“İslam Dövləti” terror qruplaşmasına qarşı mübarizə aparan beynəlxalq koalisiyanın üzvləri olan ABŞ və onun müttəfiqləri mövcud plana uyğun olaraq İraqdakı hərbi mövcudluğunu azaldacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnel yazılı açıqlamada bildirib.
O qeyd edib ki, “ABŞ və koalisiya tərəfdaşları prezidentin göstərişinə uyğun olaraq və ikitərəfli hərbi komissiyanın qərarına uyğun olaraq İraqdakı hərbi missiyalarını azaldacaqlar”.
Parnellin sözlərinə görə, ABŞ və onun müttəfiqlərinin İraqdakı hərbi mövcudluğunun azaldılması İŞİD-ə qarşı mübarizədə ümumi uğuru əks etdirir və İraqla əvvəllər əldə edilmiş razılaşmalar əsasında təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq formatına keçidi göstərir.
Parnell əmin edib ki, Vaşinqton administrasiyası Bağdadla ikitərəfli əməkdaşlığa məsuliyyətli keçidi təmin etmək üçün İraq hökuməti və koalisiya üzvləri ilə yaxından əlaqələndirməyə davam edəcək.