Azərbaycanın tanınmış aktyoru Allahverdi Yolçuyev maddi çətinliklər səbəbindən corab satmaqla məşğuldur. Sözügedən məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, Mədəniyyət Nazirliyi aktyorla bağlı məlumat yayıb.
Qeyd olunur ki, Allahverdi Yolçuyevlə bağlı məsələlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir:
"Aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir".
Məlumatda qeyd olunub ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: "Bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir".