8 May Beynəlxalq Talassemiya Günüdür

10:12 - 8 May 2022 - Leykoz

Hər il mayın 8-i bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. 

Ucnoqta.az xəbər verir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da talassemiya geniş yayılıb. Statistik məlumatlara görə, ölkədə 3500 talassemiyalı xəstə var.

Talassemiya irsi keçən qan xəstəliyidir. Valideynlərdən uşağa gen vasitəsilə keçən ağır irsi qan xəstəliyi olan talassemiya-genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur. Talassemiya hemoqlobin istehsalı zamanı qırmızı qan hüceyrəsində tapılan zülal çatışmazlığı yaranır. Bu oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir.

Talassemiya erkən təzahür etdiyi halda uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə səbəb olur. Bu dəyişikliklər kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və sairələridir. Belə uşaqlarda bir qədər sarılıq qeyd edilir, onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar

Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə talassemiyanın profilaktikasının gücləndirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi, bütövlükdə, talassemiya xəstələrinə göstərilən tibbi köməyin təkmilləşdirilməsini nəzərdə tutan “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.

 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Xanım Əliyeva hələ 2005-ci ildə Azərbaycanda “Talassemiyasız həyat naminə” layihəsinin həyata keçirilməyə başlanmasını elan edib. ​Dövlət Proqramının məqsədi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

Həmin proqram çərçivəsində 2009-cu ildə Bakıda Respublika Talassemiya Mərkəzi istifadəyə verildi. Mərkəzdə bu xəstəlikdən əziyyət çəkən pasiyentlər lazımi dərmanları və ixtisaslaşmış tibbi köməyi pulsuz əldə etməyə, ölkə ictimaiyyəti isə mühüm problem olan qan donorluğuna fəal qoşulmağa başladı. “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”na əsasən artıq 39 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb. 

Xəbər xətti