Mövcud vəziyyət və perspektiv imkanlar

11:36 - 14 İyun 2016 - ÖLKƏ İÇİ

Menecmentliyi düzgün qurmağın vaxtı çatıb

Turizm ölkənin sosial-iqtisadi və intensiv inkişafında əsas prioritet istiqamətlərdən biridir. Həmçinin, regionun iqtisadi inkişafında, yoxsulluq səviyyəsinin azaldılmasında, əhali köçlərinin, xüsusən ucqar kəndlərin boşalmasının qarşısının alınmasında və ölkə büdcəsinin vergi daxilolmalarının artmasında güclü bir alətdir. Turizm həm də mədəniyyətin göstəricisi kimi insanı mənəvi zənginləşməsinə kömək edir. Bu sahənin ölkəmizdə inkişaf etdirilməsi üçün isə geniş imkanlar var. Qonaqpərvərlik mədəniyyətinin turizm xidmət mədəniyyətinə çevrilməsi ölkədə turizmin inkişafına böyük təkan verə bilər. O cümlədən, tolerantlıq Azərbaycan xalqının mühüm dəyəri kimi dünya xalqlarına təqdim ediləcək dəyərli xüsusiyyətdir. Azərbaycanda 3 böyük dinin bir coğrafiyada birlikdə yaşamış olması, onların arasında ayrı-seçiciliyə yol verilməməsi planetin ən çox ehtiyac duyduğu məqamdır. Bu mənada tolerantlıq, xarici turistlərə xoş və normal münasibət vacib məqam, üstünlükdür. Azərbaycan mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Milli mətbəximiz turizm sektoru üçün geniş imkan təklif edir. Bura yüksək kalorili ət yeməklərindən tutmuş balıq yeməklərini, vegeterian tələblərə uyğun göyərti və tərəvəzdən hazırlanan təamları əlavə edə bilərik. Azərbaycan həm də maraqlı tarixi-mədəni irsə malikdir. Bu irs üzərində beş min illik dövlətçiliyin və üç dinin (atəşpərəstlik, xristianlıq, islam) izləri qalmaqdadır. Ölkəmiz təbiət imkanlarına görə də rəngarəngdir. Göründüyü kimi, Azərbaycanın turizm mərkəzinə çevrilməsi üçün çox geniş imkanları var. Bu imkanlardan istifadə etməklə turizm sektorunun ümumi daxili məhsulda payını 8-10 faizə çatdırmaq mümkündür. Amma bu gün bu göstərici 1,8 faizi keçmir. Bəs, turizmin inkişafına nə mane olur?

