Astarada həbsdən çıxan şəxs qətlə yetirildi — TƏFƏRRÜATLAR

17:02 - 2 Fevral 2018 - HADİSƏ

Ötən axşam Astara rayonunun Kolatan kəndində qətl hadisəsi törədilib.

"Ucnoqta.az" Astara rayon prokurorluğundan “Ölkə.Az”-a verilən məlumata istinadən bildirir ki, kənd sakini 40 yaşlı Vüsal Qasım oğlu Hüseynov yaşadığı mənzildə küt alətlə qətlə yetirilib. V. Hüseynovun qətlə yetirilməsini ilk olaraq qonşusu aşkar edib. Dərhal rayonun hüquq-mühafizə orqanlarına məlumat verilib. 
 

Hadisə yerinə gələn istintaqçılar lazımı nümunələr götürüblər, məlum olub ki, V. Hüseynov dəmir alətlə başından aldığı zərbələr nəticəsində qətlə yetirilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə göndərilib.  
 

Kolatan kəndinin daxil olduğu Kakalos ərazi nümayəndəsi Raul Məmmədovun “Ölkə.Az”-a verdiyi açıqlamaya görə, “V. Hüseynov tüfeyli həyat tərzi keçirib, narkotik maddə aludəçisi olub. Əvvəllər borc məsələsinə görə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə borc məsələsinə görə rayon məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati həbs alıb. Ötən gün günorta həbsdən çıxıb evinə gəlib və hadisədə bundan sonra baş verib. Tez-tez Rusiyanın Astraxan şəhərinə qardaşlarının yanına işləməyə gedib-gəlirdi. Özü ailə qurmamışdı, tək yaşayırdı”. 
 

Faktla bağlı Astara rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hələlik ki, V. Hüseynovun qətli ilə bağlı şübhəli şəxs qismində saxlanılan yoxdur. araşdırmalara başlanılıb.

Xəbər xətti