“Bunu oyun günü öyrəndim” - 1000-ci oyununa çıxan Messi

12:18 - 4 Dekabr 2022 - İDMAN

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi peşəkar karyerasında 1000-ci oyununa çıxıb.

Ucnoqta.az xəbər verir ki, 35 yaşlı futbolçunun yubileyi Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Avstraliya ilə oyuna təsadüf edib.

Messi 1000-ci oyununu qol vurmaqla qeyd edib. Onun hesabı açdığı bu oyunda Argentina yığması da 2:1 qalib gəlib və 1/4 finala yüksəlib.

O, bununla bağlı deyib: “1000-ci oyunum olduğunu matç günü öyrəndim. Anı yaşayıram və yaşadıqlarımdan zövq almağa çalışıram”.

Xatırladaq ki, təcrübəli oyunçu İspaniya “Barselona”sında 778, hazırkı klubu Fransa PSJ-sində 53, yığmada isə 169 dəfə meydanda olub. O, bu görüşlərdə bütövlükdə 788 qola imza atıb, 338 məhsuldar ötürmə müəllifi olub.

Messi Argentina yığmasının heyətində dünya çempionatında vurduğu qol sayını da 9-a çatdırıb. Bununla da o, əfsanəvi hücumçu Dieqo Maradonanı geridə qoyub.///qafqazinfo

Xəbər xətti