Telefon danışığınız GİZLİ DİNLƏNİLİR? - VİDEO

00:19 - 21 İyul 2021 - DİGƏR

Son günlər dünyada sosial medianın, xüsusən “Tvitter” və “Facebook” seqmentinin ən çox müzakirə etdiyi mövzu müxtəlif ölkələrdə və beynəlxalq media qurumlarında çalışan bir çox insanların telefonlarının İsrailin NSO Group şirkətinin hazırladığı casus proqramına yoluxdurulması məsələsidir.

Bu haqda OCCRP beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu iddia irəli sürüb. İddiaya görə, media rəhbərlərinin, jurnalistlərin, ictimai xadimlərin, sosial media aktivistlərinin telefonları İsrailin NSO Group şirkətinin hazırladığı “Pegasus” adlı casus proqramına yoluxdurulub və həmin şəxslərin bütün mesajlarına, danışıqlarına, hərəkət trayektoriyalarına nəzarət edilib.

İddianın bir qismi də Azərbaycanla bağlıdır. Belə ki, deyilənə görə, izlənilən 50 min nömrə arasında 1000 nömrə də Azərbaycana aiddir. Niyə deyilənə görə? Çünki hələlik cəmi 50-yə qədər ad açıqlanıb. Açıqlanan adların arasında xeyli tanınmış media rəhbərləri, ictimai fəallar, aktivistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri var.

İddia olunan siyahıda xüsusi radikallığı, çağırışları ilə tanınan, hakimiyyətə qarşı daim və tam inkarçı mövqedə dayananlardan cəmi 2-3 nəfər var. Əksər adlar hökumətə loyallığı ilə bilinən, müstəqil mövqeyi olan şəxslər, hətta hakimiyyətin siyasi kursunu birmənalı dəstəklədiyini dəfələrlə publik olaraq söyləyənlərdir. Ona görə də siyahı və iddialar müəyyən suallar doğurur.

Birinci sual: OCCRP əməkdaşları məhz açıqladıqları şəxslərin telefonlarının yoluxdurulduğunu necə müəyyən ediblər? Mənbə haradır? İndiyə qədərki məqalələrdə və OCCRP əməkdaşlarının “qurban” adlandırdıqları şəxslərə göndərilən individual mesajlarda məlumatın əldə olunması haqqında “adlar sızdırılıb” ifadəsindən başqa heç bir informasiya yoxdur. Bu isə özü özlüyündə şübhələri artırır. Çünki kifayət qədər məşhur və ictimai açıq şəxslərin telefon nömrələrini bir yerə toplamaq çox asan işdir.

İkinci sual: OCCRP-nin məlumatı əldə etməsi üçün mümkün yollar haker hücumu ilə NSO-nun serverlərindən birini ələ keçirtmək ola bilər. Razılaşaq ki, onmilyonlarla dəyəri olan casus proqramı yazan şirkətin serverlərinin təhlükəsizliyi bu qədər asan şübhə altına alınmamalıdır. Həm də məlumatların bu cür əldə edilməsinin özü də elə telefonların yoluxdurulması qədər ağır cinayətdir.

İkinci yol, NSO-nun data məlumatlarına əli çatan əməkdaşlarından biri ilə əməkdaşlıq etmək və bu məlumatları əldə etməkdir. Açığı, o cür şirkətlərdə kadr sirlərinə çatmaq da çox asan olmamalıdır.

Üçüncü yol isə xüsusi məqsədlə xarici xüsusi xidmət güclərinin müəyyən əsaslara söykənərək, belə konyuktur siyahıları dövriyyəyə buraxmasıdır. Bu, artıq o qədər də şübhəli və əlçatmaz görünmür. O zaman sual ortaya çıxır. Hansı məqsədlə edilir?

Bütün hallarda iddiaların həqiqiliyinin şübhə doğurmaması üçün OCCRP-nin cavablandırımalı olduğu sual budur: məlumat hansı mənbəyə əsaslanır və necə əldə edilib? Əlbəttə, jurnalistin mənbəni açıqlamamaq hüququ tanınır. Amma mənbəyi açıqlanmayan istənilən iddia qeyri-ciddidir.

