Şəhid ailələri və müharibə əlillərinə daha 150 mənzil verildi

12:03 - 24 Dekabr 2024 - Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 150 mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 33 avtomobil verilib.

Ucnoqta.az xəbər verir ki, 4 saylı DOST Mərkəzində mənzillərin və avtomobillərin sənədlərinin təqdim edilməsi tədbiri olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və Nazirlik yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov iştirak ediblər. A.Kərimov vurğulayıb ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalara aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə aparılan işlərin bir istiqaməti də onların mənzil və fərdi evlərlə təminatıdır. Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılan proqram ildən-ilə uğurla davam etdirilir.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə bu proqram 5 dəfə genişlənib.

Qeyd edək ki, təqdim edilən mənzillər Bakı, Sumqayıt, Abşeron və digər regionlarda yerləşən yeni yaşayış komplekslərində yerləşir. Bu gün daha 150 mənzil verilməklə cari ilin ötən dövründə artıq 650 mənzil təqdim edilib və bu həftə daha 150 mənzil veriləcək. Beləliklə, postmüharibə dövründə 6800-dək, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub. Həmçinin daha 33 avtomobil verilməklə, növbədə dayanan bütün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı başa çatmış oldu. Bu kateqoriyaya aid şəxslərə postmüharibə dövründə 567, ümumən 7,7 min avtomobil verilib.

E.Məmmədov şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması, o cümlədən onların mənzillə təminatı sahəsində aparılan işlərin ümumən ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb.

Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün yeni mənzil və avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Xəbər xətti