“Məhsul kimi işin əziyyəti də şirindir”

18:48 - 31 Oktyabr 2017 - Cəmiyyət

Xanım arıçı Bahilə İsmayılova : “Ən böyük reklam məhsulun keyfiyyətidir”


Məşğul olduğu peşə elə də asan deyil. O, çalışdığı sahədə biz adətən kişiləri görməyə alışmışıq. Amma  xanım olmasına baxmayaraq, heç də işinin öhdəsindən kişilərdən pis gəlmir. Deyir ki, peşəsini çox sevir, çətinliklərinə baxmayaraq ürəklə çalışır. Bildirdi ki, insan öz işinə ürəklə yanaşanda gözündə çətinliyin heç bir önəmi qalmır. Müsahibimiz xanım arıçı Bahilə İsmayılovadır.


Dədə-babadan qalma yadigar...


56 yaşlı Bahilə xanım Yevlax rayonu Malbinəsi kənd sakinidir. Deyir ki, bu peşə onlarda nəsildən-nəsilə ötürülür. Əgər nəsildə kimin həvəsi varsa, o bu işi davam etdirir: “Valideynlərim əslən Laçın və Kəlbəcərdəndir. Amma hazırda Yevlaxda yaşayıram. Gözümü açıb mən ailədə arıçılıqla məşğul olanları görmüşəm. Ağlım kəsəndən, özümü dərk edəndən bu işin içində olmuşam. Uşaqlıqdan artıq yavaş-yavaş həm də bu işlə bir növ məşğul olmuşam. Bu peşə babamdan atama, atamdan da mənə keçib. Düzdür, irsən keçən bir peşə olsa da, mənim öz işimə olan sevgim sonsuzdur. Yəni, sırf atamın işini davam etdirmək üçün arıçılığa meyl etməmişəm”.


“Öz işimin həvəskarıyam”


Bahilə xanım deyir ki, arıçılıq elə də asan iş deyil. Çətin tərəfləri çoxdur, amma bunlara baxmayaraq işindən zövq alır: “Çətin tərəfləri həddindən artıq çoxdur. Adətən, tək çalışsam da, iş çox olanda bacı-qardaşlarım, uşaqları mənə kömək edirlər. Bacardıqları qədər yardımlarını əsirgəmirlər. Hazırda qışa hazırlıq dövrüdür, bu həm də o deməkdir ki, iş çox olur. Ona görə də, bu günlər çox yoruluram. Arıların yuvasının təmizlənməsi, yeşiklərin çıxarılması, onların mumlarını əritmək və s. hamısı əziyyətdir. Amma bu peşəni çox sevdiyim üçün əziyyəti də ağır gəlmir. Məhsul kimi işinin əziyyəti də şirindir. Bilirsiz, mənə görə əgər bir insan öz peşəsini sevmirsə, ona həvəs göstərmirsə iş daha çətin olur. İşi görərkən ora can, ürək qoymaq lazımdır. Bu zaman həm gördüyün işdən ləzzət alırsan, yorulmursan, həm də məhsul keyfiyyətli olur. Həvəskaram, işimə marağım çox böyükdür. Nə qədər çətinlikləri olsa da, çox zövqlü bir peşədir. Hər işin çətin tərəfləri var, əsas olan öz işini sevə-sevə görməkdir”. 


“Bəzən 10-15 arı birdən vurur”


Arılarla işləməyin çətinliklərindən biri də arıların sancması ilə üzləşməkdir. Arıçılıqla məşğul olanlara adətən, hər kəs bu sualı verir. Bahilə xanım bildirdi ki, buna işin bir tərəfi olaraq artıq alışıb: “Düzdür, başımda papaq  olsa da, lakin, işləyəndə əlcək geyinə bilmirəm. Ona görə də, bu gün 10-12 arı əlimdən vurub, hazırda əllərim şiş vəziyyətdədir. Bu gün lent döşəyirdim deyə, arıvurması çox olub. Ancaq, adi günlərdə elə də çox olmur. Arılar qorxularından  çalırlar. Bir müddət uzaq qalanda sahiblərinin qoxusuna yadırğayır və vurmağa başlayırlar. Elə bilirlər ki, onların yeməyini götürməyə yaxud onları öldürməyə getmişəm. Arılar çox vuranda yuxu aparır, yatıram. Yəni, arı sancması mənə yuxu gətirir”. 


