Dörd ölkə İranı məhkəməyə verir

20:25 - 17 Oktyabr 2024 - DÜNYA

 Böyük Britaniya, Kanada, Ukrayna və İsveç 2020-ci ilin yanvarında Tehran səmasında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Haaqa Beynəlxalq Məhkəməsində İrana qarşı iddia qaldırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqaard məlumat verib.

O, parlamentdə sualları cavablandırarkən deyib: “Dünən İsveç, Ukrayna, Kanada və Böyük Britaniya İrana qarşı qaldırdığımız iş üzrə Haaqa Beynəlxalq Məhkəməsinə şikayət edib. Biz İranın beynəlxalq hüquq çərçivəsində təyyarənin vurulmasına görə məsuliyyətinin müəyyən edilməsini və həlak olanların yaxınlarının təzminat almasını tələb edirik”.

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 Tehran-Kiyev reysi ilə uçan Boeing 737-800 təyyarəsi 2020-ci il yanvarın 8-də İran paytaxtının hava limanından havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.
Ölən 176 nəfər arasında Əfqanıstan, Böyük Britaniya, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları var. Həmin il yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan Boeing-i səhvən vurduqlarını və təyyarəni “düşmən hədəfi” kimi qəbul etdiklərini bildirdilər.

Xəbər xətti