Xalqının əsgəri, əsgərlərin komandiri

11:47 - 8 Aprel 2019 - Müsahibə

Xalqın əsgəri, əsgərlərin komandiri Cənab baş leytenant Kamil Musavi ilə...

Vətən onun üçün anadan da əzizdir, atadan da. O, Vətəni üçün çalışdı, Vətəni naminə xidmət göstərdi, elə Vətəni yolunda da sağlamlığını qurban verdi. "Üç nöqtə" qəzetinin müsahibi Azərbaycan Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medallı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallı, “Vətən naminə” medallı, “General Həzi Aslanov” medallı, “General Səməd bəy Mehmandarov” medallı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medallı baş leytenant Kamil Musavidir.

- Uşaqlıq illərinizi necə xatırlayırsınız ?
- Uşaqlığımı yaxşı xatırlayıram. Balaca olarkən idmana meyilli və dəcəl uşaq olmuşam. İdmana olan həvəsim kiçik yaşlarımdan idmanla məşğul olmağıma səbəb olub. Mənim üçün idman, onunla məşğul olmaq ən əsas amil idi. Yaşıdlarım müxtəlif oyunlar oynayardılarsa, mən hər zaman idman arxasınca qaçardım.

- Uşaqlıqdanmı hərbçi olmaq istəyirdiniz?
- Kiçik yaşlarımdan məni bir məsələ narahat edirdi: “Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi”. O zaman düşünürdüm ki, mən necə etməliyəm ki, işğal olunmuş torpaqlarımı geri alım, o torpaqlar üçün vuruşum? Bu həqiqətən də mənim uşaq dünyamda yer alan bir fikirlər idi. Qarşımda bir məqsəd vardı: “Əlimdə silah düşməni məhv etməliyəm”. Beləcə uşaqlıq arzum reallığa çevrildi. Mən böyüdüm, hərbçi oldum Vətənim üçün, torpağım üçün. Bunu da qeyd edim ki, mənim uşaqlıqda arzum o idi ki, ayağım işğal olunmuş torpaqlarımıza dəysin. Bundan irəli gələrək mən hərb sənətinin digər sahələrini deyil, məhz kəşfiyyatçı ixtisasını seçib özümü təkmilləşdirdim.

- Həyat və ölüm dilemması arasında qalarkən nəyi düşünürdünüz? Bilirdiniz ki, ölümlə qarşı-qarşıyasınız. Nə hisslər keçirirdiniz?
- Bilirsiniz, hərbçi olmaq istəyən insanın bir düşüncəsi olur, mən hər an ölə bilərəm. Az öncə dedim ki, mən kəşfiyyatçı olmaq istəyirdim. Şükür Allahımıza ki, bu istəyimə də çatdım. Bildiyiniz kimi, hərbi ixtisaslar içərisində kəşfiyyatçı tamam başqa bir ixtisasdır. Elə bir ixtisas ki, sülh dövründə belə sən düşmən tərəfə keçirsən. Kəşfiyyatçı olub doğma torpaqlarımıza az da olsa ayağım dəydiyinə görə özümü xoşbəxt hiss edirəm. Mən minaya düşəndə belə bu düşüncədə idim. Artıq mən ayağımı itirmişdim, gözlərim görmürdü və məni xəstəxanaya gətirmişdilər, düşünürdüm ki, yaşamaq uğrunda mübarizə aparmalıyam. O zaman bir arzum vardı, övladım dünyaya gələrdi, bir saatlıq da olsa, ona baxardım və gözlərim bundan sonra görməsə də olardı. Allahıma minnətdaram, övladımı həmişə görmək üçün bir gözümü yenidən mənə bağışladı (gülümsəyir).

- Uzun müddət hərbçi oldunuz. Sonradan bu sənətdən istəmədən aralı düşmək sizə çətin olmadı ki?
- Təbii ki, çətindir. Sevdiyin peşədən, işdən özün istəmədən aralı qalmaq həddindən çox çətindir. Mülki həyatda nə ilə məşğul oluramsa, olum, mənə hərb həyatımı əvəz etmir. Hərbçi hərb sənətini sevərək onu seçir. Bir düşünün, elə bil ki, yaralı bir aslanı qəfəsə salıb yaşatmağa çalışırsan. Yarası səbəbindən həmin aslan azadlıqda olduğu kimi hərəkət edə bilmir. Kamil Musavi bu gün hərbidən ayrı düşməklə bunları yaşayır.

- Heç gücsüzlüyün nə demək olduğunu hiss etmisinizmi?
- Xeyr. Şəxsim adımdan hiss etməmişəm. Hər bir şeyi həyatın axarına buraxmağa çalışmışam. İnsan hansısa problemin üstünə getdikcə və onu həll etməyi bacarmadıqca daha da sıxılır, daha da yorulur. Amma həmin problemi zamanın axarına buraxanda gücsüzlüyün nə demək olduğunu anlamırsan. Baxın, mənim ayağım yoxdur. Mən özümə qapanmaqla mənim ayağım geri qayıdacaqmı? Xeyr. Odur ki, daha da qətiyyətli olub həyatla mübarizə aparmalısan.

