Şəkidə müəllimlərin əl işlərindən ibarət sərgi keçirilib - FOTO

17:05 - 24 Dekabr 2024 - ÖLKƏ İÇİ

Dekabrın 24-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Şəki rayonunun təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən müəllimlər arasında "Yaşıl Dünya naminə Həmrəylik İli" çərçivəsində "Tullantılardan İncəsənətə" adlı əl işlərindən ibarət sərgi keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili Şöbəsinin müdiri İlahə Rəsulova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Sərginin açılışı öncəsi müəllimlərin əl işlərinə baxış keçirilib. Daha sonra tədbir iştirakçıları "Yaşıl Dünya naminə Həmrəylik İli"nə həsr olunmuş bir neçə sinifdə təşkil edilən açıq dərsləri izləyiblər.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər belə tədbirlərin müəllimlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı və ekoloji şüurun artırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Sərgi çərçivəsində təşkil edilən müsabiqənin qalibləri münsiflər heyətinin qərarı ilə müəyyənləşdirilib və qaliblərə mükafatlar təqdim edilib.

Tədbir məktəbin şagirdlərinin hazırladığı "Yaşıl Dünya naminə Həmrəylik İli"nə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə yekunlaşıb.


Xəbər xətti