Sahibkarlığın inkişafı istiqamətində hüquqi baza formalaşdırıldı

19:27 - 4 İyun 2018 - KİVDF

Məqsəd hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi

Hüquqi dövlət quruculuğu istiqamətində  həyata keçirilən tədbirlərdən biri də sahibkarlığın inkişafı, onun  hüquqi bazasının yaradılmasıdır. Bu istiqamətdə addımlardan biri də Prezident Heydər Əliyev tərəfindən 17 iyun 1996-cı il tarixdə imzalanan "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərmandır. Fərmanda bildirilirdi ki, iqtisadi fəaliyyətlə məşğul olan idarə, müəssisə, təşkilat və vətəndaşlardan əsassız keçirilən yoxlamalar haqqında çoxsaylı şikayət və müraciətlər daxil olur. Dövlət nəzarətini həyata keçirən orqanların bəzi vəzifəli şəxsləri tərəfindən belə yoxlamaların aparılması bir çox hallarda qeyri-qanuni varlanma məqsədləri daşıyır və ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır. Keçmiş SSRİ dövründən miras qalan dövlət nəzarəti mexanizmi müasir tələblərə cavab vermir və yoxlamalar zamanı vəzifəli şəxslərin öz hüquqlarından sui-istifadə etməsi üçün şərait yaradır, bu isə vətəndaşların haqlı narazılığına səbəb olur. Respublikada yeni iqtisadi münasibətlərin yaranması və inkişafı mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq istehsal, xidmət və maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarının dəyişdirilməsini və yeni qanunvericiliklə tənzimlənməsini tələb edir. Bu səbəbdən də Prezidentin imzaladığı fərman bu neqativ halların aradan qaldırılmasına xidmət edirdi.  Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın imzalanmasından bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görüldü. Belə ki, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər keçirildi.

Bundan başqa, ilk növbədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün bir sıra qanunlar qəbul edilməyə başlandı. Ümummilli lider Heydər Əliyevin 1997-ci il iyunun 24-də təsdiqlədiyi “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)” məhz bu məqsədlə qəbul olundu. Azərbaycan Konstitusiyasına və "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanan yeni proqramın məqsədi sahibkarlığın ardıcıl inkişafı, Azərbaycan iqtisadiyyatında onun rolunun gücləndirilməsi və tədricən dünya iqtisadiyyatına inteqrasiya olunması üçün əlverişli mühitin formalaşdırılmasından ibarət idi. Sahibkarlığın ardıcıl inkişafını təmin etmək üçün proqramda bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi, təşkilati şərtlərin, bazar infrastrukturunun təkmilləşdirilməsi, səmərəli iqtisadi-maliyyə mexanizminin yaradılması, işlək müdafiə sisteminin formalaşdırılması əsas vəzifələr kimi qarşıya qoyulurdu. Deməli, Proqramda kiçik və orta sahibkarlığın rolunu müəyyən etmək, bu istiqamətdə qanunvericiliyi möhkəmləndirmək, sahibkarlar üçün münbit maliyyə-kredit sistemini formalaşdırmaq idi.

Bundan başqa, özəl bölməni daha da inkişaf etdirmək məqsədilə Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Sözügedən layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilərək, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və s. barədə ulu öndərin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına zəmin yaratdı. 1 yanvar 2001-ci il tarixdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu. Bundan öncə isə vergi münasibətlərini tənzimləyən bir sıra qanunların, məsələn, "Mədən vergisi haqqında" (1995-ci il), "Əmlak vergisi haqqında" (1995-ci il), "Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında" (1996-cı il) qanunların qəbul edilməsi, qüvvədə olan "Əlavə dəyər vergisi haqqında", "Fiziki şəxslərin gəlirlərindən vergi haqqında" və s. qanunlarda əlavə və dəyişikliklər edilməsi sahibkarlar sinfinin formalaşıb inkişaf etməsində mühüm əhəmiyyət kəsb etdi. Ulu öndərin sahibkarlara birbaşa qayğısı sayəsində vergi dərəcələrinin mütəmadi olaraq endirilməsi də özəl sektorun ümumi iqtisadiyyatda çəkisinin artmasında özünəməxsus rol oynadı.

 Bütün bunlarla yanaşı hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılması və iqtisadiyyatın inkişafı üçün dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ölkə prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalandı

Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm həlqələrindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş verdi. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük vermişdir ki, bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sisteminin tətbiqi oldu. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olundu və burada mövcud boşluqların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutdu.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət etdi. 
sahibkarlığın inkişafına süni maneçilik törədirdi. Buna görə də bu problem müdrik Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm həlqələrindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş verdi. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük verdi ki, bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sisteminin tətbiqi oldu. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olundu və burada mövcud boşluqların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutdu

(ardı var)

Xəbər xətti