"Santuş gedir, Antuş gətirəcəklər, ..."

14:58 - 8 Sentyabr 2025 - Cəmiyyət

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndərilib. Portuqaliyalı mütəxəssisin 2027-ci ilə qədər müqaviləsi var idi və onun 4,5 milyon avro təzminat tələb etdiyi bildirilir.

Santuşun istefası məsələsi İslandiya ilə oyundan sonra gündəmə gəlib. Ancaq bir çox ekspert baş məşqçinin dəyişdirilməsinin Azərbaycan millisinin problemlərini həll etməyəcəyini düşünür.

Ucnoqta.az xəbər verir ki, bu barədə Modern.az-a Milli Məclisin deputatı Aqil Abbas danışıb. O da bildirib ki, məşqçini qovmaqla problem həll olunmur:

“Məşqçinin təqsiri, təbii ki, var. Oyun taktikası yoxuydu, heç bilmirdilər nə edirlər. Məhəllə futbolu oynayırdılar. Oyun qurulmamışdı, bu heç. Santuş pulunu alıb gedir. 5-6 ay gəlib kef edib, indi 1-2 milyon təzminatını alıb ölkəsinə qayıdır. Gələn adamlar hamısı bizdən təzminat alır. Yeni gələcək məşqçiləri qabağında şərt qoyulmalıdır ki, istefaya göndəriləndə nə qədər pulumuz getməsin. Problemin həlli məsələsinə gəldikdə, əgər Azərbaycanda uşaq futbolu yoxdursa, yüksək liqada limit də ləğv olunubsa, haradan oyunçu hazırlasınlar? Akademiya yox kimi bir şeydir, sadəcə adı var. Kimi hansı akademiya yetişdirəcək? Ona görə uşaq futbolu inkişaf etməlidir ki, gələcək üçün - 5-6 ilə bir məhsul verə bilək. Yoxsa məşqçi dəyişməklə nəsə olmur. Santuş gedir, Antuş gətirəcəklər, narahat olma”.

Aqil Abbas yerli məşqçilərin təyin edilməməsinə sərt münasibət bildirib: “Yerli məşqçiləri götürmək olmur. Sanki onlara nəsə olub. Tərlan Əhmədov, Sadıqov kimi güclü məşqçilər var”.

Xəbər xətti