini və yaxud etnik mənsubiyyətindən asılı olmayaraq həmrəyliyin qarantı qismində çıxış edir və hazırda hər bir demokratik dövlət üçün aktual olan cəmiyyətimizin multikulturalizm konsepsiyasının əsasları məhz Konstitusiyada təsbit edilmiş fundamental dəyərlərə əsaslanır.

Bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Onun sözlərinə görə, Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklər üçün geniş imkanlar açaraq insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmış, ictimai həyatın bütün sahələrinin inkişafına təkan vermiş, ölkəmizdə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması işində mühüm addım olmuşdur.

“Əsas Qanun ictimai münasibətlər sistemində dövlətin roluna məhz müasir cəmiyyətin tələbləri baxımından yanaşaraq, dövlətin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi olduğunu müəyyənləşdirmişdir. Bununla da, Əsas Qanunun ən geniş fəsli əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını əks etdirən Azərbaycan Respublikasının Konstitusiyası məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan etdi”.

Konstitusiyanın 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 24-cü maddədə isə qeyd edilib ki, insan ləyaqəti qorunur və ona hörmət edilir.. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

Konstitusiya, həmçinin dövlət quruluşunun əsaslarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir. Konstitusiyanın  V fəsli ilə  qanunvericilik hakimiyyətinin həyata keçirilməsi tənzimlənir. Bildirilir ki, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.

VI fəsil ilə icra hakimiyyəti tənzimlənir. Bildirilir ki, Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Bu fəslin 114-cü maddəsində bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir. Konstitusiyanın VII fəsli ilə Məhkəmə hakimiyətini əks etdirir. 125–ci maddə ilə  məhkəmə hakimiyyətinin həyata keçirilməsi tənzimlənir. Bildirilir ki.  Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.

Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.

Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

 Konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin mümkün hədlərini dəqiqləşdirir, həmçinin bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir.

İstənilən demokratik hüquqi dövlətdə Konstitusiya digər hüquqi aktlara nisbətən daha stabil və statik sənəd olmasına baxmayaraq, həmin stabillik və statiklik heç də onun tamamilə dəyişilməzliyi demək deyildir. Belə ki, Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət müşahidə edilən tərəqqi əsasında dəyişdikcə, eyni zamanda, ictimai münasibətlər inkişaf etdikcə konstitusiyaların da təkmilləşdirilməsi, onlara müəyyən əlavələrin və dəyişikliklərin edilməsi zərurəti meydana çıxır.

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli Sərəncamına əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilmiş və Konstitusiya Məhkəməsinin Plenumu 2016-cı il 25 iyul tarixli Qərarı ilə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə müsbət rəy vermişdir. Əminliklə deyə bilərik ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklər demokratik hüquqi dəyərlərə və konstitusionalizm prinsiplərinə uyğun olmaqla, əsas insan hüquq və azadlıqlarının daha dolğun şəkildə təsbiti və müdafiəsinə, bu sahədə dövlətin və bələdiyyələrin məsuliyyətinin artırılmasına, həmçinin ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə yönəlmişdir.

Əsas Qanuna edilən əlavə və dəyişikliklərdə əksini tapan məsələlərin əksəriyyəti məhz insan hüquq və azadlıqlarının etibarlı qorunmasını, onların həyat şəraitinin daha da yaxşılaşdırılmasını və bir sıra digər sosial məzmunlu məqamları özündə ehtiva edir. Belə ki, Konstitusiyanın 24-cü maddəsinə insan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi prinsiplərinin, 25-ci maddəsinə sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı müddəanın əlavə edilməsi, həmçinin 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ, yəni fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması xüsusilə qeyd olunmalıdır. 25-ci maddə ilə bərabərlik hüququ tənzimlənir. Bu maddəyə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.  Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Konstitusiyanın 36-cı maddəsində əmək müqaviləsi əsasında işləyən şəxslərin hüquqlarının müdafiəsi məqsədilə qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokautun qadağan edilməsi kimi mütərəqqi əlavə və dəyişikliklər də çox önəmlidir.  Bu maddəyə əsasən, ər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır

 

Xəbər xətti