“Millidə işləməyimə peşman deyiləm, karyeramda yeni səhifə oldu“.
Bu sözlər 19 yaşlılardan ibarət yığmanın baş məşqçisi Samir Əliyevə məxsusdur. O, gənclər millisini çalışdırmağa razılıq verdiyi üçün peşman olmadığını bildirib: “Avropa çempionatının seçmə mərhələsindən sonra futbolçulara təşəkkür etdim və onlarla fəxr etdiyimi söylədim.
Ölkə futbolunda problemlər həddən artıq çoxdur. Bununla bağlı üç-dörd tonluq kitab yazmaq olar. Çıxış yolu odur ki, regionlarda, liqalarda komandaların sayı artsın. Guya bunu bilmirik? Hamı çox gözəl bilir.
Bunu AFFA, Məşçilər Komitəsi, mütəxəssislər, futbol ictimaiyyəti istəyir. Biz də istəyirik ki, qələbələr qazanaq. Acı reallıq olsa da, qəbul edək ki, futbol ölkəsi deyilik. Bunu indi etiraf etməliyik, gələcəkdə necə olacağını isə bilmirəm.
Bəzi futbolçular işinə səhlənkar yanaşır. Bizim istedadlı və potensiallı futbolçularımız var. Buna görə norveçli və çexiyalı uşaqlardan heç də geri qalmırlar. Biz işə yanaşmada uduzuruq. Futbolçunun həyata baxışında, məşqlərə yanaşmasında məğlub oluruq.
Bilmirəm, problem klublardadır, ya özlərində, bəlkə də zaman dəyişib. Rəqib komanda otelin qarşısından stadiona avtobusla 14:30-da gedəcəyini deyir və bütün futbolçular həmin zamana 5 dəqiqə qalmış hazır olur.
Bizdə isə 14:30-u keçir, yığılıb avtobusa minə bilmirik. İstəmirsən ki, ciddi sanksiyalar tətbiq edəsən. Çünki 5-6 günlük toplanış olur. Bəzi şeyləri dəyişmək həddindən artıq çətindir. Fərdi söhbətlər də edirsən, xeyri olmur”./qafqazinfo