Qadın məhkumlar övladları, yeniyetmə məhkumlar valideynləri ilə görüşüb - FOTO

18:02 - 1 İyun 2023 - Cəmiyyət

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün müasir penitensiar müəssisələrdə “açıq qapı” günü keçirilib, yeniyetmə məhkumların valideynləri ilə və qadın məhkumların uşaqları ilə görüşü təşkil olunub.

Bu barədə Ucnoqta.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Tədbirdə Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova, İnsan hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, İqtisadiyyat Nazirliyi Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, vətəndaş cəmiyyəti institutları və ictimaiyyətin digər nümayəndələri, media mənsubları iştirak ediblər.

Çıxış edənlər uşaq hüquqlarının qorunması sahəsində dövlət siyasətindən, onların hərtərəfli inkişafına göstərilən yüksək qayğıdan bəhs ediblər. Bildirilib ki, bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin söylədiyi kimi, “uşaqlar bizim gələcəyimizdir”. Onların hüquqlarının etibarlı təmin olunması sahəsində ölkəmizdə təkmil qanunvericilik bazası və institusional mexanizmlər mövcuddur, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunub, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” həyata keçirilir.

Eyni zamanda respublikamız bir çox konvensiyalara, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub və BMT-nin Uşaq Fondu – UNICEF ilə bu sahədə səmərəli əməkdaşlıq edir.

Diqqətə çatdırılıb ki, uşaqların sosial təminatının gücləndirilməsi, onların firavan və sağlam, yüksək mənəvi-əxlaqi mühitdə layiqli şəxsiyyət kimi yetkinləşməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır, bu sahədə respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən çoxşaxəli təşəbbüslər uğurla reallaşdırılır.

Tədbirdə cəmiyyətimizin həssas və kövrək qrupu olan uşaqların müdafiəsi və inkişafı çərçivəsində yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının təmin olunmasına xüsusi önəm verildiyi, onların cəmiyyətə reinteqrasiyası ilə bağlı innovativ yanaşmaların tətbiq edildiyi qeyd olunub, ötən il yeniyetmə və qadın məhkumlar üçün müasir penitensiar müəssisələrin istifadəyə verildiyi, dövlət başçısının həmin müəssisələrə baş çəkərək yaradılan şəraitlə şəxsən tanış olduğu vurğulanıb.

Eyni zamanda UNICEF, vətəndaş cəmiyyəti institutları ilə yuvenal ədliyyə, yeniyetmə məhkumların islahı və sosial adaptasiyası ilə bağlı keçirilən birgə tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra tədbir konsert proqramı ilə davam edib, məhkumların ifasında mahnılar dinlənilib, rəqslər edilib, fləşmob nümayiş etdirilib. Animasiya qəhrəmanlarının iştirakı ilə uşaqlara musiqili şoular təqdim olunub, əyləncə attraksionları təşkil edilib.

Məhkumların öz uşaqları ilə görüşündə maraqlı və duyğusal anlar yaşanıb, tədbirin təşkili yüksək sevinc hissi və məmnunluqla qarşılanıb.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə həmçinin, nazirlik tərəfindən yeni anadan olmuş uşaqların doğumu onların doğulduğu tibb müəssisələrində təntənəli şəraitdə qeydiyyata alınıb və şəhadətnamələr körpələrin valideynlərinə təqdim olunub. Bu kimi tədbirlər “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin adını daşıyan mərkəzlərdə də həyata keçirilib.

Bundan əlavə, nazirliyin Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları bələdiyyələrlə birgə xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkib, onları sevindiriblər.


Xəbər xətti