1602-ci ildə Cəlali Qara Yazıcını məğlub etdikdən sonra qışı keçirmək üçün Tokatda qalan vəzir Sokolluzadə Həsən paşa Cəlali Qara Yazıcının qardaşı Dəli Həsən tərəfindən mühasirəyə alınmış və atılan tüfəng atəşi nəticəsində öldürülmüşdü. XVII əsrin əvvəllərində Şah I Abbas dövründə yazılmış tarixi mənbənin verdiyi məlumata görə, “Həzrəti şah Abbas Naxçıvanı Osmanlılardan geri aldığı zaman (1603) Koroğlu Osmanlı sultanının xidmətinə girən və Pasində oturan Sədlu tayfa başçısı Əliqulu bəyi, oğlunu və anasını ələ keçirərək Şaha göndərdi”. Cəlalədin Münəccim Yəzdi “Tarix-i Abbasi” əsərində yazır: “Bu xanədanın çörəyi və duzu ilə özünün və atalarının sümüklərini bəsləmiş olan Sədlu tayfa başçısı Əliqulu bəy nankorluq edərək Osmanlıların xidmətinə girərək çaşnigir (süfrəçibaşı) vəzifəsini əldə etmişdi. Koroğlu Pasin ətrafında onu, oğlunu və anasını tutub şahın hüzuruna göndərmişdi”. Bu bir daha sübut edir ki, Koroğlu Səfəvi şahının xidmətinə girmişdir. Lakin digər Cəlali rəhbərləri kimi Koroğlunun da Səfəvi şahı ilə münasibətləri son nəticədə kəskinləşmişdi. Səfəvi-Osmanlı müharibəsinin başa çatması, Azərbaycan torpaqlarının Osmanlı işğalından azad edilməsindən sonra Koroğlu və dəlilərinin fəaliyyəti Şah I Abbası narahat etmişdi. Şərqi Anadolu və Azərbaycan rəvayətlərində dastan qəhrəmanımızın aqibəti barədə deyilir: “Səfəvi hökmdarı Şah Abbas Koroğlunun igidliyindən xəbər tutaraq ondan komandanları arasında yer almasını istəyir. Ancaq Koroğlu “şahlar insan dəyərini bilməzlər” söyləyərək şahın təklifini qəbul etmir. Səfəvi hökmdarı təklifinin mənfi qarşılanmasına qəzəblənərək Koroğlunun başını gətirənə “sərdarlıq” verəcəyini elan etdirir. Şah Abbasın bu qərarından xəbərdar olmayan Koroğlu yaşlandığını anlamış, buna görə Şaha hörmətini çatdırdıqdan sonra Məkkə ziyarətinə getməyə qərar verir. O, dəlilərini çağıraraq qərarını onlara bildirir, Eyvazı yerinə xələf təyin edir. Dəliləri Qazlı gölə kimi gələrək onu yola salırlar. Onlardan ayrılmadan öncə Koroğlu üzünü Çənlibelə çevirərək dağlara xitabən bir misra oxuyaraq həyatında ilk dəfə ağlamışdı. Sonra Şahın hüzuruna yollanan Koroğlu yolda İlyas və Bəhram xana rast gəlir. Onlar şahın gözündən düşərək vəzifədən uzaqlaşdırılmışdılar. Buna görə də, şahın diqqətini cəlb etmək üçün Koroğlunu öldürməyə qərar verdilər. Onlar öncə Qıratı öldürürlər. Koroğlu bu iki adamın hücumu qarşısında Qıratsız heç nə edə bilməyəcəyini bilərək boynunu vurmaları üçün onlara uzadır. Onlar Koroğlunun başını Şaha aparırlar. Şah Abbas qəhrəmanın başına baxan zaman ətəyinə bir damcı qan damır. Buna görə o, “bu məsum qanıdır, siz onu igidcəsinə öldürmədiniz” deyir və Çənlibeldən gətirtdiyi üç “dəli”nin sözlərindən həqiqəti öyrənir. Dəlilər və onu sevən insanlar Koroğlunun ölümünə ağlayırlar. Şah Abbas İlyas və Bəhram xanı İsfahan xalqına parçalatdırır və Eyvazın Çənlibeldəki hakimiyyətini təsdiq edir”. Koroğlu öldükdən sonra dastan qəhrəmanına çevrilmiş və bunda da başlıca rolu aşıqlar, saz şairləri oynamışlar. XVII əsrin ortalarında o artıq bir dastan qəhrəmanı idi. F.Sümer yazır ki, mən Koroğlunun dastanlarda yazıldığı kimi saz şairi olduğuna inanır və bilavasitə Bolu bəyi, dağlar, Qırat və Eyvaz ilə bağlı mahnıların onun tərəfindən söyləndiyini qəbul edirəm. Mənaları təsirli, həyəcan verici olan bu mahnıları bəstələyən və oxuyan bir insan şübhəsiz cani ruhlu ola bilməz. Müharibə dövründə olsa da, bütün təbəəsini bir anda hərəkətə keçirməyi bacaran mükəmməl bir təşkilata sahib olan dövlətin hökumət mərkəzinə yaxın ərazilərdə fəaliyyət göstərməsi onun cəsur olmaqla yanaşı, tədbirli bir olduğunu göstərir. Çətinliklərə çarə tapması, təhlükələrdən xilas olması dastan qəhrəmanı olmasında mühüm amil olmuşdur. Koroğlunun ağıllı olduğu qədər mərd ruhlu bir insan olduğunu, silahdaşlarına qarşı şəfqətli hərəkət etdiyini