Xidmətlərin səviyyəsi çəkilən xərclərə uyğun gəlmir

Paytaxtda və regionlarda 4-5 ulduzlu hotellərin daha çox olması və burada xidmət haqlarının bahalığı aşağı və hətta orta gəlirli turistlərin gəlişinə ciddi maneə sayılır, onlara çox az seçim imkanı verir. Təssüflər olsun ki, bu hotellər daha çox bahalı turizm məhsulu seqmenti üçün nəzərdə tutulur və bir günlük qiymətlər 150 manatdan 450 manatadək dəyişir. Onların xidmətindən isə Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə iştirak etmək üçün gələn əcnəbilər istifadə edirlər. Azərbaycana gələn turistlərin əksəriyyəti isə bu imkana sahib deyillər. Xüsusilə, yerli turistlərin maddi imkanları da bahalı turizm xidmətlərindən istifadəyə imkan vermir. Məsələn, İlham Əfəndiyev Yeni il şənliyini ailəsi ilə birlikdə Qəbələdə keçirmək istəyirdi və bu məqsədlə bir neçə otelə müraciət etməli oldu. Rayondakı “Qafqaz Riverside Hotel”, “Qafqaz Tufandağ”, “Qafqaz Sport Hotel”, “Qafqaz Resort” otellərində iki nəfər üçün minimum iki gecə qalmaqla səhər yeməyi və Yeni il şənliyi daxil olmaqla qiymətlər 420-480 manat arasında dəyişirdi. “Qafqaz Karvansaray Hotel” də isə eyni şərtlərlə iki nəfər üçün qiymət 410 manat idi. Deməli, dörd nəfərdən ibarət bir ailənin iki günlük istirahət xərci  820-960 manat arasında dəyişirdi. Belə olan halda İlham Əfəndiyev, əlbəttə, Azərbaycanda deyil, xaricdə istirahət etməyə üstünlük verdi. O, ailəsi ilə birlikdə həmin məbləğə bir həftə Gürcüstanın Bakuriani kurortunda dincəldi. Xatırladım ki, 2016-cı ilin ilk 5 ayı ərzində Gürcüstana 600 minə yaxın azərbaycanlı səfər edib və onlar bu respublikada kifayət qədər vəsait xərcləyiblər. Halbuki, qiymətlər münasib olsaydı, həmin vəsait xaricdə deyil, Azərbaycanda xərclənərdi. Bir sözlə, yerli turizm obyektlərindəki fantastik qiymətlər insanları ölkənin olan-qalan səfalı yerlərindən didərgin salır. Bu, həm də ölkə iqtisadiyyatının turizmin hesabına itkisidir. Öz dövlətimizin büdcəsinə verəcəyimiz pul başqa dövlətin cibinə axır. İtirən isə bizik. Özü də təkcə əcnəbi turistləri yox, yerli turistləri də, büdcəmizə daxil olmalı vəsaitləri də itiririk. İtkilərimizi isə minumuma endirmək üçün qabaqlayıcı tədbirlər görməliyik.  «Xüsusilə turist qrupları, idmançılar üçün 2-3 ulduzlu hotellər lazımdır və belə hotellərin mövcudluğu ölkəyə xaricdən gələn turistlərin sayını 2 dəfə artıra bilər. Düşünürəm ki, sahibkarları sözügedən kateqoriyadan olan hotellərin tikilməsinə cəlb etmək üçün dövlət qurumları bir sıra güzəştlər etməlidir»,-Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyir. Onun sözlərinə görə, Avropada hostel anlayışı var, yəni turistlər gecələmək üçün sadəcə otağın pulunu verirlər və 3-12 nəfərlik otaqlarda yataq alırlar. Region ölkələri arasında yalnız Azərbaycanda bu anlayış yaddır. "Bakıda bir neçə hostel var, onlardan da çox adam xəbərsizdir. Avropalıların əksəriyyəti səyahətə çıxanda bahalı hotel yox, hostel axtarırlar”.
Turizm sektorunun inkişafına mane olan digər səbəb isə onun mövsümü xarakter daşımasıdır. Məsələn, ölkədəki turizms obyektlərinin əksəriyyəti may ayından sentyabr ayınadək, yaxud da qış mövsümündə işləyir. Həmin obyektlər bağlanan zaman orada işləyən insanlar gedib başqa sahələrdə çalışırlar. Növbəti mövsümdə həmin şəxslərin əksəriyyəti yenidən turizm obyektinə qayıdıb keçmiş işləri ilə məşğul olmur, öz peşələrini dəyişirlər. Nəticədə sahibkarlar bu sektorda təcrübəsi olmayan yeni işçilər işə qəbul edirlər. Hazırda turizm sektorunda 42 minə yaxın işçi çalışır ki, onların da əksəriyyəti bu sahəyə təsadüfən gələn insalardır. Belə olan halda hansı xidmət keyfiyyətindən danışmaq olar. "İaşə və xidmət sektorunda xidmət edən insanlar ən azından peşə təhsili almalıdırlar. Bütün iaşə və xidmət sektorunda müştəri məmnuniyyəti deyilən təfəkkür formalaşmalıdı. Bu gün əli, boynu çirkli, evdən gəldiyi paltarla kimsə yol boyu kafelərdə, restoranlarda xidmət göstərsə, bu ölkəmizə gələn turistlərə o qədər də xoş təsir bağışlamayacaq". Bu sözləri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
Turizm müəssisələrini idarə edən şəxslər isə bu məsələdə yetərincə tələbkar deyillər və işçilərinin peşə biliklərinin artırılması üçün hansısa təlimlərə cəlb edilməsi istiqamətində addımlar atmırlar. Onları ilk növbədə gəlirləri maraqlandırır, əlavə xərcə düşmək istəmirlər, az zəhmətlə daha çox gəlir əldə etmək istəyirlər. Gündə 50 turistə xidmət göstərməkdənsə, 20 turistə xidmət göstərib eyni gəlir əldə etməkdə maraqlıdırlar. Bu kimi neqativ halların qarşısını almaq üçün turizm obyektlərinin mövsümi deyil, il boyu fəaliyyətini təşkil etmək çox vacibdir.
Turistlərin səyahət dövründə qidalanması da müştəri məmnuniyyəti üçün mühüm məsələdir. Xüsusilə az xolesterollu və ətsiz yeməklərin, dünyanın tanınmış mətbəxt nümunələrini, ölkəmizin zəngin mətbəxindən geniş çeşitli yeməklər təklif edilmir. Etiraf etmək lazımdır ki, Azərbaycana gələn turistlər kabab və dolmanı çox sevirlər. Lakin onlara bu yeməkləri hər gün təklif etmək olmaz. Unudulmamalıdır ki, yeməklərin, içkilərin çeşidliyi və gigiyenik normalara cavab verməsi turistin əsas istəklərindəndir. Ucuz hotellərlə yanaşı, ucuz milli yeməklər təqdim edən restoran şəbəkələri yaradılmalıdır.
Bank xidmətlərinin arzu olunan səviyyədə olmaması da Azərbaycanda turizmin inkişafına mane olur. «Bu gün Bakıda olan hotellər istisna olmaqla turist xidmət yerlərinin yaxınlığında ATM-lər çox az saydadır. Bank sistemi regionlarda arzuolunan səviyyədə inkişaf etməyib. Bəzən nəinki kiçik rayonlarda, hətta böyük şəhərlərdə belə, standart bank xidmətilərindən faydalanmaq imkanları ya məhdud, ya da xeyli vaxt itkisi hesabına başa gəlir»,-  iqtisadçı Eldar Aslanov deyir.

