Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü maddəsi (əzab vermə) ilə cinayət işi başlanılıb.
10:46
Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.
10:16
Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq”, - deyə qurumdan bildirilib.
09:54
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.
Bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb.
Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Report”a bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində qeydə alınıb:
“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.