- Bu qədər güclü xarakterə malik insan hansı şəraitdə və hansı məqamda göz yaşlarına hakim ola bilməz?
-İlk olaraq qeyd edim ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuz geri qayıtdığı zaman göz yaşlarıma hakim ola bilmərəm. Amma bununla yanaşı insan olaraq həmişə və hər zaman həssas nöqtəm övladları tərəfindən atılmış yaşlılar və valideyn himayəsindən məhrum olan uşaqlar olub. Bu insanların heç bir günahı yoxdur. İnanırsınız, bu insanlarla qarşılaşdıqdan sonra evə gəlirəm, saatlarla özümə gəlmirəm, boğuluram. Həyatda elə insanlar var ki, onlar valideyn həsrəti ilə yaşayır. Yaxud da illərdir ki, övlad istəyən insanlar var. Amma bəziləri bunun nə demək olduğunu anlamadan ya valideynini, ya da övladını atır. Atılmışlar görəndə özümü dəhşətli dərəcədə pis hiss edirəm.

- Mənə çox maraqlıdır, özünüzə nəyi bağışlamazsınız?
- Özümə kiməsə qarşı haqsız olmağı bağışlamaram. Xidmət illərimdə əsgərlərimə qarşı ədalətli olmuşam. Hazırda da beləyəm. Hər kəsə qarşı ədalətli olmağa çalışıram. Düşünürəm ki, nə zamansa istəmədən belə olsa, kiməsə qarşı haqsız qərar qəbul etsəm, bunu özümə bağışlmaram.

- Özünüzə dünyanızın hansı küncündən baxmaq istəyərdiniz?
- Mən özümə daha çox dünyamın hər hansısa kənar küncündən baxmaq istəyərdim. Amma elə bir künc ki, orada üzümə təbəssüm yağdırıb mənə zərbə endirmək istəyən insanları görə bilmək mümkün olsun. Çox istərdim ki, məhz dünyamın o küncündən boylana bilim.

- Sədaqət və xəyanət.... Sizin üçün bu iki söz nə deməkdir?
- Xəyanəti qəbul etmirəm, sədaqət isə indiki zamanda çox az tapılır. Məni tanıyanlar bilir ki, mən necə səmimi insanam. Bəlkə də hər kəsə qarşı səmimi olmağımdan irəli gəlir ki, kimlərsə bundan istifadə edib xəyanət etməyə çalışır. Etiraf edim ki, bir-iki dostumdan xəyanət görmüşəm. Ona görə də, mən hər zaman dualarımda deyirəm ki, Allahım, sən məni üzümə gülüb arxamca danışan dostlarımdan qoru.

- İnsanın ən böyük səhvi nə ola bilər?
- Bu həyatda səhvsiz, gühansız bir tək Allahımızdır. Hər bir insanın səhvi olur. Təbii ki, o səhvləri bağışlamaq olar. Amma Uca Allah buyurur ki, iki səhvi bağışlamaq olmaz ki, onlar insanın ən böyük günahlarıdır. Bu iki səhvdən birincisi Allaha şərik qoşmaq, ikincisi isə qul haqqına girməkdir.

- Bir fikriniz böyük səs-küyə səbəb oldu : “Axırıncı Azərbaycan kişisi ölməyənə qədər qadınlarımız döyüşə girə bilməz!” Qadınların böyük əksəriyyəti etiraz etdi ki, biz bu fikirlə razı deyilik. Qadınlar da döyüş meydanında vuruşa bilər...
- Bəzi insanlarımız elə bilir ki, mən bu fikirlə qadınlarımızın döyüş bacarmadığını, qadınlarımızın döyüşə bilmədiyini vurğulamışam. Xeyr, əsla belə deyil. Mən o cümləni səsləndirərkən düşündüm və sonra həmin cavab verdim. Bu cümlənin altında incə bir məqam yatır: “Axırıncı Azərbaycan kişisi ölməyənə qədər”. Baxın, bizlər öldükdən sonra qadınlarımız bu torpaqlarımız üçün vuruşacaq, torpaqlarımızı qorumaq onların boyun yükü olacaq. Amma biz kişilər sağ ikən onlar vuruşmayacaqlar. Bu mümkün ola bilməz. Çünki, döyüş meydanında mən döyüşdən çox mənimlə vuruşan qadınları qorumağı düşünəcəm. Bu isə mənim döyüşümə mane olacaq. Nəinki mənim, damarında Azərbaycanlı qanı axan hər bir kişinin.

- Kamil Musaviyə sual verilsəydi ki, “Kamil Musavi kimdir?” özünü bir cümlə ilə necə təqdim edərdi ?
- Xalqının əsgəri, əsgərlərin komandiri (susur).

Rövşən Tahir


Xəbər xətti