Dünyada idarə olunan xaos nəzəriyyəsi mövcuddur, Qərbin (bəzən isə Rusiyanın) siyasi-hərbi texnoloqları zaman-zaman bu yanaşmadan istifadə ediblər-edirlər. Amma İranın davranışları bölgədə hərbi, dünyada isə iqtisadi, idarə olunmayan xaos yaratmaq cəhdləridir.
Ucnoqta.az xəbər verir ki, bu fikirləri Real partiyasının sədri Natiq Cəfərli bildirib. Partiya sədrinin sözlərinə görə, başsız qalan, liderlik böhranına daxil olan, daxili elitalar arası ciddi fikir ayrılıqları mövcud olan İran küncə sıxılıb, sıxıldıqca aqressiv və ilk baxışdan, məntiqsiz addımlar atır:
"Amma, “məntiq” var, ən azından, aqressiv şəkildə bütün bölgə ölkələrinə saldırmağa çalışan İranın fraqmental rəhbərliyi düşünür ki, neft-qaz bazarına təsir etməklə, dünya logistikasını axsatmaqla böhran yarada bilər və bu böhran Avropa, ABŞ, region ölkələri xalqlarını bezdirəcək, müharibəni dayandırmaq üçün öz hökumətlərinə basqı quracaqlar. Yəni, əgər neft qiymətləri 100 dolları, qaz isə 1000 dolları keçsə, mal çatdırılması geciksə, logistika çöksə, dünyada qiymətlər kəskin artacaq, bölgə xalqları və Avropa, ABŞ seçiciləri öz hakimiyyətlərinə qarşı çıxacaqlar".
Natiq Cəfərli qeyd edir ki, bu çox təhlükəli və yanlış “məntiqdir”, fraqmental İran rəhbərliyi tərəfindən Türkiyə və Azərbaycana qarşı atılan aqressiv və mənasız addımlar da bu idarə olunmayan xaosun tərkib hissəsidir:
"Bəziləri deyir-yazır, şübhə toxumu səpməyə çalışır ki, İran niyə Türkiyəni, Azərbaycanı hədəf alsın – çox sadə, bu elə həmin idarə olunmayan xaosun tərkib hissəsidir, Azərbaycan neft-qaz ölkəsi, Türkiyə isə üzərindən boru kəmərləri şəbəkəsi keçən ən vacib enerji “hub”-larından biridir. İran münaqişəsi kontekstində Azərbaycanın, Türkiyənin adının dünya mətbuatında çəkilməsi, enerji bazarına psixoloji təsir edən amildir – İranın aqressiyasının hədəfi də məhz budur.
Niyə bu “məntiq” mənasızdır? Çünki, bu taktika və strategiyanın işləməsi üçün bir neçə ay lazımdır - əgər münaqişə 3-4 ay davam etsə, o zaman logistika axsaya, inflyasiya kəskin arta bilər. Amma, başsız qalıb xaotik çırpıntı halına düşən İranın 3-4 ay dözməsi mümkündürmü? Hava məkanına nəzarəti tam itirən, ABŞ və İsrail təyyarələrinin istədiyini etdiyi bir durumda, İran 3-4 aya “mağara dövrünə” qədər bombalanacaq axı - əgər İranın enerji və kommunal infrastruktutuna da zərbələr endirilsə, o zaman İran xalqı, iqtisadiyyatı dözə biləcəkmi?!"
"İran rejimi anlamalıdır ki, xarici təcavüz nəticədir (hüquqsuzdur, beynəlxalq hüququn çeynənməsidir – bu heç), səbəb İranın daxili sistemi, iqtisadiyyatının zəifliyi, xalqın rifah halının çökməsidir. Sabah müharibə dayana bilər, dayanacaq da, amma, İranın daxili problemləri yox olmayacaq axı! Çıxış yolu daxili islahatlar, idarəetmənin səlahiyyətinin və məsuliyyətinin seçilmişlərə, sivil siyasətə, bu gün İranda yeganə legitim, seçilmiş institut olan prezidentə keçməsidir. Bu gün İranın hərbiləşdirilmiş qurumları ölkə iqtisadiyyatının boğazına çöküb, qeyri-effektiv idarəetmə sistemi, öz maraqlarına, varlanmalarına xidmət edən model qurub.
Problemin kökü budur – bu qədər böyük resursu və potensialı olan İranda, bu coğrafiyada yaşayan xalqlar, vətəndaşlar daha yaxşı yaşamağa layiqdirlər, indiki rejim, bu sistem İranın potensialının qarşısında ən böyük əngəldir" - N.Cəfərli əlavə edib.