Turist yalnız yemək deyil, həm də əyləncə istəyir

Turistlərin asudə vaxtlarının səmərəli təşkili də çox önəmli məsələdir. "Yeyib və uzanmaqla xidmət yekunlaşmamalıdır»,- bu sözləri mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyir. Doğurdan da turist yalnız yemək deyil, həm də əyləncə istəyir. Bu səbəbdən də turizm müəssisələrində mədəni proqramların təşkil olunması vacibdir. «Bizim sahibkarlar bununla bağlı yaxın ölkələrin təcrübələrinə baxsınlar və görsünlər ki, onlar turistlərə necə şərait yaradırlar? Onlar yeməklərdən əlavə şou-proqram da təqdim edirlər. Bizdə isə turizm obyektlərinin əksəriyyətində belə proqramlar olmur. Xidmətin qiymətini baha edən sahibkar bunun müqabilində şou da təqidm etməlidir. Bizdə hətta, elə sahibkarlar var ki, POS terminalları olduğu halda, çalışırlar ki, ödənişi kartla yox, nağd etsinlər, vergidən yayınsınlar. Belə hallara qarşı mübarizə aparmaq lazımdır”. -Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov deyir.
Mütəxəssis deyir ki, ölkədə turistlər üçün maraqlı olacaq gəzməli yerlərin çox olmasına baxmayaraq, onların təbliği, təşkil olunan turların bələdçi təminatı lazımi səviyyədə deyil. Bu gün peşəkar, lisenziyalı bələdçilər çox azdır. Bələdçilərin əksəriyyətində xarici dil problemi var. Muzeylərin marketinq işi demək olar ki, çox zəifdir. Bakı istisçna olmaqla, regionlarda müasir konsert zalları azdır. Olimpiya mərkəzlərinin menecment sahəsində təkmilləşdirmə ehtiyacları var. Bu mənada asudə vaxtın səmərəli təşkili baxımından peşəkar şoumenlərə, DJ-lərə, bələdçilərə və turizm təsisləşməsi zamanı ciddi marketinq tədqiqatlarına ehtiyac duyulur. Bu gün hotellərdə asudə vaxt və istirahət üçün daha çeşitli xidmətlərin (hovuz, su oyunları, animasiyalar, axşam konsertləri, idman meydançaları, hovuzlar və s.), böyük şəhərlərdə tanınmış turizm mərkəzlərinə avtobus reyslərinin təşkilinə, işçi heyətinin təlimləndirilməsinə sərmayə yatırılmasına, alış-veriş edənlər üçün taks-fri (alınan əşyalara xərclədiyi əlavə dəyər vergisinin məbləğinin geri qaytarılması) güzəşti tətbiq edilməsinin vaxtı çatıb. 
İnformasiya və kommunikasiya infrastrukturunun səviyyəsi də turizm sektorunun inkişafına mane olur. Hökumət bu sahəni qeyri-neft sektoru kimi əsas prioritet sahələrdən biri hesab edir və onun inkişafına Neft Fondundan 300 milyon manat ayrılıb. Lakin görülən işlərə baxmayaraq internetin keyfiyyətinin ölkənin ucqarlarında lazımi səviyyədə olduğunu demək düzgün olmazdı  " Türkiyədə adamlar adi smartfonlar vasitəsilə lig tv-lərə baxırlar, 4g işləyir. Rusiya 4 il bundan qabaq 30 milyon dollar vəsait qoymaqla metrolarda pulsuz wi-fi quraşdırdı. Bizdə pulsuz wi-fi deyilən bir şey varmı? İctimai nəqliyyatda belə bir şey yoxdur. Bizdə internet, rabitə tamamilə keyfiyyətsizdir. Deyə bilərlər ki, qərəzliyəm. Ancaq bu yaxınlarda Ukrayna İT mütəxəssisləri start up- larla bağlı layihələr həyta keçirirdilər. Bunlar gördülər ki, Azərbaycanda bu platforma nə qədər aşağıdır və Qazaxıstanda layihəni həyata keçirdilər",-Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, bu çatışmazlıqlar sahibkarların turizm sahəsində elektron marketinqdən daha geniş istifadəsinə mane olur. Ənənəvi təbliğat vasitələrindən fərqli olaraq, elektron marketinq az maliyyə vəsaiti tələb etməklə daha çox effektiv təbliğat və informasiya təsirinə malikdir. Unutmaq olmaz ki, hazırda dünyada 3 milyarddan artıq insan internetdən istifadə edir.

