Kiyevin Podolsk Rayon Məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi “fərariliyə sövq etmək və sərhədi qanunsuz keçmək” ittihamı ilə qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu öz Telegram kanalında məlumat yayıb.
Eyni iş üzrə məhkəmə Ukrayna Dövlət Təhlükəsizlik Departamentinin keçmiş rəis müavini, Ukrayna prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri Konstantin Kobzarı qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edib.
2014-cü ilin fevralında Ukraynada baş vermiş dövlət çevrilişindən sonra Yanukoviç, onun təhlükəsizliyi və demək olar ki, bütün hökumət üzvləri təcili olaraq ölkəni tərk etmək məcburiyyətində qalıb. Ukrayna istintaqı bu epizodu “fərarilik” kimi qiymətləndirib.
Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti olub. 2019-cu ildə Kiyev məhkəməsi onu dövlətə xəyanət ittihamı ilə qiyabi olaraq 13 il həbs cəzasına məhkum edib.
Bundan əlavə, 2010-cu ildə Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının Sevastopoldakı bazasının uzadılmasına dair Rusiya ilə müqavilə imzaladığı üçün ona qarşı daha bir xəyanət işi aparılır.