Bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev “Milli maraqların qorunmasında yeni çağırışlar və QHT-lər” mövzusunda ictimai müzakirədə bildirib. V.Quliyev bildirib ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək bilikli, geniş dünyagörüşlü insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün maneələri asanlıqla aşır, monolit qüvvə kimi fəaliyyət göstərir. Cəmiyyətin sağlamlığı əsasən bir göstəricidə - iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir. Hazırda biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə daha dərindən aşılamaq, milli maraqlarımızı qorumaqdır.
PA rəsmisi qeyri-hökumət təşkilatlarının təmsilçilərinin cəmiyyətin aparıcı qüvvəsi kimi milli maraqlarımızın qorunmasında çox fəal iştirak etməli olduqlarını vurğulayıb. Qeyd edib ki, onlar cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq göstərməlidirlər. Eyni zamanda, QHT-lər cəmiyyətə mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına öz dəyərli töhfəsini verməlidirlər. Milli maraqların qorunması QHT-lərin ən əsas vəzifəsi olmalıdır.
V.Quliyev ölkədə qeyri-hökumət təşkilatlarının təşəbbüslərini dəstəkləmək üçün maliyyə resurslarının mövcud olduğunu diqqətə çatdırıb. O, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının timsalında bir neçə nazirlik və fond tərəfindən hər il yüzlərlə QHT təşəbbüsünün dəstəkləndiyini vurğulayıb. Qeyd edib ki, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatında fəal iştirak etsin, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.
V.Quliyev çıxışında QHT-ləri milli maraqların qorunması üçün həyata keçirəcəkləri təşəbbüslərdə dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, konstitusiya quruluşunun qorunması, Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, vətəndaş cəmiyyətinin formalaşdırılması, ictimai-siyasi sabitliyin təmin edilməsi, dünya azərbaycanlılarının həmrəyliyi, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılması kimi məsələlərə xüsusi diqqət yetirmələrini də vurğulayıb.