Menecmentliyi düzgün qurmağın vaxtı çatıb

2015-ci ildə Azərbaycana təqribən 2 milyona yaxın turist gəlib. Növbəti 5 il ərzində isə Azərbaycana gələn turistlərin sayının təqribən 3,5-4 milyona çatacağı gözlənilir. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, bu gün turistlərin sayında 50 və ya 100 faiz artımın olmasını da gözləmək lazım deyil, çünki hotellərimiz birdə-birə 5 milyon turisti qəbul etməyə hazır deyil. "Bu gün Azərbaycanda "dörd" və "beşulduzlu" hotellərin sayı kifayət qədərdir. Ona görə də sərmayəçilər daha çox "üçulduzlu" hotellərə diqqət yetirməlidirlər. Bu, öz növbəsində daha geniş təbəqəyə xidmət göstərməyə imkan verər".
Nazirinin müavini Nazim Səmədov isə bildirib ki, dünya təcrübəsindən yararlanmaq olar. Məsələn, xaricdə 5 ulduzlu otellərin 1-2 ulduzlu otelləri də olur. Turizm kompleksin bir hissəsi 5 ulduzlu otel səviyyəsindədirsə, bir hissəsi pansionat şəklindədir. Bu təcrübənin də ölkəmizdə tətbiqi məqsədəuyğun olardı.  Göründüyü kimi kifayət qədər problemlər var. Bu sahədə uğurlar qazanmaq üçün isə artıq dövlət tərəfindən bütün şərait yaradılıb - turizm fəaliyyəti üzrə sahibkarlıqla məşğul olmaq üçün lisenziya tələb edilmir, vizaların verilmə müddəti (10 gündən 5 günə) azaldılıb, infrastruktur yaxşılaşdırılıb. Ancaq bizim turizm şirkətləri indiyədək tənbəllik ediblər. İndi oturub baş sındırmaq, menecmentliyi düzgün qurmağın vaxtı çatıb. Bunlar həyata keçirilərsə, Azərbaycana turist gəlişini dəfələrlə artırmaq olar. 

Pünhan Əfəndiyev

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur

Xəbər xətti