Belə bir açıq təxribata yol verilməsi İranın ölkəmizə qarşı nankor və ikiüzlü münasibətindən başqa bir şey ola bilməz
Xəbər verildiyi kimi, martın 5-də İran silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Baxmayaraq ki, bu ölkənin xarici işlər nazirinin müavini mətbuata açıqlamasında baş verən insidentdən xəbərsiz olduqlarını, ciddi araşdırılacağını, ondan sonra real münasibət bildirməyin mümkünlüyünü qeyd edib.
Bəlkə də, dünyanın baş bəlasına çevrilən bu rejimin rəhbərliyi dərhal məsələyə münabət bildirsəydi, üzr istəsəydilər və belə halın bir də təkrarlanmayacağını dilə gətirsəydilər, hardasa anlayışla qarşılamaq olardı. Amma və lakin ötən gün qardaş Türkiyənin, bu gün də Azərbaycanın hədəf alınması təsadüf ola bilməz.
Kimin nə deməsindən aslı olmayaraq, bu, açıq təxribat, regionda vəziyyəti daha da qızışdırmaq, regionun bütün ölkələrini qarşısıalınmaz proseslərə cəlb etməkdir. Yaxşı, əgər viranə qoyulmaqda olan İranın özlərinin də başa düşmədikləri qəliz siyasəti ABŞ və İsrail hərbi bazalarına hücum etməkdirsə, onda Azərbaycan ərazisinə pilotsuz uçuş aparatları ilə hücum etmək hansı məna kəsb edir? Məgər, Naxçıvanda hansısa ölkənin hərbi bazası var? Bəs bu nə absurd açıqlamadır: “.. əgər regionda hərbi baza varsa və onlardan İrana hücum etmək üçün istifadə olunursa, onları hədəfə alacağıq...”.
Belə bir şeyin ola biləcəyini ancaq ağlını itirmiş insanlar təsəvvür edə bilər. Atəşin hədəfləri mülki obyektlərdirsə, Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlərdirsə, bunun nəyi hərbi bazadır?
İranda ali rəhbərliyindən tutmuş sıravi vətəndaşına qədər hər kəs yaxşı başa düşür ki, Azərbaycan “uzaq qohumdan, yaxın qonşu irəlidir” deyiminə həm sözdə, həm də əməldə riayyət edərək, daim qonşuluq prinsipinə sadiq qalmaqdadır. Nə tez yaddan çıxardınız ki, ölkəmizin birinci şəxsi, prezident İlham Əliyev dəfələrlə regional məsələlər müzakirə olunanda açıq tezislə bəyan edib ki, Azərbaycan ərazisi İran, və ümumiyyətlə, heç bir uzaq və ya yaxın qonşu, dost və ya strateji ölkə üçün heç vaxt təhlükə olmayıb və bundan sonra da heç vaxt da olmayacaq.
Uzağa getməyək cənab prezident kimi qətiyyətli davranaraq İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, İranın səfirliyini ziyarət edən başqa dövlət başçısı oldumu? Bunu qiymətləndirməmək, belə xoş niyyəti yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq, şərəfsizliyin növbəti çirkin nümunəsidir. Xoş niyyətlərimizi, xeyirxah addımlarımızı görməzdən gəlmək, xain ölkənin rəhbərliyinin pis xislətindən başqa bir şey deyil.
Düzdür, bu kimi təxribatçı hallar İran tərəfindən ölkəmizə birinci dəfə yol verilmir. Unutmadıq və heç zaman da unutmayacağıq: Birinci Qarabağ müharibəsində bizim məğlub olmağımıza sevinib, 44 günlük Vətən Müharibəsində isə qələbəmizi həzm edə bilməyən də ən çox cənub qonşu ölkə idi. Müharibəni Ermənistanın qırmızı xətti hesab edən də onlar idi. 70-80 milyon cənub soydaşlarımıza qənim kəsilən, onları bütün insani hüquqlardan məhrum edən, daim təzyiq altında saxlayan, azərbaycanlı fəalları təqib edən, tez-tez cəzalandıran da, yenə bu rejimdir, desək lap yerinə düşər.
Bütün bunlara rəğmən, üstəgəl ABŞ və İsrailin son hücumlarından əvvəl də Azərbaycan rəhbərliyinin ərazimizin heç bir halda İrana qarşı istifadə olunmayacağı barədə dəfələrlə açıqlamalarına və xoşməramlı və neytral olduğunu iddia etməsinə baxmayaraq, belə bir açıq təxribata yol verilməsi qarşı tərəfin ölkəmizə qarşı nankor və ikiüzlü münasibətindən başqa bir şey ola bilməz. Başqa sözlə, bu hərəkətlər bir daha onların ikiüzlülüyünü və nankorluğunu nümayiş etdirir.
Cənab prezidentin də Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi kimi bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. ... Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir....
Əks halda atacağımız addımlardan onları heç kim və heçnə sığortalamayıb. Müstəqil, suveren ölkə kimi mütləq qərarlarımızın sahibiyik. Ölkəmizə, onun vətəndaşlarına qarşı yönələn istənilən təxribatlara artıqlaması ilə cavab vermək iqtidarındayıq. Çünki “Dəmir Yumruq” yerindədir. Heç yerə getməyib.
Əfsun Sucayev
YAP idarə Heyətinin üzvü,
professor