Biləsuvar rayonunda qeyri-maddi mədəni irsin qorunması və təbliği məqsədilə artıq ikinci dəfədir ki, “İti dəryaz” otbiçmə yarışı təşkil olunub.
Ucnoqta.az xəbər verir ki, Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə salınmış "Zəfər Parkı"nda keçirilən bu tədbir kənd təsərrüfatı ənənələrinin yaşadılması və ictimai dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Rayonun müxtəlif kəndlərini təmsil edən 20 komandanın iştirakı ilə keçirilən yarışda hər komandada 2 nəfər olmaqla, ümumilikdə 40 nəfər iştirak edib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Yarışdan əvvəl çıxış edən icra başçısı Faiq Qürbətov iştirakçılara uğurlar arzulayaraq qeyd edib ki, dəryazla ot biçmək Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri sırasında yer alır və bu ənənə uzun əsrlər boyu formalaşaraq bu günədək gəlib çatıb. O bildirib ki, qədim zamanlarda biçin mövsümündə keçirilən mərasimlər çərçivəsində dəryazçılar arasında yarışlar təşkil olunurdu və bu yarışlar vasitəsilə ən usta şəxslər seçilirdi. Bu gün də xalqımız bu qədim ənənəyə sadiq qalaraq, mövsüm ərzində dəryazla ot biçinlərini davam etdirir.
İcra başçısı qeyd edib ki, bu cür yarışların təşkili yalnız mədəni irsin qorunması deyil, eyni zamanda əmək bacarıqlarının nümayişi və insanlar arasında həmrəyliyin gücləndirilməsi baxımından da xüsusi önəm daşıyır.
Sonra dəyrazçıların biçin yarışı başlayıb.Yarışın nəticələrinə əsasən birinci yeri Çaylı kəndinin, ikinci yeri Təzəkənd kəndinin, üçüncü yeri isə Dərvişli kəndinin komandası qazanaraq mükafatlandırılıblar.
Yarışda iştirak edən “Ən qocaman dəryazçı” Aşağı Cürəli kənd sakini, 66 yaşlı Məmmədov Nəriman Salman oğlu və “Ən gənc dəryazçı” Səmədabad kənd sakini, 23 yaşlı Əhədli Nahid Əlisa oğlu da mükafatlandırılıblar.
Tədbirin sonunda xatirə şəkli çəkilib.