Oktyabrın 2-də Şəki rayonu üzrə təhsil sektorunun və ETİHİ-nin Şəki Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri ilə görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, tTədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, İdarənin struktur bölmə rəhbərləri, Həmkarlar İttifaqının Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, şəhid ailə üzvləri və təhsil işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları Şəki şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Şəki şəhəri Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və dünyasını dəyişmiş təhsil işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər müəllim peşəsinin yüksək dəyərlərindən, cəmiyyətin inkişafında müəllimlərin əvəzsiz rolundan danışıblar.
Daha sonra bir qrup müəllimə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə verilmiş "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı, Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı, Şəki -Zaqatala Regional Təhsil İdarəsinin Fəxri Fərmanı və ETİHİ-nin Şəki Şəhər Komitəsinin hədiyyələri təqdim olunub.
Tədbir şagirdlərin ifasında müəllim peşəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyalarla davam edib.