Dünən “Qarabağ” futbol klubu Madridin “Atletiko” klubu ilə Çempionlar Liqasının 4-cü turu çərçivəsində mübarizəyə çıxdı. Daha öncə Bakıda keçirilən ev oyununda İspaniyanın ən yaxşı 3-cü klubu ilə bərabərə qalan doğma təmsilçimiz bu dəfə də hesabı qoruyub saxladı və 2-ci xalını qazandı. Bu tarixi zəfər ölkəmizlə yanaşı, bütün dünyada təəccübə səbəb oldu və böyük alqış qazandı.
Publika.az xəbər verir ki, dünya mediası “Qarabağ”ın “Atletiko” qarşısındakı əzmkar mübarizəsindən yazıb.
“Köhlən atlılar”ın tarixi qələbəsi Türkiyə mediasında “Qarabağ” tarixini təzələdi” və “Gardaş yine tarih yazdı” başlıqları ilə manşetlərə qoyulub. “Haber7” saytı “Qarabağ”ın matçın son 20 dəqiqəsində azlıqda oynamasına xüsusi diqqət çəkib.
“Qarabağ” – “Atletiko” matçında açılan posterlərə dair təhqiramiz yazı dərc edən “Sabah” qəzeti isə “Qarabağ” “Atletiko”nun kabusu oldu” başlığı ilə tarixi zəfərdən yazıb. Qəzet Miçelin 40-cı dəqiqədə vurduğu qolun möhtəşəmliyinə diqqət çəkib.
İspaniyanın “Mundo Deportivo” xəbər saytı isə “Qarabağ” klubun yaranma tarixindən bu günə qədər keçdiyi yoldan bəhs edən geniş məqalə dərc edib. “Bu, “Atletiko”nun rəqib debütantı olan Qarabağdır” başlıqlı məqalədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, “İmarət” stadionun dağıdılması, komandanın baş məşqçisi Allahverdi Bağırovun müharibədə şəhid olması və “Qarabağ”ın Çempionlar Liqası uğrunda apardığı mübarizələr yer alıb. Məqalədə “Qarabağ”ın “Atletiko”nu uzun mübarizələrə məcbur etməsi və Çempionlar Liqası”ndakı mübarizəsini gedərək çətinləşdirdiyi də qeyd edilib.
Məqalənin sonunda Dağlıq Qarabağın Azərbaycan torpağı olmasına bir daha diqqət çəkilib.
UEFA Çempionlar Liqasının rəsmi səhifələri isə Miçelin qol sevincinin fotolarını paylaşmaqla kifayətlənib.
“ESPN FC” xəbər saytı isə “Atletiko”nun baş məşqçisi Dieqo Simenonun matçdan sonra mediaya verdiyi açıqlamanı paylaşaraq, klubun narahatlıq içində olduğunu qeyd edib.