Nəzərova Tamara: “Məni heç vaxt öyrədən olmayıb, qayınanam toxuyarkən onun əlinə baxa-baxa öyrənmişəm”
Sevil: “Gündüzlər həsir hörür, gecələr toxuculuq edirəm”
Məşğul olduğu peşə maraqlı olduğu qədər, həm də çətindir. Çətin olduğu qədər də, gəliri azdır. Lakin buna baxmayaraq öz işini sevə-sevə görür. O, 20 ildir ki, həsirtoxuma ilə məşğuldur. Deyir ki, bu işi qaynanasının əlinə baxaraq öyrənib. İşin gedişatı, iş prosesi çox xoşuna gəlirmiş. Lakin, uşaqları balaca olduğu üçün, bu işlə məşğul ola bilməyib. Daha sonrakı illərdə həsirtoxumanı öyrənib və toxumağa başlayıb. Arada bir müddət fasilə versə də, yenə bu peşəni davam etdirib. Uşaqlar böyüdüyü üçün o hazırda rahat işləyə bilir, deyir ki, artıq 10 ildir ki, davamlı olaraq həsir toxuyur. Müsahibimiz həsir toxuyan xanım Tamara Nəzərova Viktorovnadır.
“Məni öyrədən olmayıb”
53 yaşlı Tamara xanım Qazaxıstanda anadan olub. 33 ildir ki, Masallı rayonu Turkubəy kəndində yaşayır. 19 yaşında Azərbaycana gəlin köçüb. Beş övlad – üç oğul, iki qız anası olan müsahibimiz elə burda da həsirtoxuma ilə məşğul olur. Deyir ki, bu həm maraqlı işdir, həm də pul qazandırır: “Qayınanam toxuyarkən onun əlinə baxa-baxa öyrənmişəm. İşin görülmə qaydası, toxunması mənə çox maraqlı gəlirdi: “Məni heç vaxt öyrədən olmayıb. Məsəl üçün, mənə bir naxışlı yaxud adi zənbil şəkli göstərirlər, onu elə sayıb, ilmə-ilmə toxuyuram. Həm maraqlı işdir, həm də pul qazanırıq. Kənd yeridir deyə, burda elə də iş olmur. Çox adam evdə-eşikdə bekar olur. Ona görə də, həsir toxuyub az da olsa gəlir əldə edirik, ailəmizi dolandırırıq”.
Nəvələri də nənələrinə kömək edirlər...
Müsahibimiz deyir ki, həsir toxumaq çox çətin işdir. Bir gün ərzində bir, yaxud iki zənbil ancaq toxumaq olur: “Tək toxumuram, qızım da mənə kömək edir. O materialı düzəldir, mən də toxuyuram. Nəvələrim də yüngülvari işlərdə yardım edirlər. Məsələn, həsir toxumaq üçün sap açırlar. Gəlinimin iki balaca uşağı var deyə, o məşğul ola bilmir. Qazancım isə ancaq həsir toxumaqdadır, başqa yerdən gəlirim yoxdur, pensiya da almıram. Qazandığım pul tələbatlarımızı qarşılamır. Nə qədər çox sifariş götürüb, iş görsəm, qazanc bir o qədər çox olar”.
