AAYDA küçələri bağladı, - AYNA isə sərnişinləri məlumatlandırmadı

09:45 - 15 İyul 2026 - Xəbər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın Səbail rayonu üzrə Bünyad Sərdarov küçəsində, həmçinin Nəsimi rayonunda Füzuli küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsində təmir işlərinə başlanılıb.

Ucnoqta.az xəbər verir ki, aparılan təmir səbəbindən sözügedən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Bu səbəbdən həmin istiqamətlər üzrə hərəkət edən bir sıra ictimai nəqliyyat marşrutlarının hərəkət sxemi də dəyişdirilib.

Əldə etdiyimiz məlumata görə, 6, 10, 31, 65, 77, 205 və digər avtobus marşrutları sərnişinlərə xidmətini müvəqqəti olaraq alternativ yollar vasitəsilə davam etdirir.

Lakin sərnişinlər dəyişikliklərlə bağlı öncədən məlumatlandırılmayıb. Nəticədə yüzlərlə vətəndaş adi dayanacaqlarda avtobus gözləməli olub.

AYNA-nın sosial şəbəkə hesablarında, rəsmi saytında qeyd edilən avtobusların hərəkət istiqamətinin dəyişdirilməsi barədə heç bir elana rast gəlmədik.

Qeyd edək ki, paytaxtda ictimai nəqliyyatın təşkili və sərnişinlərin operativ şəkildə məlumatlandırılması məsələsi son dövrlərdə tez-tez ictimai müzakirə mövzusu olur. Vətəndaşlar xüsusilə marşrut dəyişiklikləri barədə vaxtında və əlçatan məlumat verilməsinin vacibliyini vurğulayırlar.

Xəbər xətti