Dövlət Sosial Müdafiə Fondu (DSMF) qurumun sədri Zəka Mirzəyev ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Ucnoqta.az-ın məlumatına görə, qurumun mətbuat katibi Rəşad Mehtili bildirib ki, sədrin guya yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbər yalandır.
O qeyd edib ki, DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır.
"Belə ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır. Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qaynatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.
Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz. Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər".
15:07
Dövlət Sosial Müdafiə Fondunda bir sıra rəhbər vəzifələrə təyinatlar olub.
Ucnoqta.az tribunainfo.az-a istinadən xəbər verir ki, fondun rəhbəri Zəka Mirzəyev xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib.
Z.Mirzəyevin bir neçə gün əvvəl özünə müavin təyin etdiyi Şahin Əliyevin isə onun bacısının həyat yoldaşı olması məlum olub.
Bildirilib ki, təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, buna cavab verilməyib.
Məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.
Qeyd edək ki, Zəka Mirzəyev bu ilin aprelində DSMF sədri təyin edilib.