Azərbaycan yığması Bəhreyni məğlub edib

22:59 - 9 Oktyabr 2019 - İDMAN

Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma Bəhreyndə bu ölkənin millisi ilə görüşüb. AVRO-2020-nin seçmə mərhələsində uğursuzluğa düçar olub, 5 oyun keçirdikdən sonra həlledici raunda qatılmaq şansını rəsmən itirən Azərbaycan yığması heç olmasa yoldaşlıq matçında azarkeşlərini sevindirməyə çalışıb. Müxtəlif səbəblərdən kənarda qalan 5 futbolçusunu səfərə aparmayan millinin daha bir üzvü – Qara Qarayevin də zədələnməsi xorvatiyalı mütəxəssisi çətin durumda qoyub.

Bu səbəbdən əsas komanda Asiya təmsilçisi ilə görüşə optimal olmayan heyətlə çıxıb. Bunun nəticəsidir ki, Azərbaycanın futbol tarixində ilk dəfə millinin kapitanı legioner futbolçu – milliləşən rusiyalı Bədavi Hüseynov olub.
İlk baxışdan futbol ölkəsi təsiri bağışlamayan, lakin Azərbaycanın 109-cu olduğu FİFA reytinqində 105-ci yerdə qərarlaşan Bəhreyn doğma divarlar arasındakı matça iddialı çıxıb.

Bunun nəticəsidir ki, qarşılaşmada hesabı meydan sahibləri açıblar. Lakin buraxılan qoldan sonra hücumlarının sayını artıran N.Yurçeviçin yetirmələri fasiləyədək hesabda tarazlıq yaradıblar. Millidə qol sayını 5-ə çatdıran Rüfət Dadaşov 6 ildən sonra yığma formasında fərqlənib.

İlk yarıda olduğu kimi, matçın ikinci hissəsi də qarşılıqlı hücumlarla keçib. Milli bu həmlələrin biri zamanı Təmkin Xəlilzadə meydan sahiblərini məyus edərək stadiondakı azsaylı azarkeşlərimizi sevindirib. Bu, ardıcıl 2-ci oyunda fərqlənin futbolçunun millidəki 3-cü qolu olub.
Asiyalıların tarazlıq qolu özünü gözlətməyib. Lakin Bəhreyn millisinin də sevinci çox sürməyib. Ramil Şeydayev komandanı növbəti dəfə irəli çıxarıb – 3:2. Bu, hücumçunun 2019-cu ildə 3-cü, ümumilikdə 4-cü qolu olub.

Beləliklə, milli 2019-cu ildə ilk qələbəsini qazanıb. Bu, həm də baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbə olub. Sonuncu dəfə ötən il noyabrın 17-də Farer adalarına evdə 2:0 hesabı ilə qalib gələn yığma 326 gün sonrakı qələbə ilə 7 matçlıq həsrətə də son qoyub.

Qeyd edək ki, bunadək 2 dəfə yoldaşlıq oyununda üz-üzə gələn komandaların görüşlərində Azərbaycan qalib gəlib. Milli 2008-ci ildə səfərdə 2:1, dörd il sonra evdə 3:0 hesabına sevinib.

Yoldaşlıq oyunu

9 oktyabr
20:30. Bəhreyn – Azərbaycan – 2:3
Qollar: Abdulvahab A.Rahman, 31, Mohamed Saad , 68 // Rüfət Dadaşov, 41, Təmkin Xəlilzadə, 62, Ramil Şeydayev, 70
Sarı vərəqə: Ağabala Ramazanov, 48
Baş hakim: Ahmed Alkaf (Oman)

Xəbər xətti