Bu ilin iyununda informatikaya maraq göstərən şagirdlər üçün başlayan “İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırılıb.
Bu barədə Ucnoqta.az-a məlumat verən layihənin yaradıcısı Elnur Mirzəli bildirib ki, düşərgənin təşkilində əsas məqsəd informatika üzrə olimpiadaya maraq göstərən şagirdlərə təməl bilikləri vermək, onlar üçün rəqabətli mühit yaratmaq, müxtəlif məktəblərdə təhsil alan şagirdləri bir araya gətirərək əməkdaşlıq qurmaqla olimpiadada nəticə əldə etmələrinə dəstək göstərmək olub.
Layihədə iştirak üçün, ümumilikdə, 69 müraciət qəbul edilib. Test imtahanı və müsahibənin nəticəsi olaraq 20 şagirdlə yay məktəbinə başlanılıb. Yay düşərgəsi müddətində şagirdlər 24 fərqli resursdan istifadə edib. Şagirdlər 36 dərs müddətində 8 analitik mövzu, 80 fərqli sual tipi işləyiblər.
Dərslərə davamiyyət, tapşırıqların işlənməsi və keçirilən sınaq imtahanlarının nəticəsi nəzərə alınaraq sonda 17 şagird yekun imtahana buraxılıblar.
Yay məktəbinin sonunda 1 şagird qızıl, 1 şagird gümüş, 1 şagird bürünc medalla mükafatlandırılıblar. Digər iştirakçılara isə sertifikat və hədiyyə təqdim olunub.
Layihə rəhbəri bildirib ki, hazırda Oklahoma Universitetində Kompüter elmləri üzrə bakalavr təhsili alan Ayxan Kazımlı ilə birgə başladıqları bu layihənin davam etdirilməsi nəzərdə tutulur. Bu ilin sonunda informatikaya maraq göstərən şagirdlər üçün komanda işi tələb edən yarışmalar təşkil olunacaq.