Şair Kəramət küçədə niyə vəfat edib? - Dostundan AÇIQLAMA

11:06 - 14 Avqust 2025 - Cəmiyyət

Dünən şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb.

Onun vəfat səbəbi məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Ucnoqta.az xəbər verir ki, Modern.az mərhum şairin dostu şair Qəşəm Nəcəfzadə ilə əlaqə saxlayıb.

Qəşəm Nəcəfzadə Kəramət Şükürovun vəfat səbəbini hələlik bilmədiyini qeyd edib:

"Kəramət Şükürov mənim ən yaxın dostum olub. O, məndən iki kurs yuxarı oxuyurdu. Biz tələbə olduğumuz müddətdə eyni otaqda yaşamışıq – Əjdər Cəbiyev, Elman Ələsgərov, Kəramət və mən.

Kəramət çox sağlam, qüssəli, eyni zamanda güclü və xeyirxah bir insan idi. O, həm də çox istedadlı bir şair idi. Mən deyərdim ki, Azərbaycanda onun ədəbi zövqünə yaxınlaşan şair çox az idi. Hətta şairlərin bir çoxu onun zövqündən ehtiyat edirdi.

Oğlum Kəramət Böyükçölə onun adını vermişəm. Tələbə vaxtı anam dedi ki, oğluna Kəramətin adını ver. Anam Kəramət adını çox sevirdi. Mən də onun arzusunu yerinə yetirdim. Sonra anam mənə dedi: "Amma bunu Kəramətə demə, çünki kiminsə adını kiməsə qoymaq el arasında bəzən söz-söhbətə, incikliklərə səbəb ola bilər". Uzun müddət mən bunu Kəramətdən gizlətdim.

Bir müddət sonra o özü mənə dedi: “Kəramət necədir? Mən çox sevindim ki, sən öz oğluna mənim adımı vermisən.” Bu onun üçün xoş bir hiss olmuşdu.

Kəramət yüksək istedada malik idi. Onun yanında insan özünü çox rahat hiss edirdi. Mən deyərdim ki, onda Əli Kərim xisləti, Əli Kərim təbəssümü və istedadı vardı. Əli Kərimi çox sevirdi".

Q.Nəcəfzadə əlavə edib ki, Kəramətin həyat yoldaşı Könül xanım da yazıçıdır.

"Kəramətlə görüşməkdə çətinliklərimiz olurdu. Bununla bağlı onun bir şeiri də vardı: “Sənə zəng edərdim, telefonum yox, danışaq…” Məndə onun 5-6 müxtəlif nömrəsi vardı. Ondan soruşanda “Sənin nömrən hansıdır?” - o, həmişə yanındakından soruşardı: “Mənim nömrəm neçədir?” - Bu da əslində adamın ovqatına xoş bir təbəssüm qatırdı.

Q.Nəcəfzadənin sözlərinə görə, Kəramət Şükürovun ailəsi Türkiyədə yaşayırdı, özü isə Bakıda qalırdı.

Xəbər xətti