İkinci sual: Niyə bu məsələ məhz indi gündəmə gətirilir? Hansı ki, Avropa İttifaqının nümayəndəsinin Azərbaycana çox yaxşı bir səfəri oldu, normal bəyanatlar verildi. Aİ ilə Azərbaycan arasında növbəti əməkdaşlıq prosesi başlayır. Belə məqamda beynəlxalq səviyyəli növbəti qalmaqal ortaya çıxır. Təsadüfə oxşamadı.

Üçüncü sual: Adları çəkilən şəxslərin çox böyük əksəriyyəti heç bir siyasi fəaliyyətlə məşğul olmur. Sadəcə açıq media fəaliyyəti və sosial media aktivistliyi ilə məşğul olurlar.

Məlumdur ki, “Pegasus” troyanı bahalı məhsuldur. Burda hətta birdəfəlik ödəmədən başqa user sayı üçün aylıq və illik dəstək paketləri alınır. Biz Azərbaycanda bu proqramdan istifadə edilib-edilmədiyinə dair hər hansı məlumata malik deyilik və belə bir iddia da səsləndirmirik. Casus proqramlarından istifadə artıq təhlükəsizlik xidmətləri üçün normal iş prosesidir. Lakin bu proqramdan istifadə sadə məsələ deyil. Burda milyonlarla vəsait, insan resursu, vaxt tələb olunur. Onsuz da fəaliyyəti, az qala bütün yaşayışı sosial mediada özü tərəfindən yayılan adamlara bu vaxtı və resursu sərf etməyə dəyərmi? Bu adamlar onsuz da bildiklərini yazırlar, onlara informasiya ötürücüləri məlumatı məhz ictimailəşdirmək üçün ötürürlər. 10 dəqiqə tez, 1 saat gec, bu adamlar onsuz da əldə etdikləri məlumatı ictimailəşdirəcəklər. O zaman bu adamlar bildiklərini yazdıqları, əlavə heç bir hərbi sirr, dövlət əhəmiyyətli xüsusi strateji informasiya daşıyıcısı olmadıqları halda niyə izlənsinlər? İnandırıcı görünmür. Üstəlik, bu şəxslərin böyük əksəriyyəti 20 ildən artıqdır ki, ölkənin ictimai-siyasi həyatındadılar. Əhalisinin sayı çox olmayan ölkələrdə adamları öyrənmək üçün 1 ay da böyük vaxtdır...

Adətən, bu cür mənbəyi bəlli olmayan siyahılar, izlənmə hekayələri kütləvi psixoz yaratmağa hesablanır. “Hər kəs, hətta hakimiyyətə loyal olanlar da nəzarətdədir” fikri ilə ( zatən sosial şəbəkələrdə yalnız bu fikirin inkişafına “diqqət yetirilir”) cəmiyyətdə inamsızlıq, küskünlük, daim hamının gərgin qalması və bunun günahkarı kimi də rəsmi dairələri görməsinin hədəfləndiyi gün kimi aşkardır.

Sonuncu məsələ isə odur ki, adətən bu cür məsələlər daha çox psixoza hesablanır. Yəni post müharibə dövründə Azərbaycan cəmiyyəti psixoloji təlatümlər yaşayır. Belə bir vəziyyətdə hakimiyyətə loyallığı ilə tanınan adamların, çox tanınan ictimai-siyasi şəxslərin, sosial media aktivistlərinin izlənməsi barədə iddialar gündəmə gətirmək bir növ hər kəsdə “mən də izlənirəm” qorxusunu yaratmaq və psixoza səbəb olmaq deməkdir.

Deməli bu iddiaları ortaya atan təşkilat mənbəyi açıqlamayana qədər bu barədə müzakirələr aparmaq özü qeyri ciddilikdir.

Xəbər xətti