3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzusunda panel sessiya təşkil edilib.
“TRT World” kanalında yayımlanan “The Newsmakers” proqramının aparıcısı Andrea Sankenin moderatorluğu ilə baş tutan panel müzakirədə “Euronews”un Bakı üzrə baş icraçı direktoru Fernando Soares, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi, “Qazcontent” ASC-nin İdarə Heyətinin sədri Aina Zadabek və “AnewZ” beynəlxalq televiziya kanalının müxbiri Oubai Shahbandar tərəfindən fərdlərin informasiyaya tənqidi yanaşma bacarıqlarının inkişafı, müasir texnologiyalardan düzgün istifadə etmə qabiliyyətinin gücləndirilməsi, insanların doğru məlumatı yanlışdan fərqləndirməsi, manipulyasiya və dezinformasiyanın qarşısının alması, həmçinin sosial şəbəkələrdə və digər rəqəmsal platformalarda etik və məsuliyyətli davranışların sərgilənməsi ilə bağlı müzakirələr aparılıb.
Panel müzakirə zamanı çağdaş medianın əsas anlayışlarından olan dezinformasiyanın yaradılması və yayılmasında süni intellektin formalaşdırdığı yeni reallıqlarla mübarizə üçün istehlakçıların media savadlılığının artırılmasının, bu sahədə innovativ yanaşmaların tətbiqinin və mürəkkəb media ekosistemində qarşılıqlı inam və etimad əlaqələrinin qurulmasının vacib addımlardan biri olduğu diqqətə çatdırılıb.