Sosial şəbəkələrdə Masallı rayonunda VIII sinif şagirdinin digər məktəbin şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb.
Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Lənkəran Astara Regional Təhsil İdarəsi məlumat verib.
Bildirilib ki, bu gün günorta saat 13:20 radələrində Masallı rayonu Boradigah qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi eyni qəsəbənin 1 nömrəli tam orta ümumtəhsil məktəbində oxuyan IX sinif şagirdinə xəsarət yetirib.
Məlumatda qeyd edilib ki, hadisə dərs vaxtından sonra məktəbdən kənarda baş verib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Masallı rayonu üzrə təhsil sektorunun rəhbərliyi və əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib.