“Korrupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu” mövzusunda tədbir keçirilib

15:28 - 13 Avqust 2025 - Cəmiyyət

"Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Korrupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu” mövzusunda növbəti tədbiri Xaçmaz şəhərində keçirilmişdir.

Ucnoqta.az xəbər verir ki, Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində sahibkarların, məmurların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri açan "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri, BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov 2025-ci ilin hörmətli prezidentimiz İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilməsinin siyasi, tarixi, hüquqi, mənəvi dəyərləri haqda məlumat vermiş, İkinci Qarabağ müharibəsindəki qələbədən sonra ölkəmizdə yeni strateji mərhələnin başlandığını, iqtisadi, siyasi, mədəni və qanunvericilik sahəsində islahatların başlandığını qeyd etmişdir.

Ölkəmizin daha da qüdrətlənməsi, əhalinin rifahının yüksəldilməsi, bazar iqtisadi münasibətlərinin uğurla formalaşması üçün 2024-cü ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin rolundan, onun ədalətli rəqabət mühitinin yaranmasına verdiyi imkanlardan, insan hüquqları və sahibkarlığın inkişafındakı yerindən danışan B.Əsgərov qanunların düzgün, birmənalı və uğurla tətbiq edilməsi üçün ictimai nəzarətin, əhalinin, xüsusilə sahibkarların hüquqi maariflənməsinin əhəmiyyətini vurğulamışdır. 

Xaçmaz rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Akif Mövlanov rayonda və ölkədə sahibkarlığın inkişafına yaradılan şərait haqqında məlumat vermiş, QHT-lərin qanunların izahı və əhalinin maarifləndirilməsində oynadığı əhəmiyyətli rolu diqqətə çatdırmış, gördükləri faydalı işə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinə təşəkkürünü bildirmişdir.

"Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin “Koorupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu” layihəsi üzrə həyata keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edən Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) Quba “KOB Dostu” Asif Cəfərov təmsil etdiyi qurumun fəaliyyəti, sahibkarlarla aparılan iş, onlara göstərilən kömək haqda məlumat verdi. O, "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi ilə KOBİA-nın əməkdaşlığına, korrupsiyaya qarşı mübarizə məsələlərinin aktuallığına və "Hüquqi Tədqiqatlar Mərkəzi" İB-nin aktual məsələlərlə bağlı həyata keçirdiyi maarifləndirmə fəaliyyətinin əhəmiyyətinə xüsusi diqqət yetirdi. 

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının nümayəndəsi Jalə Əmirbəyova iqtisadi inkişaf və ümumi rifah üçün rəqabətin vacibliyini, beynəlxalq təcrübəni, sahibkarların üzləşdikləri çətinlikləri, kiçik sahibkarlıq subyektlərinin öz hüquq və vəzifələrini bilmədikləri üçün korrupsiya hallarına yol verdiklərini qeyd etdi. Jalə xanım bildirdi ki, sahibkarların hüquqi savadlanmasının, insanların korrupsiyaya qarşı mübarizə mexanizmlərini bilməsinin vacibliyini, bu sahədəki qanunların mahiyyətinin izah edilməsi işində QHT-lərin fəaliyyətini, o cümlədən həyata keççirilən layihənin əhəmiyyətini xüsusi vurğuladı. O, belə tədbirlərin hər bir rayonda, ayrı-ayrı sahibkar qrupları arasında aparılmasını məqsədəuyğun hesab etdi.

Layihənin eksperti, hüquqşünas Aydın Kərimov “Korrupsiya imtiyazların və güzəştlərin qanunsuz mənimsənilməsi, ədalətli rəqabətin qarşısının alınması mexanizmi kimi” mövzusunda çıxış etdi, iqtisadi sahədə korrupsiya hallarının azaldılması üçün Rəqabət Məcəlləsinin verdiyi imkanları izah etdi. Bildirdi ki, dövlətin həyata keçirdiyi antikorrupsiya, antiinhisar tədbirlərinə ictimai dəstək gücləndirilməli, ictimai nəzarət mexanizmləri təkmilləşdirilməlidir.

"Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədr müavini Tofiq Həsənov Rəqabət Məcəlləsinin tələblərinin pozulmasına, inhisarçılığa, haqsız rəqabətə, korrupsiya hallarına yol verən şəxslərə qarşı tətbiq edilən cinayət qanunvericiliyinin müddəalarını şərh etdi, belə əməllərin ağır cinayət olduğunu bildirdi. 

Rayon ziyalıları adından çıxış edən psixoloq Ülkər Lətifova keçiriən tədbirin təkcə sahibkarlar və məmurtlar üçün deyil, pedaqoqlar üçün də çox əhəmiyyətli və məzmunlu olduğunu qeyd etdi. "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin korrupsiyaya qarşı mübarizə mövzusunda pedaqoqlar və həkimlər üçün də maarifləndirici tədbirlər təşkil etməsini xahiş etdi.

İnteraktiv formada aparılan tədbirdə çoxsaylı suallar cavablandırıldı, iştirakçılara normativ materiallar paylandı.

Sonda xatirə şəkili çəkdirildi.


Xəbər xətti