Azərbaycanda çəyirtkələrə qarşı mübarizə davam edir

13:03 - 9 İyul 2026 - Xəbər

Azərbaycanda cari ilin may-iyul ayları ərzində çəyirtkəkimilərin müşahidə olunduğu 6 819 hektar ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, agentliyin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi tərəfindən son günlər Abşeron yarımadasında, xüsusilə dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə olunması ilə əlaqədar operativ monitorinqlər aparılıb və zərərvericilərin yayıldığı sahələrdə kimyəvi mübarizə tədbirləri görülüb.

Bildirilib ki, mübarizə tədbirlərinin həyata keçirildiyi ərazilərdə mütəxəssislər tərəfindən mütəmadi monitorinqlər aparılır, fitosanitar vəziyyət qiymətləndirilir və aşkar olunmuş ocaqlarda xüsusi texnika və müvafiq preparatlardan istifadə edilməklə kimyəvi mübarizə işləri həyata keçirilir. Bu tədbirlər çəyirtkələrin yayılmasının qarşısının alınmasına, kənd təsərrüfatı bitkilərinin, otlaq sahələrinin və təbii bitki örtüyünün mümkün zərərlərdən qorunmasına, həmçinin fitosanitar sabitliyin təmin edilməsinə xidmət edir.

Məlumata əsasən, çəyirtkə növlərinin müşahidə olunduğu digər ərazilərdə də vəziyyət daim nəzarətdə saxlanılır. Risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq zəruri hallarda operativ müdaxilə edilir, əlavə mübarizə tədbirləri görülür və zərərvericilərin yayılmasının qarşısının alınması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Agentlik qeyd edib ki, son illərdə çəyirtkələrin həm Azərbaycanda, həm də qonşu ölkələrdə daha geniş ərazilərdə yayılması qlobal və regional iqlim dəyişiklikləri ilə əlaqələndirilir. Havanın temperaturunun yüksəlməsi və mövsümi hava şəraitində baş verən dəyişikliklər zərərvericilərin çoxalması və yayılması üçün əlverişli şərait yaradır. Bu da onların yayılma arealının genişlənməsinə və yeni ərazilərdə müşahidə olunma hallarının artmasına səbəb olur.

Xəbər xətti