Yayda bir gün yağış, həm arıya, həm qarıya can verir...


Bahilə xanımın sözlərinə görə, məhsuldarlıq hər il eyni olmur. Ümumilikdə isə işi genişləndirmək haqqında düşünürük: “Əhatə dairəmizi genişləndirmək istəyərik. Düzdür, keçən il məhsul yaxşı olmasa da, bu il kifayət qədər məhsul götürə bildik. Məhsuldarlıq yaxşı olarsa, fəaliyyətimizi genişləndirə bilərik. Cavan arılar doqquz kilometr, digərləri isə yeddi kilometr yol gedərək qida gətirirlər. İşçi arının 72 gün ömrü var. Bacardıqları qədər qida gətirirlər. Elə olur ki, 10 gün küləkli hava olur. Bu zaman həmin arılar gətirdiyi qidaların hamısını yeyir, heç nə qalmır. Bəzən də elə olur ki, yağış olanda məhsul gəlir. Deyir yayda bir gün yağış, həm arıya, həm qarıya can verir. Çox yağış yağanda yox, amma günaşırı olanda xeyrimiz olur”.
 

“Təmiz balı əliçıraqlı axtarırlar”


Bu gün bazarda alıcı olaraq bal alarkən bizə təqdim olunan məhsulun keyfiyyət məsələsindən şübhə edirik. Bahilə xanım deyir ki, təmiz məhsulun alıcısı həmişə var: “Necə deyərlər, təmiz balı əli çıraqlı, çarıq geyinib axtarırlar. Bizdə heç vaxt saxtakarlıq ola bilməz. Allah onu bizə ruzi, halal veribdir. Ona hansısa bir saxtakarlıq etmək artıq halal sayılmır.  Bizim kifayət qədər alıcımız var, məhsulumuz əldə qalmır. Keyfiyyətli məhsul verdiyimiz üçün müştərilərimiz əsasən daimi olur. Belə ki, bu il bir həkim alıbsa, həmin xəstəxanadan əlavə 10 həkim də alır. Bakıdan bir nəfər alıbsa, onun da ətrafında olan insanlar, qohum-qonşusu da alır. Reklamı alıcılar özləri edirlər. Ən böyük reklam məhsulun keyfiyyətidir. Əgər biz saxta məhsul satsaq, bir dəfə alan növbəti dəfə nə özü gələr, nə də dost-tanışına məsləhət görər. Bu cür daimi müştərilər bizim məhsulun keyfiyyətinə gəlirlər və digərlərini də gətirirlər”,


“Kişilərin peşəsi”nin qadın nümayəndəsi


Bu sahə daha çox “kişilərin peşəsi” adlandırılsa da, Bahilə xanım deyir ki, yaşından asılı olmayaraq kimin həvəsi varsa, məşğul ola bilər: “Universitet oxusa, hər hansı bir rütbəsi olsa da, həvəsi varsa, mütləq sevdiyi işin, peşənin arxasında getməlidir. İşdən əlavə insanda həvəs olmaldıır. Allah həvəsi hər adama qismət eləmir. Səbirli, hər şeyə qiymət verən, heç nədən bezməyən bir insan olmaq lazımdır. Bu zaman hə şey insanın ürəyincə olur. Hər kəs yəqin bilir ki, arıçılıqla demək olar ki, ancaq kişilər məşğul olur. Bu sahə üzrə qadınlar azlıq təşkil edir. Ətrafımda bu peşə ilə məşğul olan cəmi iki qadın var. Onlardan biri Goranboydan, digəri isə Astaradandır. Amma qeyd etdiyim xüsusiyyətlər bizdə olduğu üçün “kişi işidir” deməyib, işimizi görürük”.


Könül Əhmədova

Xəbər xətti