söyləmək olar. Həm igid döyüşçü, mahir sərkərdə, həm də istedadlı aşıq olan Koroğlu şəxsi xoşbəxtlik deyil, xalq səadəti uğrunda mübarizə apardığı üçün xalqın yaddaşında dastan qəhrəmanına çevrilmişdir. Koroğlunun yaxın silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər və Tanrıtanımaz tarixi qaynaqlarda Cəlalilərin geniş şöhrətə malik rəhbərləri arasında yad edilir. Giziroğlu Mustafa bəy dastanda Koroğlunun ən yaxın silahdaşı kimi təqdim olunur. Arakel Təbrizli müstəqil surətdə fəaliyyət göstərən Cəlali dəstələrinin 25 rəhbəri arasında Koroğludan sonra onun adını ehtiramla yad edir. F.Sümerin Mühimmə dəftərindən onunla bağlı əldə etdiyi 4 sənəd onun tarixi şəxsiyyət olduğunu bir daha təsdiq edir. Giziroğlu Mustafa bəylə bağlı arxiv sənədləri 1588-1591-ci illərdə onun fəaliyyətinə aydınlıq gətirir. 1588-ci il 25 may tarixli ilk sənəd Ərəbgir sancaqbəyi Ömərə ünvanlanmış hökmdə sancaqbəyi, alay bəyləri və sipahilər səfərə getdikləri üçün Giziroğlu Mustafa bəyin ətrafına topladığı 250 nəfərlik dəstə ilə Diyarbəkr, Ərzurum, Sivas, Hələb və Maraş yollarından keçən karvanları qarət etdiyi, bölgədə üç-dörd ildir fəaliyyət göstərdiyi üçün onun cəzalandırılması tələb edilirdi. Sənəddə Giziroğlu Mustafa bəyin 3-4 ildir fəaliyyət göstərdiyinin qeyd edilməsi onun 1584-cü ildən fəaliyyətdə olduğunu söyləməyə imkan verir. F.Sümer yazır ki, Ömər bəy əmr edilən işi bacarmadığı üçün 1588-ci il sentyabrın 22-də Sivas bəylərbəyinə göndərilən hökmdə Giziroğlu Mustafa bəyin öz fəaliyyətini durmadan genişləndirdiyini xəbər verilməklə yanaşı, onun mütləq ələ keçirilməsi üçün lazımi tədbir görülməsi tələb olunurdu. 1589-cu il 27 yanvar tarixli sənəddə Giziroğlu Mustafa bəyin on nəfər silahdaşı ilə ələ keçirildiyi və İstanbula sultanın sarayına göndərilməsi əmr edilir. 1591- ci il 6 dekabr tarixli növbəti sənəddə Giziroğlu Mustafa bəyin həyatına son qoyulduğunun bildirilməsi göstərir ki, o, İstanbula gətirildiyi zaman edam edilmişdi. Koroğlunun yaxın silahdaşları arasında Dəli Həsən önəmli yer tutur. Onun tarixi şəxsiyyət olduğunu dövrün arxiv sənədləri və digər qaynaqları təsdiq edir. Qardaşı Qara Yazıcının əməlini davam etdirən Dəli Həsən 1602-ci ilin fevralında Şərqi Anadoluda Cəlalilər hərəkatına rəhbərlik etməyə başlayır. Dəli Həsən qardaşı- nın qisasını almaq üçün Sokolluzadə Həsən paşa üzərinə yürüş etdi. Tokat yaxınlı- ğında Cəlalilərə məğlub olan Həsən Paşa Tokat qalasına sığındı. O, Dəli Həsənin adamları tərəfindən öldürüldü. Diyarbəkr bəylərbəyi Xosrov paşa vəzir təyin edilə- rək Cəlalilər üzərinə göndərildi. Tokata göndərilən Hafiz Əhməd paşa da Dəli Həsənlə bacarmadı [9, 102]. Lakin Dəli Həsən 1603-cü ilin iyulunda Osmanlı sultanının tərəfinə keçərək Bosniya bəylərbəyi təyin olundu. O, sərdar Lələ Mehmed paşanın qüvvələri ilə birləşmək üçün on min nəfər Cəlaliləri ilə Mcarıstana hərəkət etdi. Mustafa Ağdağ yazır ki, Peçt yaxınlığında Avstriyalılarla döyüşdə Dəli Həsənin Anadolunun başına bəla olan 6 min silahdaşı öldürüldü. Dəli Həsən Bosniya bəylərbəyi olarkən xalqla yola getmədiyi üçün sultanın əmri ilə edam edildi. Koroğlunun yaxın silahdaşlarından biri də Kosa Səfər olmuşdu. Onun tarix şəxsiyyət olduğunu İsgəndər bəy Münşi də təsdiq edir. Onun məlumatından aydın olur ki, öncə Cəlalilər hərəkatında iştirak edən, sonralar Ərzurum hakimi olan Kosa Səfər Osmanlı ordusunun Azərbaycana yürüşündə iştirak etmiş, osmanlıların 1605- ci il noyabrın 7-də Sufiyan yaxınlığındakı ağır məğlubiyyətindən sonra əsir alınmış və edam olunmuşdur. Beləliklə, Koroğlunun və yaxın silahdaşları olan Giziroğlu Mustafa bəy, Dəli Həsən, Kosa Səfər və mənbələrdə adı çəkilən, ancaq dastanda yad edilməyən digər Cəlalilər tarixi şəxsiyyətlər olmuş, Azərbaycanda və qonşu ölkələrdə baş verən tarixi hadisələrdə yaxından iştirak etmişdilər.
Tofiq Nəcəfli, dos.