Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mübahisələrə kommersiya məhkəmələri baxır

17:08 - 18 May 2020 - KİVDF

Dövlət müdafiəsi mexanizmi kimi məhkəmə sistemi hər bir hüquqi dövlətdə mühüm əhəmiyyət kəsb edir

Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır. Bu barədə Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında”  imzaladığı fərman giriş hissəsində bildirilib. Bu fərman hüquq sistemində islahatların dərinləşəcəyinə böyük ümid yaradıb.  Professor Aytən Mustafazadə bildirib: “Fərman ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün məhkəmə - hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına və bu sahədə islahatların dərinləşəcəyinə böyük ümid yaradır.  Hüquqşünas Natiq Eyvazov isə bildirib ki, respublikada həyata keçirilməkdə olan köklü məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olmaqla bu strateji sahənin gələcək inkişafı üçün prioritetləri müəyyən edən mühüm əhəmiyyətli sənədin imzalanması bir tərəfdən cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, o cümlədən də süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsinə xidmət edirsə, digər tərəfdən də dövlət başçısı tərəfindən cinayət-hüquq siyasətinin liberallaşdırılması və cinayətlərin dekriminallaşdırılması məqsədilə imzalanmış 10 fevral 2017-ci il tarixli Sərəncamda icrası nəzərdə tutulan kompleks institusional, qanunverici və praktiki islahatların keyfiyyətcə yeni mərhələyə keçid etməsinə mühüm təkan verir.

 Bu sənəd məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının və məhkəmə-hüquq islahatlarının davamlılığının real göstəricisidir. Fərmanın məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir. Nəzərdə tutulan məqsədə nail olunması üçün vətəndaşların məhkəməyə müraciət etmək imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsi kimi vəzifələr qarşıya qoyulub. Respublika Prezidentinin fərmanında müəyyən vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmaqla yanaşı, onların təminatı da müəyyənləşdirib, həyata keçirilməsinin konkret müddətləri dəqiqləşdirilib. Fərmanda qeyd olunur ki, “ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.

Fərmanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə nəzərdə tutulmuş tədbirlər hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının müdafiəsinə əmin olduğu bir dövlətdə yaşamasının təmininə, xalqın rifah halının yüksəldilməsinə, sabit, hüquqi dövlətdə inam və qayğı ilə əhatə olunmuş şəraitdə yaşamasına yönəlib. Sənədin müddəaları Azərbaycan Respublikası Prezidentinin ardıcıl olaraq həyata keçirdiyi, xalqa qayğı və diqqətin artırılmasına istiqamətlənmiş tədbirlərin hüquqi təmininə xidmət edir.

Fərmanda, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsi Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilib. Bu dövlət quruculuğu sahəsində çox önəmli məsələlərdən biridir. Bu bir daha göstərir ki, dövlət müdafiəsi mexanizmi kimi məhkəmə sistemi hər bir hüquqi dövlətdə mühüm əhəmiyyət kəsb edir. Arbitr rolunda çıxış etməklə məhkəmə sistemi hüquqla tənzimlənən bütün fəaliyyət sahələrini eyni vaxtda müdafiə edir. Məhkəmə orqanları sistemi konstitusiya quruluşunun əsaslarının sarsılmazlığını, hüquq qaydasını, iqtisadi məkanın vahidliyini, fiziki və hüquqi şəxslərin əmlak və qeyri-əmlak hüquqlarını, həmçinin iqtisadi fəaliyyət azadlığını təmin edir.

Həmçinin fərman ölkədə biznes mühitinin inkişafını təşviq etməklə Azərbaycan Respublikasının iqtisadi inkişafının davam etdirilməsində və sürətləndirilməsində mühüm rol oynayacaqdır. Xüsusilə 3-cü, 6-cı və 7-ci bəndlərə istinad etməklə bu qənaətə gəlmək mümkündür ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkili, beynəlxalq arbitraj prosedurlarının təşviqi, ədalət mühakiməsinin bütün tərəflərinə məsələni proqnozlaşdırmaq imkanı verəcək vahid məhkəmə təcrübəsinin, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı tövsiyə və tapşırıqlar ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərir. Bu da sahibkarların fəaliyyətinə öz müsbət töhfəsini verir. Məsələn,3.1 bənddə  sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulurdu. Artıq belə bir məhkəmə yaradılıb. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə kommersiya məhkəmələri baxacaq. Bununla bağlı Mülki Prosessual Məcəllənin 26-cı maddəsində dəyişiklik olub. Bu maddədə qeyd olunub ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

Xəbər xətti