“Nə sifariş versələr, onu toxuyuram”
Deyir ki, əsas zənbillər, yerə sərmək üçün ayaqaltı, stulların üstü üçün örtük və s. sifariş edirlər: “Nə sifariş etsələr, onu da toxuyuram. Əvvəllər daha çox, kənd yerlərindən sifariş olurdu. Amma ABAD (Ailə Biznesinə Asan Dəstək) yarandıqdan sonra Bakıdan və digər yerlərdən də, sifarişlər almağa başladıq. Bakıdan zənbillər sifariş verir və Moskvaya aparırlar. Eyni zamanda toxuma əşyalar, paltarlar da sifariş verirlər. Toxuculuqla əsas qızım məşğul olur. Gül, şərf, oyuncaqlar, geyim və s. nə sifariş versələr toxuyur. ABAD-la birlikdə iki ilə yaxındır ki, fəaliyyət göstəririk. ABAD-da bizim kəndin başqa sifarişləri də var. ABAD-a öz təşəkkürümü bildirirəm. Bizə iş verirlər, işləyib qazanırıq. Onlar üçün də, kənd üçün də toxuyuruq. Sifariş götürəndə işə uyğun vaxt danışırıq. Yəni, biz bu işi neçə müddətə qurtara bilərik. Toxuduğum işlərin, iş proseslərinin ABAD-da videoları var. Ümumiyyətlə, bizim tərəflərdə 3-4 nəfər bu işlə məşğul olur. Həsirtoxuma çox çətin peşədir, gəliri də azdır. Ona görə də, bu sahəyə maraq azdır. Stulda da oturub işləmək olmur, gərək yerdə oturasan. Düşünürəm ki, bu iş cavanlar üçün deyil”.
Ana və qızın iş birliyindən yaranan həsirlər...
Tamara xanımın qızı Sevil də anasına kömək edir. Deyir ki, anasının toxumağı onda həvəs yaradır: “Uşaqlarım balaca olan vaxtı kömək edə bilmirdim. Amma uşaqlar böyüdükdən sonra rahatlıqla gəlib anama kömək edə bilirəm. Həmçinin də, pul qazanıram. Materialları mən hazırlayıram, anam da toxuyur. Uşaq vaxtından bu işi anamla birlikdə görürəm. Bəlkə də, anam eləməsə, mən də etmərəm. Anamın işləməyi məndə çox böyülk həvəs yaradır. Artıq anam evi mənim üçün iş yeri kimidir. İkimiz bir yerdə oturanda maraqlı olur, gözəl işlər ərsəyə gətiririk”.
Gəlirin azlığı marağı azaldır...
Sevil xanım deyir ki, işi daha da genişləndirmək olar. Çünki, sifarişlər çox olur. Lakin gəliri az, əziyyəti çox olduğu üçün bu işə maraq azdır: “Demək olar ki, yox dərəcəsindədir. Bu peşəni öyrənmək istəyənlər yoxdur. Ətrafımızdakı insanlar deyir ki, onsuz gəliri azdır, niyə özünüzü yorub bu qədər əziyyətə verirsiz? Kənd yeridir, iş-güc yoxdur. Evdə bekar oluruq. Az da olsa işləyib pul qazanırıq. Həm də bu peşəyə həvəs var deyə, edirik. Çəkdiyimiz əziyyətin müqabilində isə qiymət artırmaq olmur. Baha qiymətə olanda götürmürlər. Biz də ona görə qiyməti artıra bilmirik, elə aşağı qiymətə edirik. 12 yaşlı əkiz uşaqlarım var, biri qız, biri oğlandır. Onlar da bizə kömək edirlər. Dərslərini elədikdən sonra bizimlə oturub, xırda işləri görürlər, sapları açırlar və s. Özlərinin də maraqları var”.
“Gündüzlər həsir toxuyur, gecələr isə toxuculuq edirəm”
Sevil xanım bildirdi ki, özü də toxuculuqla da məşğul olur: “Uşaq paltarları, papışları, şərf və s. lazımlı olan hər şey toxuyuram. Uzun illərdir ki, bu işlə də məşğulam, gündüzlər həsir toxuyur, gecələr isə toxuculuq edirəm. Sifariş edirlər toxuyuram. Mən bu işimi genişləndirmək istəyirdim. Sadəcə kənd yerində insanların marağı yoxdur. Toxuduqdan sonra, satmağa yer yoxdur. Bakıda elə yerlər olsa da, burda toxusaq da əlimizdə qalır. O qədər tələbat yoxdur”.
Könül Əhmədova